28 oktyabr 2023 00:43
516

Qaçqın olmaq arzusu...

Qarabağdan könüllü şəkildə köçmüş ermənilərin sayını süni şəkildə artırmaqda Ermənistanın məqsədi nədir?

Suverenliyini tam bərpa etdikdən sonra Azərbaycan dövlətinin qalıb təhlükəsiz şəkildə yaşamalarına zəmanət verməsinə və bu istiqamətdə praktiki addımlar atmasına rəğmən Qarabağda yaşayan erməniəsilli əhalinin böyük əksəriyyəti könüllü şəkildə Ermənistana getməyə üstünlük verdi. Bu proses daha bir erməni yalanının ortaya çıxması ilə nəticələndi. Belə ki, bundan əvvəl uzun müddət guya Qarabağda 120 min erməninin yaşadığını iddia edən Ermənistanın siyasi hakimiyyəti, kütləvi informasiya vasitələri, həmçinin ermənipərəst Qərb dairələri nə qədər şişirtsələr də Azərbacanı tərk edənlərin sayını 100 mindən yuxarı qaldıra bilmədilər. Deməli, elə ilk mərhələdə onların “statistikası” ilə ən azı 20 min erməni “yoxa çıxdı”. Əslində isə 100 min rəqəmi də reallığı əks etdirmir. Çünki işğal dövründə Ermənistan Qarabağda yaşayan şəxslərin sayını süni şəkildə artırmaq müqabilində xaricdən böyük həcmdə ianələr, yardımlar alıb. İndi həmin “mənbə” əldən çıxdığı üçün Ermənistan başqa bir metodla – Azərbaycanı könüllü tərk etmiş ermənilərə “qaçqın” statusu verməklə yenə daimi “pul axını” təşkil etməyi düşünür. Odur ki, sələflərinin “dilənçilik” ənənəsini davam etdirən Nikol Paşinyan bu gün qaçqın statusu veriləcək şəxslərin sayının çox göstərilməsində maraqlıdır.

Bəs, əslində Ermənistana nə qədər qaçqın statusu almalı olan erməni üz tutub? Sayları şişirdilmiş rəqəmlərlə ifadə olunan ermənilərin niyə hamısına status verilə bilməz?

Əvvəla, Qarabağda yaşayan ermənilərin nisbi say faizi ilə çoxu torpaqlarımızın işğalından sonra buraya köçürülmüş insanlar idi. Xatırladaq ki, Azərbaycan dəfələrlə münaqişədən əvvəl Qarabağda yaşamış ermənilərin dəqiq sayları və kimlikləri haqqında məlumatlara malik olduğunu, ərazilərimizdə qanunsuz məskunlaşma aparıldığını bəyan etmişdi. Üstəlik, məskunlaşmış şəxslərdən xeyli hissəsi başqa dövlətlərin vətəndaşlarıdır. Vaxtilə xaricdəki erməni lobbisinin, “Hayastan” və digər fondların təşkilatçılığı ilə şirin vədlərlə Suriyadan, Livandan, hətta Fransa və digər Qərb dövlətlərindən Azərbaycana gətirilmiş həmin erməni ailələri indi öz gəldikləri yerlərə qayıdırlar. Bu gün erməni tərəfi bildirir ki, Qarabağdan Ermənistana gəlmiş şəxslərdən artıq 10 mini xaricə gedib. Yəni, həmin şəxslərdə başqa ölkələrin pasportları var. Odur ki, işğaldan sonra bu əraziyə köçürülmüş və qanunsuz məskunlaşma yolu ilə oraya yerləşdirilmiş təxminən 30 min insan qaçqın sayıla bilməz, çünki qanunsuz məskunlaşma cinayətdir və bu cür şəxslərin nə mülkiyyət hüququ, nə də qaçqın statusu tanınmır.

Yeri gəlmişkən, Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasında “qaçqın” anlayışı təsbit olunur və digər məqamlarla yanaşı “beynəlxalq sərhədi keçən insan” anlayışı qabardılır. Bu isə o deməkdir ki, indi Qarabağdan köçmüş şəxslərə qaçqın statusu verməklə Ermənistan onların gəldiyi ərazilərin digər ölkəyə, yəni Azərbaycana məxsusluğunu, həmçinin Azərbaycan-Ermənistan sərhədini keçdiyini rəsmən tanımış olur.

Qaçqın statusu verilməməli digər kateqoriya Ermənistan ordusunun Qarabağdakı hərbçiləri və onların ailə üzvləridir. Bakıda istintaq altında olan separatçıların keçmiş rəhbərlərinin ifadələri də bir daha təsdiq edir ki, Azərbaycan ərazisindəki belə erməni hərbçilərin sayı 15 minə yaxın olub. Onların ailə üzvlərini də saysaq bu rəqəm təxminən 35-40 minə yaxın edir və deməli, Qarabağda əvvəldən yaşamış şəxslərin sayı 30-35 min arasında dəyişir. Əgər Ermənistan qaçqın statusu verəcəksə, onda yalnız bu sayda erməni status ala bilər.

Qarabağdan getmiş şəxslərin geri qayıtması məsələsinə gəldikdə, Ermənistan hökuməti nəzərə almalıdır ki, Qərbi Azərbaycandan olan yüzminlərlə soydaşımızın da öz torpaqlarına qayıtmaq hüququ məsələsi açıq qalır. Fərq ondadır ki, xarici KİV-in, beynəlxalq müçahidəçilərin də təsdiq etdiyi kimi, Qarabağdakı erməniəsilli şəxslərin Ermənistana köçmələri onların öz könüllü seçimi idi. Qərbi Azərbaycandan soydaşlarımız isə zorakılıqla, vəhşiliklə qovulublar. Bundan başqa, bu gün Azərbaycan dövləti ermənilərin təhlükəsiz şəkildə Qarabağda qalıb yaşamaları üçün lazımi şərait yaratdı, ancaq Ermənistan hələ də öz tarixi yaşayış yerlərindən deportasiya edilmiş soydaşlarımızın təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmaq hüququnu tanımır. Bütün bu haqsızlıqlara isə ermənipərəst Qərb həmişəki kimi, ikili standartlarla yanaşır. Görünür, bu istiqamətdə də ədaləti Azərbaycan özü, təkbaşına bərpa etməli olacaq...

Mahir Rəsuloğlu, “İki sahil”