31 oktyabr 2023 00:11
365

Onlarla bizim fərqimiz...

Ermənilər tarixən özlərini dünyaya məzlum xalq kimi təqdim etməyə çalışsalar da, faktlar və sübutlar bu yalanı hər zaman ifşa edib. Bu gün Qarabağdan köçən ermənilər üzərindən əsassız “etnik təmizləmə” təbliğatı qurmaq Ermənistanın bütün cəhdləri fiaskoya uğrayır. Daha doğrusu, onların öz mahiyyətləri bu məsələdə əsl ifşaedici fakta çevrilir. Son dövrlərdə Qarabağdan köçən ermənilərlə bağlı Ermənistanın vətəndaş cəmiyyəti institutlarının yaydıqları məlumatlar, sosial şəbəkələrdə yer alan hadisələr birmənalı qarşılana bilməz. Qarabağdan gələn uşaqların məktəblərə buraxılmaması, həmin insanların yerli ermənilər tərəfindən təhqir olunması və təzyiqə məruz qoyulması kimi faktlar sosial şəbəkələri bəzəyir. Hətta Ermənistanın internet televiziyalarının apardıqları sorğularda İrəvan sakini olan ermənilər Qarabağdan gələn ermənilərin paytaxta buraxılmasını yolverilməz hesab edirlər, onların ucqar əyalətlərə yerləşdirilməsinin vacibliyini söyləyirlər. Bəziləri isə açıq mətnlə Qarabağdan gələn erməniləri “öz ölkələrində” görmək istəmədiklərini dilə gətirirlər. Lakin insan hüquq və azadlıqlarının qorunmasına məsul beynəlxalq strukturlar Ermənistanın illərlə apardığı “etnik təmizləmə” siyasətinin ifşasından qorxaraq bu kimi faktları ictimailəşdirmirlər.

Halbuki, Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətinin davam etdiyi 30 il ərzində paytaxt Bakıda və regionlarımızda on minlərlə etnik ermənilər yaşayırdı. Həm Qarabağda aparılan lokal antiterror tədbirlərindən əvvəl, həm də sonra bölgənin erməni sakinlərinə müraciətlər edildi, onlar reinteqrasiya proqramı ilə tanış edildilər. Çünki qarşıda dayanan əsas məsələlərdən biri  Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına nail olunmasıdır. Bu istiqamətdə atılan hər bir addım mütləq nəticəyə hesablanır. Rəsmi Bakının məqsədi 30 ildir bu bölgənin qondarma rejim tərəfindən talan edilməsinə son qoymaq, orada yaşayan insanlara azadlıq, haqq-ədalət, barış və rifah gətirməkdir. Ölkəmizi olmazın məsələlərdə ittiham edən yaxın-uzaq xaricdəki bəzi dairələrin söylədiklərinin əksinə olaraq, hər bir Azərbaycan vətəndaşı kimi, Qarabağda yaşayan ermənilərin də həyatı dövlətimiz üçün çox qiymətlidir. Məhz buna görə də Qarabağ ölkəmizin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə bağlı bölgədə yaşayan mülki erməni sakinlərə müraciətdə tədbirlər həyata keçirilən zaman hərbi hissələrdən, obyektlərdən, hərbi texnikadan, qanunsuz rejimin fəaliyyət göstərdiyi bütün inzibati binalardan uzaq durmaq çağırışı edilmişdi.

Bəli, bu, həqiqətən də belədir. İkinci Qarabağ müharibəsi zamanı Gəncəni, Bərdəni, Tərtəri uzaqmənzilli raketlərlə atəşə tutan Ermənistanın hərbi-siyasi rəhbərliyindən fərqli olaraq, Azərbaycan müharibəni və lokal antiterror tədbirlərini ləyaqətlə apardı. Beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərinə əməl olundu. Nəticədə Qarabağda mülki şəxslər arasında ölüm-itim halları minimum oldu. Azərbaycan bu məsələdə də bütün dünyaya nümunə göstərdi.

