26 oktyabr 2023 23:10
416

Bütün planlarımız həyata keçəcək

Dövlət başçısı İlham Əliyev 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışında belə bir əminliyi ifadə etdi ki, gələcəkdə bu kimi daha çox mərasimlər keçirəcəyik

Özünün daxili enerji tələbatını ödəyən Azərbaycan, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. Ölkəmizin  enerji siyasəti, yeni dövrün tələbi olan alternativ enerjidən istifadə ilə bağlı gördüyü işlər, eləcə də hədəfləri dünyanın diqqətindədir.   Azərbaycanın yerləşdiyi coğrafi məkan, malik olduğu təbii resurslar daim diqqət mərkəzində olmasını şərtləndirən əsas amillər olub. Digər mühüm məqam isə həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasətin fonunda bu imkanlardan səmərəli istifadə etmək, ölkələr, xalqlar arasında körpü roluna yeni əlavələr etmək, reallaşdırılan layihələrlə nəinki iştirakçı, eyni zamanda,  dünya dövlətlərinin dayanıqlı inkişafına dəstək olmaqdır.

Azərbaycanın 1994-cü ildən bəri iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrlə regional inkişafa, dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri göz önündədir. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional əməkdaşlığın əsası qoyuldu. İllər keçdikdən sonra əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə böyük zərurət duyuldu. Çoxtərəfli əməkdaşlığın başlanğıc nöqtəsi kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin 2014-cü ildə təməli qoyuldu və nəzərdə tutulduğu vaxtda- 2018-ci ildə rəsmi açılışı oldu. 2018-ci ildə Cənub Qaz Dəhlizinin əsas tərkib hissəsi olan TANAP, 2020-ci il dekabrın 31-də isə digər seqmenti TAP istifadəyə verildi. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, Azərbaycan irəli sürdüyü hər bir layihənin uğurlu sonluqla başa çatmasında maraqlıdır və səylərin birəşlirilməsi fonunda  buna nail olur.

Azərbaycanın enerji sektorunda qazanılan uğurlardan bəhs edərkən Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası göz önünə gəlir. Ölkə Prezidenti «Əsrin müqaviləsi»nin əhəmiyyətindən bəhs edərkən bu fikri daim vurğulayır ki, bu saziş imzalanmasaydı BTC neft və BTƏ qaz kəmərlərindən, onlar da olmasaydı Cənub Qaz Dəhlizindən danışmaq mümkün deyildi. Həmçinin «Əsrin müqaviləsi» imzalanmasaydı, Azərbaycanın bu gün iqtisadi vəziyyətinin, beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olduğunu düşünmək çətin deyildi.  Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın öz təbii resurslarından səmərəli istifadəsinə geniş imkanlar açdı və bu gün dünyanın enerji xəritəsinə ölkəmizin əlavələri, yenilikləri təqdir edilir.  2017-ci ildə «Yeni əsrin müqaviləsi»nin imzalanması da Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir. Azərbaycanda sabitliyin və normal biznes mühitinin yaradılması qısa müddətdə böyük investisiyalar məkanına çevrilməsində əhəmiyyətli rol oynadı. Oktyabrın 26-da Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində dövlət başçısı İlham Əliyev çıxışında bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki,  Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 ildə çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard dollardan çox olub və bunun təqribən 200 milyard  dolları qeyri-neft sektorunun payına düşür. Hazırda iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir.

Uğurlarımız qarşıya qoyulan hədəflərin  və onların icrası üçün düzgün mexanizmin müəyyənləşdirilməsi ilə  mümkün olmuşdur. “Əgər biz oturub gözləsəydik ki, kimsə gəlib bunu bizim əvəzimizə edəcək, hansısa investor gəlib pul qoyacaq, bunların heç biri mümkün olmazdı” söyləyən dövlət başçısı bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafının bütün dövrlər üçün aktual olduğunu bildirir. Ölkəmizdə keçirilən biznes forumlar, həmçinin ölkə Prezidentinin bu və ya digər xarici ölkəyə səfəri zamanı iş adamları ilə görüşləri iqtisadi imkanlarımızın, neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunda mövcud potensialın  təqdimatında əhəmiyyətli rol oynayır.

