31 oktyabr 2023 00:58
358

İnkişaf strategiyasının başlıca məqsədləri: Davamlı və yüksək iqtisadi artım, dayanıqlı sosial rifah

Dövlət başçısı İlham Əliyevin bütün təşəbbüsləri vətəndaş məmnunluğunun artırılmasına yönəlir

Tarixi sahibinə qovuşmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ölkəmizin malik olduğu iqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Son üç ildə bu ərazilərdə sıfırdan başlanan işlər ölkəmizin daxili imkanları heçabına həyata keçirilir. Diqqət çəkən əsas məqam soydaşlarımızın gələcəkdə yüksək rifah şəraitində yaşayışını təmin etmək üçün zəruri olan bütün şəraitin yaradılmasıdır. Dövlət başçısı İlham Əliyevin bu torpaqlara səfərlərinin hər biri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. 

Azərbaycan hər gün özünün sosial dövlət imicinə yeni əlavələr edir. İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması vətəndaş məmnunluğunun artırılmasında mühüm rol oynayır. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, vətəndaş amili dövlət siyasətinin əsasında dayanır.

Ölkəmizdə həyata keçirilən inkişaf strategiyasının başlıca məqsədləri davamlı və yüksək iqtisadi artıma, sosial rifaha nail olmaqdır. Bunun üçün iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi, qeyri-neft sektorunun yüksək inkişaf tempinin təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, vətəndaşların gündəlik rahat həyatı üçün lazım olan bütün infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmət göstərilməsi kimi başlıca fəaliyyət istiqamətləri reallaşdırılır, genişmiqyaslı işlər görülür. “Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik» söyləyən Prezident İlham Əliyevin bu istiqamətdə Fərman və sərəncamları davamlılığı ilə diqqət çəkir.

Bunun üçün təkcə 2019-cu ildən bu günədək sosial-iqtisadi göstəricilərə, təsdiqlənən sosial paketlərdə əksini tapan Fərman və sərəncamlara diqqət yetirmək kifayətdir. Hələ 2019-cu ildə Azərbaycanda 4,2 milyon insanı əhatə edən inqilabi sosial islahatlar reallaşdırıldı. Həmin ilin sonlarından etibarən dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə günümüzün əsas çağırışı oldu. Pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi dövrün reallıqlarına nəzər salaq. Sosial təminatla bağlı çox ciddi, operativ və məqsədə hesablanmış addımlar atıldı. Pandemiyanın alovlanan dövründə bir dənə də olsun sosial proqramın ixtisar edilməyəcəyi bildiriləndə növbəti mərhələlərdə atılacaq addımları təsəvvür etmək çətin deyildi. Eyni zamanda, sosial infrastruktur layihələrinin heç biri ixtisar olunmadı. Ona görə bu sahəyə göstərilən diqqət və əməli-praktiki addımlar bir daha dövlətimizin sosial siyasətinin mahiyyətini göstərdi. Bir daha təsdiq olundu ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bugünkü reallıqlar onu da deməyə əsas verir ki, cənab İlham Əliyevin 2003-cü ildən «İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır» tələbinə uyğun olaraq bu istiqamətdə atılan addımlar Azərbaycanın hər bir iqtisadi və maliyyə böhranından az itki ilə çıxmasına geniş imkanlar açır. Pandemiyanın tüğyan etdiyi vaxtlarda dünya ölkələrinin iqtisadiyyatında durğunluq geniş vüsət aldığı halda Azərbaycanda dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında 20 fəaliyyət sahəsini, 4 sektoru və 10 yardım proqramını özündə əks etdirən Tədbirlər Planının həyata keçirilməsinə başlandı. Azərbaycan ən böyük iqtisadi dəstək proqramını icra etməklə pandemiyanın iqtisadiyyata mənfi təsirini minimuma endirdi, makroiqtisadi sabitliyi qorudu, vətəndaşların sosial müdafiəsini təmin edən paketi təsdiqlədi. Yardım proqramları ölkəmizin iqtisadi və sosial gücünün təqdimatı kimi də dəyərləndirildi. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafına xüsusi diqqət göstərməklə həm iqtisadi, həm də maliyyə imkanlarının genişləndirilməsini stimullaşdırır. Eyni zamanda, neft gəlirlərinin idarə olunmasına şəffaflıq prinsipinin yüksək səviyyədə qorunması ölkəmizin hərtərəfli inkişafına geniş imkanlar yaradan sosial-iqtisadi layihələrin icrasını sürətləndirir.

Pandemiyanın ağır dövrlərində sosial baxımdan həssas qrupa aid ailələrin üzvü olan tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi və sair kimi məsələlər bir daha bu reallığı ortaya qoydu ki, vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. Ən əsası «Güclü dövlət, yüksək rifah!» prinsipi vəziyyətin necəliyindən asılı olmayaraq öz aktuallığını qoruyur. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bu layihələrin davamlı olacağını bildirir.

2020-ci ildə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi itiqamətində mühüm addımlar atıldı. 2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsinin yaşanması, tarixi Zəfərimizdən sonrakı iki ilin işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması ilə xarakterizə olunmasına baxmayaraq yenə də sosial proqramların uğurlu icrası ölkə ictimaiyyətində böyük rəğbət hissi ilə qarşılandı. Bu baxımdan ki, baxmayaraq 30 ilin işğalına son qoyularaq bu torpaqlarda həyat yenidən başlayıb, bütün işlər Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirilir yenə də dövlət başçısı İlham Əliyev insanların rifah halının yaxşılaşdırılmasını diqqətdən kənarda saxlamır. Dövlət başçısının 2021-ci il 16 oktyabr tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı sosial islahatların uğurla davam etdirilməsinə imkan yaratdı. Yeni Fərman və sərəncamlar ölkəmizdə sosial ödənişlərin artırılması sahəsində islahatların növbəti mərhələsinə keçidi təmin etdi. Bu artımlar 2,1 milyondan çox şəxsi əhatə edərək onların rifahına ciddi dəstək oldu. Dövlət başçısı İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Sərəncamını da nəzərə alsaq son 4 ildə minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Ümumilikdə əməkhaqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin müntəzəm olaraq artırılması ölkəmizin dayanıqlı iqtisadi gücünü və sürətli inkişafını göstərir. Dövlət başçısı İlham Əliyevin son Sərəncamına əsasən, minimum aylıq əməkhaqqı 2023-cü ilin yanvarın 1-dən 15 faiz artırılaraq 345 manata yüksəldi. Həmçinin minimum pensiya 280 manata çatdırıldı. Müavinət və təqaüdlər, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğləri artırıldı. Bu da əhalinin güzəranının daha da yaxşılaşmasına gətirib çıxardı.

Ümumilikdə sosial müdafiə sisteminin bütün istiqamətləri üzrə inkişaf dinamikası mövcuddur. Bütün bunlar ölkəmizdə güclü sosial siyasəti, sosial inkişafın da davamlı xarakter aldığını göstərir. Prezident İlham Əliyevin sosial sahəyə böyük qayğısı ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına geniş imkanlar yaradır.

Sosial xidmət sahəsində təkmilləşmə də uğurlu sosial siyasətin əsas tərkib hissəsidir. DOST mərkəzlərinin coğrafiyası genişlənməkdədir. 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Cənab İlham Əliyev çıxışlarında bu məqamı xüsusi vurğulayır ki, bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək. Dövlət başçısı bu məqamı daim böyük məmnunluq hissi ilə qeyd edir ki, DOST mərkəzlərində işləyənlərin demək olar hamısı gənclərdir və gənclər üçün yaradılan şərait gələcəyə qoyulan sərmayədir. Çünki gənclər gələcəkdə ölkəmizi idarə edəcək, həyata keçirilən siyasətə öz töhfələrini verəcəklər. Gənclər bilikli, savadlı, vətənpərvər və qayğıkeş olmalıdırlar.

Reallıq budur ki, Azərbaycanda həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır. Əvvəldə də qeyd etdiyimiz kimi, elan edilmiş və icra olunan ciddi iqtisadi və sosial islahatlar əlavə maliyyə resurslarını məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəltməyə imkan verir. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bu çağırışı da edir ki, ən ucqar kəndlər də iqtisadi inkişafı öz həyat tərzində hiss etməlidir. Yalnız bütün əhalimiz özünün daha yaxşı yaşadığını hiss etdiyi bir vaxtda hökumətimiz vəzifəsini yerinə yetirmiş hesab edə bilər. Budur, bizim məqsədimiz - vətəndaşlara eyni şərait yaratmaq. Regionların, həmçinin Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası dövlət başçısı İlham Əliyevin rayonlara səfərləri çərçivəsində açılışı və təməlqoyma mərasimləri keçirilən sosial obyektlərin say tərkibindən də daha aydın görünür. Ölkə Prezidenti bildirir: “Regionların inkişafı daim diqqət mərkəzində olmuşdur... Mən hər il bölgələrə səfərlər edirəm. Bu, əlbəttə ki, həm mənim üçün çox əhəmiyyətlidir, çünki mən yerlərdə vəziyyətlə tanış oluram və müvafiq göstərişlər verirəm. Bilirəm ki, bu, bölgələrdə yaşayan vətəndaşlar üçün də çox önəmlidir. Əlbəttə ki, bu, nizam-intizamın möhkəmləndirilməsi üçün də çox önəmlidir.» Bu gün böyük əminliklə və qürurla qeyd edirik ki, nəinki işğaldan azad edilmiş ərazilərimizin, bütün bölgələrimizin həyatında yeni mərhələ başlayıb. Dövlət başçısı İlham Əliyev mütəmadi olaraq bödgələrə səfərlər edir. Hər bir səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasiminin keçirilməsi ilə tarixə yazılır ki, bu da öz növbəsində həmin bölgənin sosial-iqtisadi inkişafının daha da yaxşılaşdırılması, əhalinin rifah halının yüksəlməsi deməkdir.

