27 oktyabr 2023 22:33
421

Paşinyanın utopik layihəsi

Adi yol çəkməyə vəsait tapa bilməyən ölkənin baş nazirinin yüz kilometrlərlə yollardan, dəmiryolundan bəhs etməsi qeyri-ciddidir

İkinci Qarabağ müharibəsindən sonra Şuşada Türkiyə ilə Azərbaycan arasında imzalanan Müttəfiqlik Bəyannaməsinin əsas hədəflərindən olan Zəngəzur dəhlizinin və Naxçıvan–Qars dəmir yolunun çəkilişi nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşdirilməsi baxımından təkcə iki ölkənin deyil, region ölkələrinin maraqlarına uyğundur. Bölgədə sabitliyin təminatında maraqlı olan Prezident İlham Əliyevin müəllifi olduğu və region dövlətləri arasında əlaqələri və inteq­rasiyanı nəzərdə tutan «3+3» formatı Cənubi Qafqaz ölkələri arasında yeni əməkdaşlıq platforması kimi diqqəti cəlb edir. Türkiyənin, Rusiyanın, İranın, Azərbaycanın, Gürcüstanın və Ermənistanın daxil olduğu formatın yaranmasının başlıca amili Türkiyə ilə Azərbaycanın həmrəyliyidir. İlk gündən bu təşəbbüsü dəstəkləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “3+3” formatını regionda sülh və sabitliyə ciddi töhfə verəcək siyasi, iqtisadi yenilik adlandırmışdır.

Türkiyə Prezi­denti Rəcəb Tayyib Ərdoğanın cari ilin sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasına səfəri zamanı söylədiyi «Ermənistanın ona uza­dılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz. Biz bu borcu yerinə yetirməkdə qətiyyət­li və səmimiyik. Arzumuz qarşı tərəfin də eyni səmimiyyəti göstərməsidir” sözləri də təsdiqləyir ki, 3+3 formatı təkcə siyasi sabitlik və təhlükəsizlik baxımından əhəmiyyətli deyil, həm də region dövlətləri üçün açılan iqtisadi inkişaf yoludur. Hesablamalara görə, 3+3 formatına daxil olan ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın beşinci ən böyük iqtisadiyyatı deməkdir. Bu format 331 milyon nəfər əhalisi ilə dün­yada üçüncü, ərazisinə görə isə birincidir. Regional ticarətin, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə tərəfdaş ölkələr arasında ticari, yol-nəqliyyat imkanlarını genişləndirəcək Zəngəzur dəhlizinin bərpasından sonra Cənubi Qafqaz ölkələri daha böyük imkanlara, bazara malik olacaqlar. Bu model geosiyasi, diplomatik və təhlükəsizlik baxımından dünya birliyinin iqtisadi inkişafına da önəmli töhfələr verəcək. Cənubi Qafqaz dövləti olan Gürcüstanı çıxmaq şərti ilə hələlik «beşlik»dən ibarət olan bu «altılıq»ın iştirak etdiyi regional platformanın birgə əməkdaşlığa və iqtisadi tərəqqiyə aparacaq yolları müzakirə edilir.

Oktyabrın 23-də Tehranda ke­çirilən “3+3” regional platformanın ikinci məşvərət toplantısı dünya siyasətinin tələbindən irəli gələn zərurət idi. “Cənubi Qafqazda sülh, əməkdaşlıq və inkişafın növbəsi” devizi altında keçirilən toplantıda “altılıq” təşəbbusü Cənubi Qafqazda etibarlı sülhün bərqərar ol­ması, bu prosesdə bölgənin böyük güclərinin maraqlarının nəzərə alın­ması baxımından ideal platforma kimi dəstəkləndi. Şimal–Cənub marşrutu, həm də Şərq–Qərb istiqamətində olan kom­munikasiya xətlərinin geniş müzakirə­si üçün geniş imkanlar yaradan, lokomotivi Azərbaycan olan platforma rəsmi Bakı ilə rəsmi Ankarının birlik və həmrəyliyinin möhkəmlənməsinin ifadəsi kimi də diqqət çəkdi. İqtisadi xarak­terli modeldə tərəfdaş ölkələrin iqtisadi, enerji, ticarət, nəqliyyat, informasiya texnologiyaları, təbii sər­vətlər, humanitar, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlığın perspektivləri barədə təkliflər ək­sini tapıb. Əldə edilən razılaşmaya əsasən, iştirakçı ölkələrin təyin etdiyi xüsusi nümayəndələr razılaşdırılmış məsələlərin tənzimlənməsinə nəzarət edəcək və nəzərdə tutulan istiqamətlər üzrə milli ideyalar formalaşdırılacaq.

Toplantıda iştirakçı dövlətlərin xarici işlər nazirlərinin imzaladıqları 9 bənddən ibarət Bəyanatda tərəfdaş ölkələr arasında qarşılıqlı marağa və qonşuluq münasibətlərinə söy­kənən dostluq əlaqələrinin inkişa­fını möhkəmləndirəcək mühüm məsələlərə xüsusi diqqət yetirilib.
Yeri gəlmişkən iki gün əvvəl Ermənistan baş naziri Paşinyanın Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində etdiyi çıxış zamanı regional nəqliyyat dəhlizləri xəritəsini təqdim etdi. Əvvəla onu qeyd edək ki, Paşinyanın Forumda irəli sürdüyü bu layihə utopik xarakter daşıyır. Çünki indiyədək Ermənistan regionda kommunikasiyaların açılması üçün heç bir addım atmayıb – Naxçıvan blokadada saxlanılıb, 44 günlük müharibədən sonra üzərinə götürdüyü “Zəngəzur dəhlizi” ilə bağlı öhdəlikdən də boyun qaçırıb. İndi birdən-birə bu layihəni hamını qəbul edəcəyini hansı haqla gözləyir? Bu, məsələnin bir tərəfi. Digər tərəfdən irəli sürülən layihə yüz kilometrlərlə yolların, dəmiryolunun və s. çəkilməsini tələb edir. Ortaya sual çıxır - bu qədər vəsaiti kim ayıracaq? Təbii ki, Ermənistanın buna maddi imkanı yoxdur. Ermənistan indiyədək ən qısa yolun çəkilişini də həll edə bilməyib – uzun illərdir İrandan magistral yol, dəmir xətti çəkmək istəyən Ermənistan sonda etiraf etdi ki, bunun üçün vəsait yoxdur. Adi yol çəkməyə vəsait tapa bilməyən ölkənin yüz kilometrlərlə yollardan, dəmiryolundan bəhs etməsi qeyri-ciddidir. Üstəlik, nəzərə almaq lazımdır ki, bölgənin dağlıq relyefi bu tip layihələrin dəyərini dəfələrlə artırır. İndiyədək nəinki qlobal, heç regional layihə də həyata keçirməmiş Ermənistanın indi qəfildən ümumi hesablamalar aparmadan, maliyyə mənbələri müəyyən edilmədən  belə layihə irəli sürməsi utopiyadan başqa bir şey deyil. Ermənistan müstəqillik qazanandan bəri başqa dövlətlərin hesabına yaşamağa öyrəşib – sərhədlərini və təhülkəsizliyini bir ölkə qoruyur, uzun illər silah-sursat pulsuz alınır, maliyyə axını xaricdəki diaspora xətti ilə təmin olunur, ən xırda layihə də dövlət yox, ayrı-ayrı diaspora üzvləri hesabına reallaşır və s. Ona görə də bu cür qlobal layihəni reallaşdırmaq Paşinyana sözdə asan gəlsə də, real deyil.

Xuraman İsmayılqızı, “İki sahil”