26 oktyabr 2023 12:32
159

Qubadlıdan olan keçmiş köçkünlər tezliklə öz doğma yurd-yuvalarına qayıdacaqlar

Ötən əsrin 90-cı illərində dünyaya göz açan uşaqlar Respublikanın keşməkeşli vaxtlarına rast gəldi. Uşaqlıq illərimiz qaçqın və məcburi köçkünlərin çətin şəraitini görə-görə keçdi. Zamanla onların hamısının şəraiti dövlət tərəfindən yüksək səviyyədə bərpa edildi, lakin onlar yenə də öz yurd-yuvalarının həsrətini çəkirdi. 90-cı illər Azərbaycan xalqı üçün çox çətin və iztirablı il olmuşdur. Həm doğma yurdlarını tərk etmişlər, həm də öz yaxınlarını müharibədə itirmişlər. Erməni vandalları tərəfindən işğal olunan torpaqlarımızdan biri də Qubadlı rayonu olmuşdur. Qubadlı əhalisi düşmənə qarşı mübarizədə əzmkarlıq göstərsələr də,bu şəhər 31 avqust 1993-cü ildə erməni işğalçıları tərəfindən işğal olunmuşdur.

Nəticədə, minlərlə rayon sakini evlərindən didərgin düşmüş, onlarla tarixi-dini abidəmiz məhv olunmuşdur. İşğaldan əvvəl rayon əhalisi 94 kənd və bir şəhərdə məskunlaşmışdı. Rayonun əhalisi, əsasən, kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur. 2020-ci il sentyabr ayının 27-də başlanan Azərbaycan Ordusunun əks-hücum əməliyyatı başladı. 44 günlük müharibədə Azərbaycan xalqı öz gücünü, vətənpərvərliyini nümayiş etdirdi. Artıq övladlarımız torpaqlarımızın işğal olunma tarixini deyil, işğaldan azad olunma tarixlərini öyrənirlər.

Azərbaycan Ordusu oktyabr ayının 25-də Qubadlı şəhərini və rayonun 41 kəndini işğaldan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb. Prezident İlham Əliyevin 31 iyul 2023-cü ildə  imzaladığı sərəncama əsasən, hər il oktyabr ayının 25-i Qubadlı Şəhəri Günü kimi qeyd olunur.

İşğal müddətində Qubadlı şəhəri və kəndləri ermənilər tərəfindən dağıdılmış, tarixi, dini, mədəni abidələr və qəbiristanlıqlar məhv edilərək vandallıq əməlləri törədilib. Bir sözlə mənfur ermənilər Qubadlı rayonu ərazisində Azərbaycan türkünün izini sübut edən nə varsa hamısını məhv etməyə çalışmışlar.

30 il məcburi köçkünlük həyatı yaşayan digər həmvətənlərimiz kimi Qubadlıdan olan məcburi köçkünlər də  tezliklə öz doğma yurd-yuvalarına qayıdacaqlar. Təkcə Qubadlının yox, işğaldan azad edilmiş bütün rayonlarımızın sürətlə yenidən bərpası, dövlətimizin günü-gündən artan nüfuzu, inkişafı, cənab Prezidentin yorulmaq  bilməyən əzmi və əməyi bizə əminlikə bunu deməyə əsas verir.

Rayon işğaldan azad olunduqdan sonra orada bərpa və yenidənqurma işlərinə başlanılmışdır. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, orta məktəbin və Mərkəzi Xəstəxananın təməli qoyulmuşdur. Prezident İlham Əliyev Qubadlıya səfər etmiş, orada görülən işlərlə yaxından tanış olmuş, “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak etmişdir.

Azərbaycan xalqına bu qələbə sevincini yaşadan möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna təşəkkürümüzü bildiririk.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

Fəyaz Həsənli 
Bakı Ali Neft Məktəbi