27 oktyabr 2023 17:12
517

Azərbaycan bərpaolunan enerji mənbələri sahəsində böyük potensiala malikdir

Bu gün Azərbaycan dövləti  nəinki özünün daxili enerji tələbatını ödəyir, həm də Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rola sahibdir. Yəni, ölkəmiz yalnız neft və qaz istehlatçısı kimi deyil, həm də bərpaolunan enerji layihələri istiqamətində geniş işlər həyata keçrir.  Xatırladaq ki,  2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Şirkət tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi  isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. Artıq bu il oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi oldu.

 Sözügedən Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Bu ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək.

Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.

Regionun enerji əthlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən bu tədbirdə ölkəmizin başçısı cənab  İlham Əliyev mərasimdə çıxış edib. Prezident nitqində bilidirib ki, Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün böyük layihələri mövcuddur. Bu gün bu əməkdaşlıq sayəsində çox qısa zamanda 1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanma mərasimi keçirilib.

Bir sözlə, bu layihə yaxın gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir. Planlara görə mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işlər həyata keçiriləcəkdir ki, nəticədə bu, bölgəmizin  bərpaolunan enerji sahəsini daha da irəli aparacaqr.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev bildrib ki, Azərbaycan dünyada ilk dəfə 19-cu əsrin ortalarında neftin istehsal olunduğu ölkədir: “İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir.”

Çox önəmli faktdır ki, hazırda Azərbaycan  xarici investisiyalar üçün çox açıq ölkədir. Belə ki, son 30 il ərzində ölkəmizə yatırılan investisiyaların həcmi 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür.

İqtisadçıların fikirincə, bərpaolunan enerji sahəsinə investisiyalar Azərbaycana böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə olunur. Söhbət ixrac üçün qənaət ediləcək bir neçə milyard kubmetr təbii qazdan gedir. Çünki son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac yaranıb.

Xatırladaq ki, bu gün Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası elan olunub. Eyni zamanda, təbii sərvətlərimizin istifadəsi üçün böyük potensialımız mövcuddur. Artıq bu gün bərpa olunan enerji mənbələri üçün külək də təbii sərvət statusundadır. Azərbaycan, xüsusilə də Bakı iqliminə görə küləkli bölgədir. Demək, bu istiqamətdə səmərəli layihələrin həyata keçirilməsi də zəruridir. Məhz elə bu səbəbdən də Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də bu istiqamətdə ciddi hədəflər göstərilib.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri