27 oktyabr 2023 23:19
517

Qərb Cənubi Qafqazda sülh yox, müharibə istəyir

30 il ərzində Azərbaycan ərazilərinin işğalına, separatçıların vəhşiliklərinə, siyasi şantajlarına göz yuman bəzi beynəlxalq təşkilatlar (Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və s.) yaman “aktiv”ləşiblər. Azərbaycanın bölgədə yarardığı yeni reallıqları həzm edə bilməyən bu qurumlar ölkəmizə qarşı sözün həqiqi mənasında Ermənistan naminə hücuma keçiblər. Özü də onların hücumları səngimək bilmir. Guya sentyabrın sonunda Azərbaycan öz ərazisində  həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində qanunsiz silahlı birləşmələri zərərsizləşdirəndən sonra Qarabağdakı erməniəsilli şəxslər təzyiq altında bölgəni tərk ediblər. Halbuki məsələ heç də onların iddia etdikləri kimi deyil. Hətta bölgəyə   səfər etmiş BMT-nin missiyası bildirib ki, Qarabağda erməniəsilli sakinlərə qarşı təhdid olmayıb, onlara qarşı kütləvi zorakılıq törədilməsi ilə bağlı xəbərlər doğru deyil.

2023-cü il sentyabrın 20-də Ermənistanın 30 illik qanunsuz hərbi işğalına son qoyan və beynəlxalq səviyyədə tanın¬mış əraziləri üzərində tam suverenliyini bərpa edən  Azərbaycan Qarabağ ermənilərinə birgəyaşayışla bağlı bütün zəmanətləri verib. Yəni, atılan hər addım beynəlxalq normalara uyğundur. Bu məqamda AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun aşağıdakı sözlərini xatırlatmaq yerinə düşər: “Ancaq bunlara baxmayaraq, tənqid atəşinə tutulmuşuq. Atəş altındayıq”. Bütün bu atəşlərin baiskarı isə beynəlxalq təşkilatlardakı mövqelərindən istifadə edən Ermənistanın “böyük bacısı” Makron Fransası və onun dirijor çubuğu ilə hərəkət edənlərdir.

Artıq Qərbin bir sıra ölkələri də fəallaşıblar. İndiyədək ölkəmiz əleyhinə apardıqları təbliğatların  heç bir səmərə vermədiyini görən Qərb, xüsusilə Makron Fransası indi də guya Azərbaycanın Ermənistana qarşı ərazi iddiasında olması, üstəlik hücuma keçəcəyi üzərində baş sındırır.  Bu mənada bizi dünya ictimaiyyətinə “işğalçı”, “antihumanist” ölkə kimi təqdim etmək cəhdləri üzərində durmadan iş aparır. Fransanın Ermənistanın silahlandırılması istiqamətində addımları isə səngimək bilmir. Bu da Fransanın Cənubi Qafqazda tutduğu mövqeyinin sülhə və əmin-amanlığa xidmət etmədiyini növbəti sübutudur. Bununla da Fransa  İrəvanı sülhə yaxınlaşmağa qoymur. Hindistan da Ermənistana yeni silah və sursat partiyası vermək niyyətindədir. Qeyd edək ki, iki ölkə arasındakı müqaviləyə əsasən, Hindistan əvvəllər Ermənistana ilk dəfə xaricə satılan öz istehsalı olan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, həmçinin tank əleyhinə raketlər və döyüş sursatları göndərmişdi. Silahlar İran ərazisindən keçən nəqliyyat dəhlizi ilə çatdırılmışdı. Bu da o deməkdir ki, İrəvan Qərbi və xüsusilə də Fransanı bölgəyə gətirmək cəhdlərini ciddi şəkildə davam etdirir. Bölgəyə münasibətdə Fransanın, Qərbin həyata keçirdiyi siyasət  onların əsl simasını ortaya qoyur. Qərbin məqsədi sülh deyil, bölgədə münaqişə ocağı yaratmaq və bu yolla öz marağını reallaşdırmaqdır. Bu gün Yaxın Şərqdə cərəyan edən hadisələr də Qərbin ikiüzlü siyasət həyata keçirdiyini təsdiqləyir. ABŞ-ın Yaxın Şərqdə müharibəni dayandırmaq əvəzində bölgəyə əlavə döyüş təyyarələri və gəmiləri göndərməsi münaqişəni qızışdırmağa xidmət edir.  Eyni sözləri Ermənistanın havadarı Fransa haqqında da deyə bilərik. Müharibənin davamı üçün yeni koalisiya ideyası irəli sürən Makron klassik səlibçi konsepsiyasından çıxış edir, problemə səlibçi təfəkkürü ilə yanaşır. Qərbin bu siyasəti həm bölgə, həm də dünya üçün yaxşı heç nə vəd etmir. Bu siyasət Üçüncü Dünya müharibəsi təhlükəsini yaxınlaşdırır.

Qvami Məhəbbətoğlu, “İki sahil”