27 oktyabr 2023 22:45
628

Fransızsayağı “nifaq toxumları”: Nə cücərəcək, nə də göyərəcək

Fransalı nazir müstəmləkəyə çevirərək təbii sərvətlərini taladıqları, tarixini və mədəniyyətini silməyə çalışdıqları ölkələrlə bağlı faktların  YUNESKO, AŞPA tərəfindən araşdırılmasını niyə təşviq etmir?

Emmanuel Makronun uğursuz Prezidentliyi dönəmində öz tarixi keçmişindən və ənənələrindən tamamilə üz çevirən Fransanın beynəlxalq hüquqla bir araya sığmayan cəhdləri əbəsdir və bu ölkəyə heç bir halda başucalığı gətirmir.

Rəsmi Parisin Ermənistanı müasir silahlarla təmin etməsi sülh prosesinə zərbə vuran və gərginliyin artmasına səbəb olan amildir. Fransanın Ermənistana silah satması, ilk növbədə, Azərbaycana qarşı düşmənçilikdir. Eyni zamanda, Fransa tərəfindən Ermənistana silah verilməsi işğalçı ölkədə revanşizmin güclənməsinə, regionda gərginliyin artmasına xidmət edir.

Göründüyü kimi, Fransa qaşınmayan yerdən qan çıxarır. Parisin məqsədi heç də erməniləri Azərbaycanın "hücumundan" qorumaq deyil. Niyyət nəyin bahasına olursa-olsun, Zəngəzur dəhlizinin açılmasına mane olmaqdır. Ermənistan imperialist qüvvələrin məkrli siyasətinin icrası üçün bir vasitədir. Bütün bunların fonunda Fransanın indi hərbi missiya haqqında danışılması da əlbəttə ki, səbəbsiz deyil. Dünya ictimaiyyəti hər şeyi çox gözəl müşahidə edir və şahiddir ki, Fransa Cənubi Qafqaza soxulmaq, bu vaxta qədər yürütdüyü müstəmləkəçilik siyasətini bizim bölgədə davam etdirmək niyyətindədir.

Fransa rəsmilərinin  Azərbaycana qarşı hansısa iddialar səsləndirməyə mənəvi haqları yoxdur. Bu ölkənin özü XXI əsrdə də kolonializm siyasətini yeni formada davam etdirir. Fransız rejimi milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv edib.  Fransanın 30 il Polineziyada 200-ə yaxın, 6 il ərzində isə Əlcəzairdə 17 nüvə sınağı həyata keçirməsi də bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. Çünki nüvə sınaqlarının ağır fəsadları həmin ölkələrdə yaşayan xalqların həyatına mənfi təsir göstərib. Qeyd etmək lazımdır ki, Əlcəzair xalqı Fransa işğalının və zülmünün bütün ağrı-acısını öz üzərində hiss edib. Belə ki, Fransa Əlcəzairdə 1.5 milyon insanı qətlə yetirib. Fransanın törətdiyi qətliamlarla  Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları kimi dövlətlər də üzləşiblər. Yaxın tarixdə ən böyük soyqırım Ruandada qeydə alınıb və bu ölkədə 1994-cü ildə tutsi qəbiləsinin 800 mindən çox üzvü qətlə yetirilib. Bu qətliamda da Fransanın izi var. Fransa yaxşı olar ki, öz gözündəki tiri görsün, sonra  başqasının gözündə çöp axtarsın.   

Fransanın neomüstəmləkəçilik siyasəti bütün dünyanı narahat edir. Ermənipərəst mövqeyilə özünü ifşa edən Prezident Makron neomüstəmləkəçilik siyasəti ilə dünyada rəzil duruma düşür. Rəsmi Parisin məqsədi - neomüstəmləkəçilik siyasətini Qafqaza gətirməkdir. Dünyaya "demokratiya" dərsi keçməyə çalışan Fransanın əsrlər boyu başqa xalqlara, dövlətlərə qarşı istismarçı, soyqırımlarla müşayiət olunan müstəmləkəçi davranışları beynəlxalq hüquq müstəvisində öz qiymətini almalıdır. Fransada hökm sürən neomüstəmləkəçilik siyasətinə qarşı Bakıda atılan addımın BMT səviyyəsində müzakirəsi Azərbaycanın böyük uğurudur. Oktyabrın 20-də "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda keçirilən beynəlxalq konfransda əldə edilən nəticələr də sübut etdi ki, Bakı Fransanın neomüstəmləkəçiliyinə qarşı mübarizəni dünya gündəminə gətirməkdə haqlıdır. Bakıya toplaşmış keçmiş müstəmləkə sakinləri maraqlı çıxışlar etdilər. Onların hamısı bir ağız­dan Parisin xüsusilə Afrika qitəsində yürütdüyü neokolonalizm siyasətinin bu gün tamamilə iflasa uğradığını, bir daha müstəmləkə istibdadının qitədə meydan sulamasına yol verilməyəcə­yini dedilər.

Keçmiş müstəmləkələrində dövlətlərin daxili işlərinə kobud şəkildə müdaxilələr edən, habelə hazırkı koloniyalarında insan hüquqlarını pozan Fransanın ifşa edilməsi ayrı-ayrı bölgələrdə, o cümlədən Cənubi Qafqazda Parisin əsl simasını göstərmək üçün çox önəmlidir. Hadisələrin inkişafı isə Azərbaycanın bu prosesdə fəallığının, Fransanın müstəmləkəçilik və yeni müstəmləkəçilik siyasətinə qarşı mübarizədə prinsipial mövqeyinin nə qədər əsaslı olduğunu təsdiq edir. Bakı Təşəbbüs Qrupunun üzvləri etiraf edirlər ki, məhz Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti sayəsində, BMT Baş Assambleyası tərəfindən 75/123 nömrəli "Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onillik" adlı qətnamənin qəbulunun yaratdığı imkanlardan istifadə edərək, nəhayət, haqlarına qovuşmaq imkanı əldə ediblər. Bu, eyni zamanda, Qoşulmama Hərəkatı tarixində xüsusi səhifə sayılmalıdır. Çünki Hərəkat fəaliyyəti tarixinin heç bir dövründə təsis məqsədlərinə doğru bu qədər effektiv nəticələrə nail olmayıb.

Fransada neokolonializm meyilləri ilə paralel olaraq irqçilik və islamofobiyanın da geniş vüsət alması beynəlxalq ictimaiyyəti narahat etməlidir. Qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan çıxarılması və  Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olmasını yaşayan Fransa indi də Cənubi Qafqazda öz antihumanist və millitarist siyasətini həyata keçirməyə çalışır. Bu baxımdan Fransa və Ermənistanı ümumi oxşar cəhətlər birləşdirir. Fransa Əlcəzair ərazisində 5 milyon mina basdırdığı kimi, Ermənistan da Azərbaycanın ərazilərində milyonlarla mina basdırıb və son üç ildə  340-dan çox vətəndaşımız mina qurbanına çevrilib. Fransa Afrika ölkələrində itirdiyi mövqelərini Cənubi Qafqazda yeniləyərək  möhkəmlətməyə çalışır. Amma Fransa unudur ki, Cənubi Qafqaz Afrika deyil. Bu regionun əsas söz sahibi Azərbaycandır və onun ən yaxın  müttəfiqi  olan NATO-nun ikinci ordusuna malik Türkiyədir.

Fransa rəsmilərinin Azərbaycanla bağlı gülünc  doğuran açıqlamaları artıq heç kimi təəccübləndirmir. Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Fransa Senatında çıxışı zamanı Azərbaycanın Qarabağ bölgəsini heç bir güc tətbiq edilmədən, könüllü şəkildə tərk edən ermənilərin Ermənistanda yerləşməsinin guya Azərbaycan tərəfindən planlaşdırıldığı iddiasını səsləndirməsi Parisin beynəlxalq təşkilatların rəyinin, hətta Ermənistan baş nazirinin 21 sentyabr tarixli bəyanatının əksinə, öz məkrli və xəyalpərəst siyasətlərini davam etdirmək marağından çıxış etdiyini göstərir.

Arsızlıq və həyasızlıq “estafeti”ni qəbul edən Fransanın mədəniyyət naziri Rima Əbdül Mələyin bu günlərdə Ermənistana səfəri zamanı Qarabağ bölgəsindəki tarixi və mədəni abidələrin təhlükə altına düşməsi ilə bağlı iddialar qaldırması və onları qorumaq üçün müxtəlif mexanizmlərin yaradılmasına çağırış etməsi riyakarlığın pik nöqtəsidir. Bunu əsrlər boyu Afrika xalqlarının mədəni irsini oğurlamış bir ölkənin naziri deyir. O naziri ki, İrəvana Fransa Milli Assambleyasındakı Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorans Petel ilə eyni təyyarədə gəlib. Yəni, erməni lobbisi faktiki olaraq naziri özü ilə gətirir və nazir məhz ona verilən məlumat və tezislər əsasında işini qurur. Utan, Fransa!