Son üç ildə günümüzün əsas çağırışlarından biri bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Artıq Azərbaycan tarixi Zəfərinin  yaratdığı reallıqları yaşayır. 2021-ci ildə  istər «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair  Milli Prioritetlər»in təsdiqlənməsi, istər iqtisadi rayonların yeni bölgüsünün aparılması ilə bağlı Fərmanın imzalanması iqtisadi inkişafda yeni bir mərhələnin başlanğıcı oldu.  İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar,  məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının dəfələrlə artacağı proqnozlaşdırılır. Yol-nəqliyyat infrastrukturunun    yenilənməsi, enerji, qaz xətlərinin çəkilişi, bu ərazilərin «yaşıl enerji» zonasına çevrilməsi üçün tapşırıqların verilməsi və sair kimi biri-birindən mühüm addımlar  qarşıya qoyulan hədəflərə qısa zamanda nail olmaqla  Qarabağın yaxın zamanlarda cənnət məkana çevrilməsinə,  xarici investorlar üçün cəlbediciliyinin artmasına geniş imkanlar açacaq. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji  zonası elan edilib. Azad olunmuş  ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və  2000 meqavat külək enerjisi təşkil edir.

Qeyd etdiyimiz kimi,  son  20 ildə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması  əsas prioritetlərimizdən biridir. Çünki uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulub. Bu,  enerji sahəsində istədiyimizə nail olmağa imkan verdi. Bu gün Azərbaycan həm xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir. Bizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Hər bir yeni stansiyanın inşa olunması ixrac imkanlarımızı da artırır.  Prezident İlham Əliyev 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında « Əminəm ki, bu, böyük bir yolun, iki qardaş ölkənin böyük yolunun başlanğıcıdır. Bu gün biz nisbətən qısa zamanda - təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir. Mən Azərbaycanın inkişafına verdiyi bu möhtəşəm töhfəyə, həmçinin yaşıl enerjiyə keçidlə bağlı ölkəmizə sadiqliyinə görə “Masdar”ı, onun rəhbərliyini təbrik etmək istərdim» söyləyərək onu da bildirdi ki, bu gün qonaqlarımız arasında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd nazirini, həmçinin qardaş ölkədən böyük nümayəndə heyətini görməkdən qürur duyuruq. Bu, tərəfdaşlığımızın və dostluğumuzun yaxşı nümunəsidir, eləcə də hər iki ölkənin bugünkü mərasimə böyük əhəmiyyət verdiyini nümayiş etdirir. Bu, regionda ən böyük günəş elektrik stansiyasıdır. Bu, sadəcə, başlanğıcdır.

Qeyd edək ki,  9 yanvar  2020-ci il  tarixində Azərbaycanın Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında İcra müqaviləsi imzalanmışdır. Müqaviləyə uyğun olaraq “Masdar” şirkəti tərəfindən 230 MVt gücündə günəş stansiyasının tikintisi ilə bağlı pilot layihənin icra edilməsi nəzərdə tutulmuşdur. Bu istiqamətdə 2021-ci ilin 6 aprel tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanmışdır. Nəzərdə tutulan 230 MVt gücündə günəş elektrik stansiyasının Ələt qəsəbəsindən 9 km şimal-qərbdə yerləşən ərazidə tikintisi planlaşdırılmışdır.

İlkin hesablamalara əsasən, stansiya tərəfindən illik 500 milyon kVt·st elektrik enerjisi istehsal olunacaq, bu isə ildə 110 milyon kubmetr təbii qaza qənaət etməyə və 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 110 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcəkdir. Layihənin ümumi dəyəri təqribən 200 milyon  dollar təşkil edir və tam olaraq xarici investisiya hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2022-ci ilin 15 mart tarixində  Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin iştirakı ilə “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Artıq Elektrik Stansiyasının oktyabarın 26-da açılışı oldu.

Cənab İlham Əliyev açılış mərasimindəki  çıxışında bu mühüm məqamı da xüsusi qeyd etdi ki, bu gün üç investisiya sazişi imzalanacaq. Planlarımız daha genişdir. Mərhələlərlə 10 qiqavata qədər bərpa olunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq. Bu, regionun enerji inkişafında tam bir inqilab olacaq. Çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu,  təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir.

Qeyd edək ki, Azərbaycanda bərpa olunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Statistik rəqəmlərə diqqət yetirək. Belə ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub.  Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.

Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Yaxın gələcəkdə yeni layihələrin başlanmasına start veriləcək. Böyük potensial işğaldan azad edilmiş ərazilərdədir. Postmüharibə dövründə Şuşada, Füzulidə, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Qubadlıda yarımstansiyaların, “Güləbird” və “Kəlbəcər-1” Su Elektrik stansiyalarının istifadəyə verilməsi, habelə “Yaşıl enerji” konsepsiyasının tətbiqinə hazırlıq istiqamətində atılan addımlar bölgənin dayanıqlı enerji təminatına zəmin yaradır.

