27 oktyabr 2023 22:56
472

Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir

Dövlət başçısı İlham Əliyev 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışında bir daha bildirdi ki, hazırda iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir

Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı son 20 ilin əsas hədəfləri sırasındadır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən bildirdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Regional inkişaf proqramlarının uğurlu icrası bu məqsədə xidmət edir. Bölgələrimiz arasında sağlam rəqabət gedir. Dövlət başçısı İlham Əliyevin irəli sürdüyü təşəbbüslər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, dəstəklənir. Bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi. Çünki neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. «Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq» söyləyən dövlət başçısı İlham Əliyev qeyd edir ki, neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün.

Dövlət Proqramından irəli gələn vəzifələrin uğurlu icrası ilə yaxından tanış olmaq məqsədilə cənab İlham Əliyev müntəzəm olaraq regionlara səfər edir,  tapşırıq və göstərişlərini verir.  Bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət alıb. Görülən və görüləcək işlərin fonunda bir daha bu reallıq öz təsdiqini tapır ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əsasdır. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır.

Hazırkı dövrün çağırışlarına diqqət yetirsək görərik ki, iqtisadiyyatın inkişafında üç mühüm sahənin inkişafı əsasdır: enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi.

Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində  yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində  mühüm tədbirlər həyata keçirilir, Prezident Fərman və sərəncamları imzalanır.  Bu sənədlərə uyğun olaraq  çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuş və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə  müasir standartlara  uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası  ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına,  qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin  təminatına  xidmət edib və bundan sonra da edəcək.

Atılan addımlarda əsas məqsəd təbii ki, bölgələrin inkişafına nail olmaqla      yanaşı, sahibkarlara dəstəkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha  yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə ölkə Prezidenti  İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi qarşıya qoyur. Əsas məqsəd budur ki,  ölkənin hərtərəfli inkişafı təmin olunsun, ən əsası insanların sosial rifah halı daha da yaxşılaşdırılsın. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları  üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir.  Cənab İlham Əliyev çıxışlarında bildirir : «Əlbəttə, bütün bu işləri görərkən, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı  məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq.» Bu məqam hər zaman önə çəkilir ki,  əgər  sovet vaxtına nəzər salsaq görərik ki,  o vaxt bölgü aparılırdı.  Azərbaycanda üzüm, pambıq, gül, meyvə, tərəvəz istehsal edilirdi, ancaq yağ, ət, un başqa respublikalardan gətirilirdi. Bu da vahid ölkə üçün məqbul variant idi. Ancaq biz indi müstəqillik dövründə yaşayırıq və əlbəttə ki, çalışmalıyıq öz ərzaq  təhlükəsizliyimizi tam şəkildə təmin edək.  Təbii ki, rayonlar üzrə aparılan ixtisaslaşma dövlət başçısı İlham Əliyevin sədrliyi ilə həmin sahələrin inkişafına dair müşavirələrin keçirilməsi, prioritetlərin açıqlanması qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olacağımıza  əsas yaratdı.

Qeyd etdiyimiz kimi, özəl bölmənin əsas sahələrindən olan aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir.  Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac  potensialının artırılması məqsədilə  ölkədə müasir  aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Aqroparkda  fermer artıq   satışın təşkili, saxlanma, təkrar istehsal kimi  məsələlərdən azad olur.

Son illərdə  əksər kənd təsərrüfatı  məhsulunun istehsal həcminin artım tempi ölkədə kənd əhalisinin sayının artım tempini dəfələrlə üstələyib.  Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir. İlk gündən  “Əlbəttə, Azərbaycanın bəzi ərzaq məhsullarını xarici bazarlardan idxal etməsinə baxmayaraq biz çalışmalıyıq ki, öz daxili istehsalımızı maksimum artıraq, fövqəladə hallardan özümüzü qoruyaq” çağırışını edən  cənab İlham Əliyev bildirir ki,  özümüzü təmin etmək üçün daxili bazarların daxili resurslar hesabına təmin edilməsi prosesi davam etdiriləcək. Dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da qürur hissi ilə qeyd edir ki,  gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar ərzaq təhlükəsizliyimizin tam təmin edilməsinə  böyük kömək göstərəcək.