Azərbaycan dövləti hər zaman özünün tolerant siyasəti ilə seçilib. Hətta ikinci Qarabağ müharibəsindən torpaqlarımızın işğaldan azad edilməsi zamanı bəlli oldu ki, Azərbaycanın bir çox dini-tarixi abidəsi ermənilər tərəfindən dağıdılıb. Bunun qarşılığında Azərbaycan ərazilərimizdəki qeyri-islam abidələrini nəinki dağıtmadı, hətta onların rekonstruksiyası işlərinə start verdi. Məsələn, Şuşada yerləşən Qazançı kilsəsi bərpa olundu. Bu, ölkəmizin xoş niyyətini, qisasçılıq arzusunda olmadığını göstərir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı zamanı deyib ki, etnik zəmində nifrət siyasətinin həyata keçirilməsi, nifrət nitqinin mövcudluğu ümumbəşər dəyərlərlə ziddiyyət təşkil etməkdədir. Bu cür mənfi hallar millətlər, dövlətlər arasında münaqişələrin baş verməsinə gətirib çıxarır, cəmiyyətdə hüquq bərabərliyinin təmini məsələsinə maneə yaradır.

Ombudsman bildirib ki, uzun illərdir, Azərbaycan da bu siyasətin acı nəticələrindən əziyyət çəkir: “Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları, bu ölkənin siyasi rəhbərliyinin bölgədəki digər millətlərə qarşı formalaşdırdığı nifrət ideologiyası etnik təmizləmə və işğalçılıq siyasəti ilə müşayiət edilib. Ermənistan tərəfin torpaqlarımızın uzun illər işğal altında saxlanılması və bir milyondan çox insanın öz yurd-yuvalarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilməsi azərbaycanlılara qarşı aparılan nifrət siyasətinin bariz göstəricisidir”.

Qeyd edək ki, bu günlərdə Qərbi Azərbaycan İcması Ermənistan hökumətini etnik müxtəlifliyə əsaslanan birgəyaşayış prinsiplərinə hörmət etməyə çağıran bəyanat hazırlayıb. Bəyanatda bildirilir ki, Ermənistan azərbaycanlıları etnik təmizləməyə məruz qoyması, Azərbaycana qarşı münaqişə başlatması və regionda özünütəcrid siyasəti nəticəsində ciddi demoqrafik böhranla üzləşib.

Bu günlərdə Ermənistan Cenevrədə demoqrafiya mövzusunda keçirilmiş regional konfransda özünün 2023-2040-cı illər üzrə demoqrafiya strategiyasını təqdim edib.

Strategiya Ermənistan hökumətinin etnik ayrı-seçkiliyə əsaslanan irqçi siyasətini bir daha sübut edir. Belə ki, strategiyada Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı məsələsi yer almır. Sənəddə repatriasiya bir hüquq və dövlətin təşviq etməli olduğu məqsəd kimi ancaq etnik ermənilərə aid edilir. Ciddi demoqrafik böhranla üzləşmiş bir ölkənin oranın qanuni sakinləri olan əhali qrupunun öz evlərinə qayıdışına etnik mənsubiyyət səbəbindən imkan verməməsi onun irqçi siyasətinin göstəricisidir.

Qərbi Azərbaycan İcması bəyanatında vurğulayır ki, Ermənistanın demoqrafik problemlərinin həlli regionda sülhün bərqərar edilməsindən və bu ölkədən qovulmuş azərbaycanlıların qayıdış hüquqlarının təmin edilməsindən keçir.

İcma Ermənistan hökumətini sülhü seçməyə, monoetniklik siyasətindən əl çəkməyə, etnik müxtəlifliyə əsaslanan birgəyaşayış prinsiplərinə hörmət etməyə və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə qayıdışını təmin etməyə çağırır.

Nigar Orucova, “İki sahil”