26 oktyabr 2023 16:19
208

Azad Qubadlımız

Azərbaycanın təbiəti, coğrafiyası, tarixi o qədər zəngindir ki, hər hansı bir bölgəsi haqqında danışmaq istəsək, əlimizdə kifayət qədər maraqlı faktlar və materiallar toplaya bilərik. Azərbaycanın qədim tarixi, zəngin təbiəti,  yerləşdiyi coğrafi mövqeyi, özünəməzsus adət - ənənələri  onu başqa xalqlardan, ölkələrdən üstün etmişdir. Yeraltı və yerüstü sərvətlərimizin çoxluğu yadellilərin torpağımıza göz dikməyinə səbəb olsa da, bu sərvətlər bizi həm də güclü və qüdrətli etmişdir.

Belə zəngin sərvətlərə malik bölgələrimizdən biri də Qubadlı rayonudur. Qubadlı rayonu şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanla həmsərhəddir. Bazarçay, Həkəri, Kiçik Həkəri, Meydan dərəsi çayları və çoxlu bulaqlar rayonun əsas su mənbəyidir. Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub. 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Qubadlı rayonu işğal olunana qədər Azərbaycanın inkişaf etmiş rayonları sırasında olub. Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edir. Rayonda 27-si mexanikiləşdirilmiş olan 31 süd-əmtəə ferması mövcud olmuşdur. Rayonda 2 üzümün ilkin emalı zavodu fəaliyyət göstərirdi. Süd-əmtəə fermalarının məhsulları yağ-pendir zavodunda emal olunurdu.

Tam gücü ilə işləyən asfalt zavodu təkcə Qubadlıya deyil, eyni zamanda qonşu rayonlara da xidmət edirdi. İnkubator-quşçuluq fabriki və balıqyetişdirmə vətəgəsi rayon əhalisini ət və balıq məhsulları ilə təmin edirmiş. Daş karxanası və mərmər sexi əhalinin tələbatını əsaslı şəkildə ödəyirmiş. Azərbaycan "Neftqazavtomat" təcrübə zavodunun rayonda yaradılmış filialında son tamamlama işləri gedirdi. Ümumiyyətlə, Qubadlı rayonunda erməni işğalına qədər 62 idarə və müəssisə fəaliyyət göstərirdi.

Qubadlıda elm, maarif, texnika inkişaf etmiş, Bundan əlavə rayon ərazisində   bir əyani-qiyabi, bir orta texniki peşə və iki musiqi məktəbi də gənc nəslin təlim-tərbiyəsində xüsusi rol oynayırdı. Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal müddətində Qubadlı şəhəri və rayonun kəndləri ermənilər tərəfindən dağıdılıb, tarixi, dini, mədəni abidələr, qəbiristanlıqlar məhv edilərək vandallıq əməlləri törədilib.

İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.

27 il düşmən tapdağında qalan Qarabağ torpaqları 27 sentyabr 2020-ci ildə başlayan və tariximizə qızıl hərflərlə düşən 44 günlük Vətən müharibəsi zamanı azad olundu. Qubadlı rayonu da oktyabrın 25-də igid oğullarımızın şücaəti nəticəsində düşmən tapdağından xilas edildi. Oktyabrın 25-də - Vətən müharibəsinin 29-cu günündə isə Azərbaycan Ordusu Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan qurtarıb.

Qubadlı şəhərinin işğaldan azad olunduğunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı oktyabrın 25-də özünün tvitter hesabından elan edib.Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.

Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirib. Qubadlının azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılıb, Silahlı Qüvvələrimiz Laçın dəhlizi istiqamətində irəliləməyə başlayıb.

  Düşmən məğlubiyyətə uğradıqdan sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2020-ci il noyabrın 19-da Qarabağa ilk səfərini etdi. İkinci dəfə isə Qubadlıya səfər edərək oradakı hərbi birləşmələrdə xidmət edən əsgər və zabitlərimizlə görüşərək onları qələbə münasibətilə bir daha təbrik etdi. Cənab Ali Baş Komandan bir daha vurğuladı ki, bütün işğal olunmuş ərazilər abadlaşdırılacaq. Dağılmış infrastruktur bərpa olunacaq, həyat yenə əvvəlki kimi öz axarı ilə davam edəcək. Prezident İlham Əliyev 2020-ci il dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9376 hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

Cənab Ali Baş Komandanın dediyi kimi rayon işğaldan azad olunduqdan sonra orada bərpa və yenidənqurma işlərinə başlanılıb. Ərazinin minalardan təmizlənmə əməliyyatları ilə yanaşı, infrastrukturun bərpası işləri də davam etdirilir. Müzəffər Azərbaycan ordusunun bölmələri işğaldan azad olunmuş torpaqlarda xidmətini davam etdirir. Düşmənlərimiz və onların havadarları artıq dərk ediblər ki, özgəsinin ata-baba yurdunda yaşamaq haqları yoxdur. Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz.

Cənab Ali Baş Komandan , Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu il ilk dəfə Qubadlı Şəhəri Günü qeyd edilir. Bu gün bütün Azərbaycan xalqı üçün çox önəmlidir. Bu o deməkdir ki, biz hər qarış torpağımıza dəyər veririk, o torpağın azad olunduğu günü əlamətdar gün kimi qeyd edirik.

Çox keçmədən Qarabağdan didərgin düşən insanlar geriyə - öz doğma yurduna qayıdaraq orada yaşayacaqlar və ata-babalardan qalan ənənələr yenə davam edəcək. Yenə qurumuş bulaqlarımız axacaq, ocaqlardan tüstü qalxacaq, evlərdən toy səsi, şənlik səsi gələcək.

Bütün bu xoşbəxt günlər üçün Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevə və Ümummilli lider Heydər Əliyevə minnətdar olacaq. Məhz cənab İlham Əliyev Ümummilli lider Heydər Əliyevin siyasi xətti ilə davam edərək vaxtilə Onun xalqın qarşısında dediyi “Biz torpaqlarımızı azad edəcəyik!” vədini yerinə yetirdi, ürəyimizin yarasına məlhəm qoydu.

Günel Səmədova,
YAP Xətai rayon təşkilatının "P.Həşimov 34" ünvanı üzrə ərazi partiya təşkilatının sədri