30 oktyabr 2023 10:36
370

Yaşıl enerji Azərbaycanın yeni inkişaf strategiyasında çox mühüm yer tutur

Azərbaycanda bərpa olunan enerji mövzusu getdikcə aktuallaşır. Təbii resurslarla zəngin olan ölkəmiz qlobal iqlim dəyişikliklərini önləmək, habelə insanların sağlam həyat şəraitini təmin etmək üçün yaşıl enerjiyə keçid strategiyasını ortaya qoyub. Azərbaycan dünyada neft, mavi yanacaq, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısı kimi tanınır. Son 30 il ərzində Azərbaycana qoyulan ümumi investisiyaların həcmi 300 milyard ABŞ dollarından çox olub və bunun da təqribən 100 milyarddan çoxu məhz neft-qaz sektorunun payına düşür. Azərbaycanın təşəbbüsü ilə regional əhəmiyyətə malik olan çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib. Avropanın enerji təminatında vacib rol oynayan ölkəmiz ənənəvi enerji resursları ilə yanaşı bərpa olunan enerji istehsalı sahəsində də öz sözünü diktə etmək iqtidarındadır. Qlobal iqtisadi sistemin bir parçası olan Azərbaycan yaşıl enerjiyə keçidlə bağlı beynəlxalq təşkilatlar qarşısında üzərinə müəyyən öhdəliklər götürüb. Söhbət karbon emissiyası üzrə ölkəmizin üzərinə götürdüyü öhdəliklərdən gedir. Öhdəliyə əsasən Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 %-dək azaltmalı və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonası yaratmalıdır. Göründüyü kimi, artıq bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir.

Məsələn, 230 MVT gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olduqca ciddi əhəmiyyət kəsb edir. Günəş Elektrik Stansiyasının açılışında çıxış edən Prezident İlham Əliyev bu elektrik stansiyasının regionumuzda ən böyük günəş elektrik stansiyası olduğunu qeyd edərək Birləşmiş Ərəb Əmirlikləri ilə birgə həyata keçirilmiş layihənin üstünlüklərinə toxunub. Gələcəkdə 1 qiqavat həcmində bərpa olunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanmasını Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsi kimi qiymətləndirib. Ölkə başçısı bildirib ki, birgə əməkdaşlıq təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcəkdir.

Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdirilir. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyaları istismara verilib və bu ilin sonuna kimi bu, onların ümumi gücü 270 meqavata çatdırılacaq. İki-üç ildən sonra hidroelektrik stansiyalarının gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə yeni və mühüm bir töhfə olacaqdır. Yaşıl enerji istehsalı layihələrində Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan mühüm rol oynayır. Bu ərazilər yaşıl enerji zonası elan olunub və yaxın illərdə bərpa olunan enerji resurslarının istehsalı üçün sərmayələrin əhəmiyyətli hissəsi də məhz bu regionlara qoyulacaq.

Bu uğurlar vaxtilə əsası Heydər Əliyev tərəfindən qoyulmuş milli enerji siyasətinin İlham Əliyev tərəfindən yaradıcılıqla və uğurla davam etdirilməsinin nəticəsidir.

Şərti olaraq IV Sənaye inqilabı adlandırılan yeni dövrün əsas əlamətlərindən biri də yaşıl enerjidir. Hansı ölkə bərpa olunan enerji sisteminə daha tez transformasiya olunsa, o yeni tarixi sınaqdan üzü ağ, qalib kimi çıxacaqdır. Artıq daş kömür, neft-qaz öz yerini bərpa olunan enerjiyə verir. Son dövrlərdə qaz və elektrik enerjisi ilə çalışan makinaların sayının artması bunu deməyə imkan verir. Dünyanın yeni enerji mənbələrinə ciddi ehtiyacı vardır. Bunlardan biri də hidrogen enerjisidir. Prezident məlum çıxışında məhz bu həqiqətə toxunaraq qeyd etdi: “Əlbəttə ki, növbəti illərdə biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcəyik. Bu məqsədlə biz bu potensialı yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə çox yaxından işləyirik”.

Prezident öz çıxışında ölkəmizdə yeni sənaye inqilabının enerjisini hazırlayan bölgələrin də xəritəsini cızaraq bildirdi ki, bizim bərpaolunan enerji gündəliyimiz təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk.

Göründüyü kimi, Azərbaycan alternativ enerji mənbələrinə çıxış yollarını hər gün, hər ay genişləndirir və bu istiqamətdə tədqiqat işləri aparır, yeni layihələr həyata keçirir. Ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi, enerji mənbələrinin şaxaləndirilməsi istiqamətində həyata keçirilən layihələr onu deməyə imkan verir ki, Azərbaycan yaxın illərdə də regionun lider dövləti olaraq qalacaq. Eenerji resursları ilə zəngin olan ölkəmiz yeni mərhələyə ciddi şəkildə hazırlaşır. Gələcəyimizin bu gün etibarlı dayaqlar üzərində qurulması sayəsində Azərbaycan özünün həm iqtisadi bünövrəsini möhkəmləndirir, həm də yeni bazarlar üçün keyfiyyətli məhsullar, xidmətlər hazırlayır.

Mətanət Səfərli,

YAP Nəsimi rayon təşkilatının əməkdaşı