Sözügedən açılış mərasimindəki çıxışında Azərbaycanın enerji dilomatiyasından, qarşıya qoyulan hədəflərə, planlara zamanında nail olduğumuzu əsaslı şəkildə diqqətə çatdıran  dövlət başçısı İlham Əliyev bildirdi ki, növbəti illərdə biz qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirməsini təmin edəcək dövlət proqramını icra etməyi planlaşdırırıq. Bu, çox zəruridir. Ölkəmizin təbii sərvətlərinin istifadəsi üçün böyük potensialın olduğunu bildirən  dövlət başçısı külək enerjisinin potensialını xüsusi vurğuladı. Qeyd etdi ki, külək həmişə, xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin mənbəyi olub. Lakin indi külək təbii sərvətdir. Bunu ola bilsin, 10-20 il bundan əvvəl təsəvvürə gətirmək çətin olardı. Lakin indi bu belədir və xüsusilə Xəzər dənizində külək çox güclüdür, hətta bu gün buradakı külək onu göstərir ki, bu potensial buradadır.

Bərpa olunan enerji sahəsinə investisiyalar Azərbaycana böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə olunur.

Cari ilin ötən dövründə  enerji sektorunda  atılan  mühüm addımlara diqqət yetirək. Belə ki, fevral ayında  Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərin 1-ci iclası çərçivəsində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında “Dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi”, “Quruda 1 QVt külək stansiyasının yaradılmasına dair İcra Müqaviləsi” və “Azərbaycan Respublikasında enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu” imzalandı.  May ayında “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “Maire Tecnimont” şirkəti arasında enerji keçidi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Memorandumun məqsədi tərəflər arasında enerji məsələləri, o cümlədən bərpa olunan enerji, “yaşıl enerji”yə keçid və enerji səmərəliliyi ilə bağlı sahələr üzrə əməkdaşlığın gücləndirilməsindən ibarətdir. Sənəd, həmçinin aşağı karbon texnologiyaları, tullantılardan enerji istehsalı, “yaşıl hydrogen”, bioyanacaqlar, həmçinin metan emissiyalarının azaldılması kimi sahələrdə əməkdaşlıq imkanlarının araşdırılmasını əhatə edir. İyun ayında  Energetika Nazirliyi ilə Çinin “China Gezhouba Group Overseas Investment” şirkəti arasında Azərbaycanda 2 QVt gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalandı. Memorandum Azərbaycanda sənaye miqyaslı günəş enerjisi, quruda və dənizdə külək enerjisi, enerji saxlama və inteqrasiya olunmuş ağıllı enerji sistemləri, həmçinin yaşıl hidrogen istehsalı layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi üzrə əməkdaşlığı ehtiva edir. 3 iyun 2023-cü il tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində Naxçıvan Muxtar Respublikasında “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda keçirilən xüsusi sessiyada Energetika Nazirliyi “Nobel Energy Management” şirkəti ilə Naxçıvan Muxtar Respublikasında 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyə Respublikasına ixracı üzrə əməkdaşlığa dair, “TotalEnergies” şirkəti ilə 250 MVt gücündə quruda külək, Naxçıvan Muxtar Respublikasında 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair anlaşma memorandumları imzalanmışdır.

Dövlət başçısı İlham Əliyev Azərbaycanın enerji sektorunda qazandığı uğurların və hədəflərinin təhlili əsasında belə bi ümumiləşdirməni apardı ki,  bunlar  planlarımızdır və müstəqillik tariximiz bizim təkcə enerji sahəsində deyil, bütün sahələrdə planlarımızın gerçəkləşdiyini göstərir: «Çünki bizim siyasi iradəmiz var, bizim cəmiyyətdə birlik var. Bizim Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlər kimi möhtəşəm tərəfdaşlarımız var. Əminəm ki, biz bütün məqsədlərimizə nail olacağıq və gələcəkdə bu kimi daha çox mərasimlər keçirəcəyik.»

Oktyabrın 26-da  Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında sənədlərin imzalanması mərasimi oldu. Azərbaycan Hökuməti tərəfindən energetika naziri Pərviz Şahbazov, SOCAR tərəfindən iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Neftçala rayonunun Bankə qəsəbəsində Günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni, “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Biləsuvar rayonunda Günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni və “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company-Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni imzaladılar.

Dövlət başçısı İlham Əliyev keçilən yolun təhlili əsasında bu  əminliyi də  ifadə etdi ki, bütün məqsədlərə nail olunacaq.

Yeganə Əliyeva, «İki sahil»