26 oktyabr 2023 15:16
220

Qubadlıya öz sahibləri qayıtdı...

“Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedirdi, şəhidlər vermişik. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şükür Həmidova mən Milli Qəhrəman adını Aprel döyüşlərindən sonra verdim, göstərdiyi qəhrəmanlığa görə. Allah ona rəhmət eləsin! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azərbaycan hərbçiləri, o cümlədən Şükür Həmidov dövlət tərəfindən yüksək döyüş ordenləri ilə təltif edilmişdir”.

Bu tarixi sözləri 23 dekabr 2020-ci ildə azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olarkən çıxışında deyib.

Dövlətimizin başçısının hər çıxışı, hər cümləsi, hər sözü Azərbaycan vətəndaşları üçün həmişə ümid olub. Həmin vaxtlarda Prezident hər dəfə işğaldan azad olunan rayonlarımızın, şəhərlərimizin, kəndlərimizin adını çəkərkən hamımız birlikdə sevinc göz yaşlarımıza mane ola bilmirdik.

Artıq Qubadlı rayonun işğaldan azad olunmasından 3 il ötür. Bu müddətdə də Azərbaycan hər sahədə olduğu kimi xarici siyasi arenada da daim inkişaf etdi. Bütün bu işlərin memarı ölkə başçısı Cənab İlham Əliyev oldu.

Prezidentin işğaldan azad olunan rayonlarda etdiyi çıxışlardan aydın görünür ki, o hər kiçik detalı da bütün incəliyi ilə izləyir, analiz edir.

İşğaldan azad edilmiş torpaqlarımız özünəməxsus iqtisadi potensiala malikdir. Qubadlı rayonunun təbiəti olduqca gözəl və zəngindir. Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Rayonun sahəsi 802 kvadrat kilometrdir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.

Lalə Məmmədli,
Bakı şəhəri, Xətai rayonu, 221 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü