27 oktyabr 2023 00:58
417

Avropa İttifaqının "əsəb yoxlaması"

Azərbaycan bu imtahandan da qalib çıxdı

Qarabağ problemi həllini tapandan sonra Qərbin ermənipərəst dairələri, xüsusilə Fransa necə deyərlər, "qaşınmayan yerdən qan çıxarmağa" çalışır. Hərdən özündən bir mübahisəli məsələ çıxarıb ortalığa atır, sülhə gedən yolda qaratikan kolu kimi bitir. Növbətisini isə bu günlərdə uydurub.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Brüsseldə oktyabrın sonunda nəzərdə tutulan üçtərəfli (Əliyev-Paşinyan-Mişel) görüşün olmayacağı barədə açıqlamasının ardınca Ermənistan XİN başçısı Ararat Mirzoyan bu suala aydınlıq gətirib. O bildirib ki, görüş “Azərbaycan Prezidentinin vaxtı olmadığı üçün təxirə salınıb”.

Bir az geri qayıdaq. 5 oktyabrda Prezident İlham Əliyev Qaranadadan imtina etdi – Avropa Birliyinin üçüncü sammitində beştərəfli (Əliyev-Paşinyan-Makron-Şolts-Mişel) görüşü nəzərdə tutulurdu. Prezident Əliyevin səfərdən imtinasının səbəbi kimi Türkiyə liderinin görüşdə iştirakını tələb etməsi və buna müsbət cavab almaması göstərilirdi. Bəli, belə də olmalıdır. Uzun illərdir ki, Azərbaycanın ədalətli, beynəlxalq hüquq normalarına əsaslanan mövqeyini müdafiə edən bir dövlət danışıqlara yaxın buraxılmır. əvəzində Fransa kimi qatı ermənipərəst ölkəni başa keçirirlər. Təbii ki, bu, Qərbin ədalətsiz siyasətinin nəticəsi idi.

Əlbəttə, Fransa və Almaniyanın (Makron və Şoltsun) vəziyyətdən istifadə edərək vasitəçi kimi həm də siyasi danışıqlarla Cənubi Qafqazda “söz sahibinə” çevrilməsi, Türkiyənin isə danışıqlardan kənarda saxlanılması geopolitik baxımından Azərbaycanın maraqlarına və mövcud real şəraitə uyğun deyil. Ona görə də Azərbaycan Prezidenti öz etirazını belə diplomatik gedişlə bildirdi. Nə üçün vasitəçilərin hamısı ermənipərəst olmalıdır? Bu cür ögey münasibət niyə davam etməlidir?

Bişkekdə keçirilən MDB dövlət başçılarının görüşünə isə Paşinyan qatılmadı. Qranadadan cəmi 1 həftə sonra Ermənistanın üzvü olduğu qurumun sammitinə Paşinyanın qatılmaması birmənalı qarşılanmadı. Hələ o zaman danışıqların “Qərb platformasında” davam etdiriləcəyi barədə fikir irəli sürülsə də, Azərbaycanın bunda ciddi maraqlı olmadığı da görünürdü. Səbəb isə əslində bu gün Klaarın açıqlamasında gizlənib. Klaar görüşün olmayacağı barədə açıqlamasında bildirir ki, görüşdə sülh müqaviləsi və “ermənilərin Qarabağa qaytarılması üçün sazişin imzalanması” nəzərdə tutulurdu.

Azərbaycan Prezidenti ermənilərin Qarabağa məcburi qaytarılmasını nəzərdə tutan Makron hiyləsinin qondardığı hansısa sazişə imza atardımı? Əlbəttə, yox.  Ermənilərin Azərbaycana məcburi şəkildə köçünü təşkil etməyə çalışan Makron Qranadada buna nail olmadıqdan sonra Brüsseldə nəyi  strateji məqsədlə həyata keçirmək istəyir? Apaydın işdir, yuxarıda söylədik.

Reallığı əks etdirən gündəlik isə belədir: Azərbaycanla Ermənistan arasında sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası, o cümlədən regional kommunikasiyaların blokdan çıxarılması, Zəngəzur dəhlizinin açılması. Bu gündəliyə ermənilərin zorla, Bakının üzərinə xüsusi öhdəlik qoyulmaqla Qarabağa qaytarılması ideyası baş tuta bilməz. El arasında belə bir deyim var: Gədəni gətirdilər. Ancaq saysız-hesabsız qələtlər qırmış o gədələri heç kəs Azərbaycana zorla gətirə bilməz.  Hiss olunur ki, nə qədər bu mövzunu müzakirə edəcək yığıncaqlar olacaqsa Prezident  İlham Əliyevin də orada iştirak etməyə “vaxtı” olmayacaq. Özlərini ağıllı siyasətçi kimi aparanlar bu sadə həqiqəti dərk edib əməllərində düzəliş etsələr daha düzgün olardı. Onlar bələddirlər ki,  Azərbaycan Prezidentinin  iradəsi də, əsəbləri də kifayət qədər möhkəmdir. Anlamalıdırlar ki, nəhayət, uzun sürən axmaq yoxlamalarını da, mənasız inadlarını da yerə qoymağın zamanıdır.

Vəli İlyasov, "İki sahil"