Bəzi məlumatlara görə, Fransanın təkcə Afrikadan oğurladığı mədəni irs nümunələrinin sayı 90 mindir. Bu müstəmləkəçi ölkənin mədəniyyət naziri qoy gedib dövlətinin Afrikadan oğurladığı mədəni irsin geri qaytarılması ilə məşğul olsun. Azərbaycanın onlardan öyrənəcəyi bir şey yoxdur.

Azərbaycanın Qarabağ bölgəsində mədəni irslə bağlı iddialar Fransa tərəfinin növbəti zəifliyi və qərəzinin nümunəsidir. Azərbaycan öz ərazilərindəki bütün mədəni və tarixi abidələrin mühafizəsinin vacibliyini və bu xüsusda, öhdəliklərini çox gözəl dərk edir. Fransanın isə başqa xalqlara məxsus tarixi və mədəniyyət sərvətlərini müsadirə etmiş ölkə kimi belə iddialar qaldırmağa heç bir mənəvi haqqı yoxdur. Fransa nə keçmiş Ermənistan-Azərbaycan münaqişəsində vasitəçi kimi, nə də UNESCO çərçivəsində nüfuzlu ölkə kimi heç vaxt Ermənistan tərəfindən istər Azərbaycan, istərsə də indiki Ermənistan ərazilərində mövcud tarixi, mədəni və dini abidələrin tamamilə dağıdılmasından narahatlığını ifadə etməyib. Yaxşı olar ki,  fransalı nazir böhtan atmaq əvəzinə, Ermənistanda və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində Azərbaycan mədəni və tarixi abidələrinin Ermənistan tərəfindən kütləvi şəkildə dağıdılmasına münasibət bildirsin. Fransalı nazir ölkəsinin Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean regionu və Latın Amerikasında müstəmləkəyə çevirdiyi, təbii sərvətlərini taladığı, tarixini və mədəniyyətini silməyə çalışdığını ölkələrlə bağlı faktların da YUNESKO, AŞPA tərəfindən araşdırılmasını niyə təşviq etmir?

Fransa bu gün Cənubi Qafqazda da Afrika siyasəti yürütməyə çalışır. Əslində, Parisin sərgilədiyi mövqe qəbuledilməzdir və başadüşülən deyil. Fransanın əsl məqsədi odur ki, regionda daim münaqişəli vəziyyət hökm sürsün və bunun sayəsində də Fransa Cənubi Qafqazda möhkəmlənsin. Parisin indiyədək bölgədə yürütdüyü militarizasiya siyasəti Cənubi Qafqazda sülhün əldə olunması üçün əsas maneə idi. İndi isə bu siyasət təhlükəyə çevrilib. Fransa bu kimi addımlarla İrəvanı sülhə yaxınlaşmağa qoymur, münasibətlərin daha da pisləşməsinə gətirib çıxarır. Təbii ki, bundan da itirən yalnız Fransa olacaq. Dünyanın bir çox ölkəsi ilə əməkdaşlıq əlaqələri quran Azərbaycan Fransa ilə dostluq və tərəfdaşlıq münasibəti qurmağa səy göstərib, həm də bunu konkret addımlarla sübut edib. Amma Fransanın anti-Azərbaycan siyasəti sadəcə özünə ziyan gətirəcək.

Öz qanlı müstəmləkəçiliyi və vasitəçiliyi dönəmində işğalçı tərəf olan Ermənistanı dəstəkləyən Fransanın indi ədalətdən və beynəlxalq hüquqdan danışması qəbuledilməzdir. Fransa Azərbaycana “dərs” keçəcək sonuncu ölkədir. Fransa özünü Avropanın aparıcı dövləti hesab etsə də, Azərbaycanın gücü, qüdrəti qarşısında acizdir. Çünki haqq-ədalət Azərbaycan tərəfindədir! Azərbaycanla təhdid və təzyiq dili ilə danışmaq heç bir nəticə verə bilməz və bu kimi destruktiv əməllərə dərhal son qoyulmalıdır. Ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı bütün addımların qarşısı qətiyyətlə alınacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”