Azərbaycanın hər sahədə təcrübəsi nümunədir. Ölkəmizin yeni sosial və iqtisadi çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunmasında bu sahədə təkmil siyasəti, qazandığı uğurlar əhəmiyyətli rol oynayır. Ölkəmizin qarşısında daha geniş imkanlar yaranır. Belə ki, işğaldan azad edilmiş ərazilərimizin malik olduğu iqtisadi imkanlar gələcəkdə ölkəmizin dayanıqlı inkişafında öz sözünü deyəcək. Nəzərə alsaq ki, son illər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı prioritetdir, bu halda işğaldan azad edilmiş torpaqlarımızın mövcud imkanlarından səmərəli istifadə əhalinin sosial müdafiəsinin gücləndirilməsində mühüm rol oynayacaq. Bu torpaqlar, eyni zamanda, böyük turizm imkanlarına malikdirlər. Qarabağ və Şərqi Zəngəzur böyük turizm məkanına çevriləcək. Bir sözlə, dayanıqlı inkişafın təmin olunması üçün yeni imkanlar yaranır. İqtisadi inkişaf sözsüz ki, güclü sosial siyasətin həyata keçirilməsini təmin edəcək.

İqtisadiyyatın aynası büdcədir. Dövlət başçısı İlham Əliyev hər zaman çağırışlarında bu mühüm məqamı qeyd edir ki, qarşıdakı ilin dövlət büdcəsi ötən ildəkindən kəmiyyət və keyfiyyət baxımından daha zəngin olmalıdır. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri 30 720 700,0 min manat, xərcləri 33 300 000,0 min manat məbləğində təsdiq edilmişdir. Müstəqilliyimizin bərpasının ən iri həcmli büdcəsi kimi dəyərləndirilən 2023-cü ilin büdcəsinə cari ilin iyun ayında yenidən baxılaraq əlavələr edildi. Beləliklə, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 773 978,0 min manatda 33 779 500,0 min manata, xərcləri 33 353 278,0 min manatdan 36 568 800,0 min manata qaldırıldı. Əlavələrin bir qismi işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinə, bir qismi isə müdafiə qüdrətimizin gücləndirilməsinə yönəldilib. Artıq qarşıdakı ilin dövlət büdcəsində yer alacaq əsas məqamlar müzakirə olunmaqdadır. Belə ki, «İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası» tədbiri xərclərinə 2024-cü ildə 3825,0 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da 2023-cü ilin təsdiq edilmiş göstəricisindən 975,0 mln. manat və ya 20,3 faiz azdır. Həmin vəsaitin 3316,3 mln. manatı infrastruktur təyinatlı layihələrin tikintisinə, yenidən qurulmasına yönəldiləcək.

Aparılmış təhlillər, eləcə də əvvəlki və cari ilin büdcə icrası prosesində müvafiq istiqamətdə xərclərə dəyişikliklərin edilməsi təcrübəsi və büdcə-vergi siyasətinin istiqamətləri ilə bağlı məlumatlar növbəti ildə də müvafiq məsələnin aktual olacağı qənaətinə gəlməyə imkan verir.

Qeyd edək ki, 2024-cü il üzrə “İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası” tədbiri xərclərinin təhlili bu xərc üzrə artım istiqamətində düzəlişlərin və ya icra prosesində digər xərc istiqamətlərindən qənaətin yönəldilməsi ehtimalının yüksək olduğunu deməyə imkan verir. Bu statistik rəqəmi də qürurla qeyd edirik ki, Böyük Qayıdış Proqramı çərçivəsində indiyədək 3188 nəfər doğma yurd- yuvalarına köçürülüb.

2024-cü il üçün nəzərdə tutulan proqnozalara diqqət yetirək. Azərbaycanda ünvanlı sosial yardımın məbləği 10 faiz artırılaraq 270 manat olacaq. Bu, 2023-cü illə müqayisədə 24 manat və yaxud 9,8 faiz çoxdur. Əmək pensiyalarının orta aylıq məbləği gələn il 483 manat olacaq. Gələn il Azərbaycanda orta aylıq əməkhaqqının göstəricisini 980 manata çatdırmaq nəzərdə tutulur. Bu mühüm məqam da xüsusi vurğulanır ki, Azərbaycanda bütün vətəndaşlar üçün əhatəli sosial müdafiə sistemi qurulacaq. Belə ki, təqaüdçülər üçün effektiv yığım, aztəminatlı əhali qrupu üçün zəruri ehtiyacların ödənilməsi və əlillər üçün sosial yardımların əlçatanlığı artırılacaq. Pensiya sisteminin dayanıqlığı gücləndiriləcək, sosial sığortanın tətbiqi genişləndiriləcək. Hamı üçün bərabər iştirak imkanı yaradan sosial təminat və xidmətlər sistemi inkişaf etdiriləcək.

Göründüyü kimi, hazırkı dövrdə əsas hədəf işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması olsa da, dövlət başçısı İlham Əliyev bütün sahələrin inkişafını, ən əsası vətəndaş məmnunluğunun artırılmasnı prioritet məsələ kimi öndə saxlayır. İnsanların yüksək rifah şəraitində yaşayışı ölkəmizin iqtisadi imkanlarının təqdimatıdır.

Yeganə Əliyeva, «İki sahil»