Prezident İlham Əliyev oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışında iqtisadi  uğurlarımızın təhlili fonunda bu mühüm məqamı qeyd etdi ki, Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 ildə  çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard  dollardan çox olub və bunun təqribən 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Hazırda  iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir: «Lakin, eyni zamanda, biz başa düşürük ki, bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Əlbəttə ki, növbəti illərdə biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcəyik. Bu məqsədlə biz bu potensialı yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə çox yaxından işləyirik.»

Azərbaycandakı investisiya mühitinə gəldikdə, Prezident İlham Əliyev bildirdi ki,  ölkəmizin iqtisadiyyatı çox sabitdir. Son 20 ildə  ümumi daxili məhsulumuz dörd dəfədən çox artıb. Birbaşa xarici borc ümumi daxili məhsulun 10 faizindən aşağı səviyyəyə salmağa və iyirmi il bundan əvvəl 50 faizə yaxın olan yoxsulluq səviyyəsini 5,5 faizə endirməyə nail olmuşuq.

İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri ölkəmizin iqtisadi imkanlarının təqdimatıdır. Vətən müharibəsi tarixi Zəfərimizlə başa çatan kimi dərhal azad edilmiş ərazilərin bərpasına başlanılması, bir sıra infrastruktur layihələrin həyata keçirilməsi, o cümlədən elektrik enerjisi ilə təminat və yol infrastrukturunun yenidən qurulması bir daha onu göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı Azərbaycan dövləti üçün ən prioritet məsələdir. Prezident İlham Əliyevin  Fərmanı ilə Qarabağ Dirçəliş Fondunun, “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Fərmanı əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılması bərpa və yenidənqurma işlərinin sistemli və ardıcıl şəkildə həyata keçirilməsini təmin edir. Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq azad edilmiş ərazilərimiz baş plan əsasında  bərpa edilir. Tarixi torpaqlarımızda qısa müddətdə yaşayış üçün münbit şəraitin formalaşdırılması, həyata keçirilən infrastruktur layihələri – yolların, dəmir yolu xətlərinin, energetika sisteminin bərpası, yeni beynəlxalq hava limanlarının inşası iqtisadi inkişafın sürətləndirilməsi və əlverişli investisiya mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Hazırda qarşıda duran əsas vəzifələrdən biri də azad edilmiş ərazilərin zəngin resurslarından, infrastruktur potensialından səmərəli istifadə, bu məqsədlə dövlət-özəl sektor tərəfdaşlığının təmin edilməsidir. Dövlət əlverişli biznes mühiti yaratmaqla, həmin ərazilərdə iqtisadi fəaliyyətin canlandırılmasına və dayanıqlı məskunlaşmanın təmin olunmasına çalışır. Bu baxımdan Ağdam Sənaye Parkının, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlinin qoyulması, buraya potensial rezident və investorların cəlb edilməsi istiqamətində müvafiq işlərin aparılması xüsusi qeyd olunmaldır.

Sahibinə qovuşmuş torpaqlarımız özünəməxsus  iqtisadi resurslara malikdir. Böyük Qayıdış Proqramının  uğurlu icrası tam şəkildə başa çatıb soydaşlarımız doğma yurd-yuvalarına qayıtdıqdan sonra bu ərazilərdə yeni həyat başlayacaq. Mövcud iqtisadi potensial Azərbaycanın dayanıqlı inkişafının təminatında stimulverici amil olacaq. Azad olunmuş ərazilərimiz böyük investisiyalar məkanına çevriləcək.    Dövlətimizin başçısı çıxışlarında  Qarabağın turizm potensialından da geniş bəhs edərək bildirir ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək.

Bu torpaqlarda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı üçün böyük potensial mövcuddur. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» özündə bütün bu məqamları ehtiva edir. Qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi üçün geniş imkanlar yaranır.

Yeganə Əliyeva, «İki sahil»