28 oktyabr 2023 03:21
480

Fransanın növbəti qərəzi

Rəsmi Paris Cənubi Qafqazda situasiyanı gərginləşdirmək istiqamətində əməllərini davam etdirir, açıq və ardıcıl ermənipərəst siyasət yürüdür. Bu ölkə Avropa İttifaqındakı imkanlarından istifadə edərək Ermənistana hərbiləşmiş missiyanın göndərilməsinə müvəffəq oldu. Eyni zamanda, Paris diplomatik praktikada görünməmiş addıma imza atdı: Ermənistandakı səfirliyinə əlavə hərbi attaşe təyin etdi. Həmin hərbi attaşenin əsas missiyası Ermənistana Fransanın öldürücü silahlarının tədarükünə nəzarət etməkdir. Fransa bu kimi addımlarla danışıqlar prosesinə zərbə vurur və Cənubi Qafqazda sülh prosesinə faktiki olaraq, kobud müdaxilə edir.

Başda Prezident E.Makron, xarici işlər naziri Ketrin Kolonna olmaqla Fransa rəsmiləri sanki ermənilərdən daha artıq erməni olmaq uğrunda yarışa çıxıblar.

Paris hegemonluq etdiyi təşkilatlarda Azərbaycanla bağlı qərəzli sənədlərin qəbuluna çalışır. Onlar Azərbaycanın Qarabağ iqtisadi rayonunda sentyabrın 19-da başlayan və bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirləri keçirməsini, bundan az sonra erməni əhalinin bölgəni tərk etməsini, qondarma separatçı rejimin ləğv olunmasını heç cür qəbul edə bilmirlər.

Fransa kimi erməni havadarlarına bir daha xatırladılmalıdır ki, əvvəla, Azərbaycan antiterror tədbirlərini beynəlxalq hüquqla tanınmış ərazisində keçirib. Bu zaman hədəf bölgədə yaşayan mülki əhali yox, Ermənistan ordusunun silahlı birləşmələri, hərbi texnika və hərbi infrastrukturu olub. Məqsəd ermənipərəst dairələrini, xüsusilə Fransa rəsmilərinin iddia etdikləri kimi, hansısa “soyqırımı”, “etnik təmizləmə” yox, dünyanın bütün ölkələrinin, o cümlədən Ermənistanın da Azərbaycan ərazisi kimi tanıdığı Qarabağ iqtisadi rayonunda suverenliyi tam təmin etmək idi.

Eyni zamanda, erməni əhali bölgədən zor gücünə çıxarılmayıb. Əksinə, onlara qalmaq təklif olunub, reinteqrasiya planı təqdim edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin sentyabrın 28-də yaydığı məlumatda bu barədə deyilirdi: “Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin, guya, “etnik təmizləmə”yə məruz qaldığı barədə verdiyi bəyanatı qətiyyətlə pisləyir və rədd edirik. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin gedişinin onların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı baş nazir Paşinyana yaxşı məlumdur. Əgər erməni sakinlərinin hansısa hissəsi Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirsə, onları buna məcbur edə bilmərik. Bunun əksinə, biz erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırırıq”.

Azərbaycan dövlətinin bu mövqeyi digər rəsmi şəxsləri tərəfindən də dəfələrlə səsləndirilib. Ancaq Fransanın ermənipərəst rəhbərləri özlərini eşitməzliyə vururlar. Bundan əlavə, Qarabağ erməniləri yaşayış yeri seçməkdə sərbəstdirlər. Onlar istədikləri vaxt geri qayıda, yaxud indi məskunlaşdıqları ərazilərdə qala bilərlər. Azərbaycan dövləti qayıdacaq şəxslərin təhlükəsizliyinə zəmanət verib. Həmçinin Rusiya sülhməramlıları da bölgədədir. Bunun özü də Azərbaycana ünvanlanan “soyqırımı” və “etnik təmizləmə” kimi ittihamların heç bir əsasının olmadığını göstərən mühüm amildir.

Fransanın Azərbaycana qarşı təxribat xarakterli bəyanatlarına yenisi əlavə edilib və bu ölkənin mədəniyyat naziri öz həddini aşan açıqlamalar verib. Rima Əbdül Mələk bu günlərdə Ermənistana səfəri zamanı Qarabağ bölgəsindəki tarixi və mədəni abidələrin təhlükə altına düşməsi ilə bağlı əsassız iddialar irəli sürüb və onları qorumaq üçün müxtəlif mexanizmlərin yaradılmasına çağırış edib. Fransanın Azərbaycanı etnik-mədəni irsin məhv etməkdə suçlaması ikrah hissi doğurur. Görünən odur ki, Fransa və ətrafındakı qüvvələr vəziyyəti, situasiyanı gərginləşdirməklə məşğuldurlar. illərdir Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən etnik və vandal hücumlarına qarşı təəssüflər olsun ki, Fransa bir heç addım atmayıb. Dünyanın hər yerinə mədəni soyqırımlar törədən bir ölkənin mədəniyyət nazirinin Azərbaycan əleyhinə yalan dolu iftiraları səsləndirməsi Fransanın nə qədər çirkab içində olduğunu göstərir.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Qarabağ bölgəsində mədəni irslə bağlı iddialar Fransa tərəfinin növbəti zəifliyi və qərəzinin nümunəsidir. XİN rəsmisi qeyd edib ki, Azərbaycan öz ərazilərindəki bütün mədəni və tarixi abidələrin mühafizəsinin vacibliyini və bu xüsusda, öhdəliklərini çox gözəl dərk edir. Fransanın başqa xalqlara məxsus tarixi və mədəniyyət sərvətlərini müsadirə etmiş ölkə kimi belə iddialar qaldırmağa heç bir mənəvi haqqı yoxdur.

Müstəmləkəçilik röyasından hələ də ayıla bilməyən Parisin Yaxın Şərqdə, Şimali Afrikada ölkələrə və xalqlara qarşı həyata keçirdiyi soyqırımı siyasəti, müsəlmanlara antipatiyası, dini və irqi ayrı-seçkiliyi, o cümlədən qərəzli siyasəti hamıya bəllidir. Fransanın müstəmləkəçilik tarixinin 1524-cü ildən  başladığı bildirilir. Fransa Afrikanın qərbində və şimalında 20-dən çox ölkədə hökmranlıq qurmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində Fransanın nəzarətində qalıb.

Bəs niyə Fransalı nazir ölkəsinin Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean regionu və Latın Amerikasında müstəmləkəyə çevirdiyi, təbii sərvətlərini taladığı, tarixini və mədəniyyətini silməyə çalışdığını ölkələrlə bağlı faktların da YUNESKO, AŞPA tərəfindən araşdırılmasını təşviq etmir? Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç niyə bu ölkələrdə Fransanın etnik və dini zorakılıqlarını araşdırmır?  Korsikaya faktaraşdırıcı missiya niyə göndərilmir?

Demokratik dəyərləri ilə öyünən Fransa özünün ağır şərtləri ilə fərqlənən müstəmləkə şəbəkəsinə daxil etdiyi Afrika ölkələrinə yaxşı heç nə gətirməyib. Əksinə ən qəddar vasitələrlə ram edilən ölkələr sivilizasiya ilə bir araya sığmayan mühafizəkar qanunlarla idarə olunub, təbii sərvətlər talanıb, baş qaldıran etirazlar ən sərt və qəddar müdaxilələrlə yatırılıb.  Fransa, Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırım üçün məsuliyyət daşıyır.

Nigar Orucova, “İki sahil”