27 oktyabr 2023 00:09
414

Qrant naminə erməniləşən simasızların əyilən boyunları heç vaxt düzəlməyəcək

AXCP sədri Əli Kərimli kimi!

Özlərini iqtidara, xalqa müxalif hesab edən qaragüruhçuların heç vaxt daim həsrətində olduqları sosial bazaları olmayıb. Hərdən beş-üç nəfəri pulla aldadıb hay-küy salsalar da sonda meydanda «Bir həsir, bir də Məmmədnəsir» kimi tək qalıblar. Elə indi də bu sarıdan kasaddırlar. Əlacsızlıqdan, maliyyə mənbələri olan xarici ağalarını razı salmaq, guya hələ var olduqlarını bildirmək üçün özləri kimi, antimillilərin sosial şəbəkələrinə verdikləri şər-böhtan xarakterli «müsahibələrində» iç üzlərini, qarın ağrılarını bildirirlər. Bu sahədə AXCP sədri Əli Kərimliyə çatan olmaz. Özünü siyasətçi kimi qələmə verdiyi gündən bir dəfə də olsun dilindən xoş söz eşidilməyən, hətta sətiraltı da olsa guya yaxın bildiyi özünə bənzər simasızlar haqqında belə müsbət fikir söyləməyən Əli Kərimli cəhənnəm zəbanisi kimi ətrafına od puskürür.

Dağıdıcı düşərgədə radikallığı, araqarışdırmaq məharəti ilə öndə gedən, adı «islahatçı» olsa da pas atmış, çamur bağlamış fikirlərini köhnə palanı söküb içindən biz axtaran sayaq gündəmə gətirən qaragüruhçu Əli Kərimli xasiyyətini dəyişmir. Dəyişə də bilməz. Çünki xarici ağalarına sırıdığı böhtanlar müqabilində aldığı qrantlar kəsilər.

Azərbaycanın illərdən bəri qazandığı siyasi, iqtisadi, diplomatik uğurlarına qara yaxmaqla məşğul olan, insan hüquqlarının, söz, mətbuat azadlığının qorunduğu demokratik respublikamıza qarşı böhtanlar yağdıran, etdiyi müxtəlif cinayətlərə görə həbs olunanları «hüquqları pozulan vətəndaş», « siyasi məhbus» kimi qələmə verən Əli Kərimlinin dərdi-azarı ölkəmiz haqqında mənfi imic formalaşdırmaqdır. Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın iqtisadi uğurları nümunə göstərilirsə, ölkəmizdə mühüm əhəmiyyətli beynəlxalq tədbirlər keçiriləndə Əli Kərimlinin canına vicvicə düşür, yuxusu ərşə çəkilir. Çünki erməni dayılarından, xarici havadarlarından aldığı qrantların miqdarı azalır.

Özünün qarayaxma statuslarında AXCP Abşeron rayon şöbəsinin üzvü Elbəyi Kərimliyə, partiya fəallarından Mehman Həbibova, Əmrah Təhməzova, Möhyəddin Orucova qarşı guya polis tərəfindən pis rəftar edilməsindən narahat olan « yurd» şefi iqtidarda olduqları zaman məhkəməsiz həbsə atdırdıqları günahsız insanların talelərini unudub. İqtidar kreslosunu zəbt etdikləri, Ermənistanın torpaqlarmızı işğal etdikləri o ağır illərdə silah tutmağı belə bacarmayan, qırğına verdikləri gəncləri xatırlamır.

Dağıdıcı düşərgədə ağalıq etmək istəyən Əli Kərimlinin xüsusilə siyasi kampaniyalar ərəfəsində çıxardığı oyunları çoxları xatırlayır. Min fırıldağa əl ataraq, ən yaxın bildiyi partiyadaşlarına belə kələk gələn Əli Kərimlinin ikibaşlı oyunlarından zərər çəkənlər «islahatçı sədr»in saman altından su yeritmə siyasətindən lələdağlıdırlar.

Əli Kərimliyə sual vermək lazımdır ki, özünə xas etalonuna görə yaxşı bildiyi , bəyəndiyi kimsə, nə isə varmı? Təbii ki, bədniyyətli «islahatçı sədr»in bu sualları cavablandıracaq arqumenti ola bilməz. Çünki əgər deyilən yalan söz, sosial şəbəkədə yayılan böhtan üçün cəza tədbirləri görülsəydi ilk növbədə bu sahədə bənzəri olmayan Əli Kərimli çoxdan dəmir barmaqlıqlar arxasında olmalı idi. Nəinki iqtidara, hətta eyni düşərgədə təmsil olunduqları partiya sədrləri barədə söylədikləri yalanların hər biri haqqında cinayət işi qaldırmaq olardı. Amma demokratik respublika olan, söz, mətbuat, vicdan azadlığı qorunan ölkəmizdə hər kəs mövqeyini bildirməkdə sərbəstdir. Görünür «Ölkələr aşıb, it hürüb» məsəlinə oxşar okeanın o tayından, «Osmanqızı TV»dən ölkəmizə böhtanlar yağdıran Əli Kərimlinin bəd niyyətli qəlbində, düşüncəsində ağ rəngə yer yoxdur. 30 il işğal altında qalan torpaqlarımızın azad olunmasına, beynəlxalq ekspertlərin belə etiraf etdikləri Silahlı Qüvvələrimizin rəşadətinə kölgə salan, xarici ağalarının dili ilə danışıb , göstərişi ilə böhtanlar yağdıran Əli Kərimli üçün doğma ocaqlarına qayıdan keçmiş köçkünlərin sevincləri də heç nə ifadə etmir. Çünki milli mənsubiyyətini çoxdan avropalı ağalarına satan bu zat üçün Vətən məfhumu arxaikləşib. Özünü «azadlıq aşiqi, demokrat» kimi qələmə versə də, işğaldan azad edilmiş torpaqlarımızda varlığımızın, azadlığımızın rəmzi olan üçrəngli bayrağımızın dalğalanması da onun itirilmiş vicdanına təsir etmir. Xankəndini tərk edən ermənilər belə Azərbaycanda qalıb yaşamaq istəklərini etiraf edirlər. İşğaldan azad edilmiş ərazilərdə qısa müddətdə aparılan bərpa-quruculuq işlərindən heyrətlənən xarici qonaqlardan fərqli olaraq Azərbaycan üçün heç nə etməyən, daşı-daş üstə qoymayan, əksinə ölkəmizə qarşı böhtanlar yağdıran qaragüruhçu Əli Kərimlinin fikrincə Xankəndidə dalğalanan bayrağımız belə öz-özünə buradan asılıb. Siyasi karlığa, korluğa məhkum milli xəyanətkar Əli Kərimli unudub ki, ondan fərqli olaraq bu günlər üçün nə qədər qeyrətli oğullarımız Vətən yolunda şəhid olub. Onda bu müqəddəs duyğulara etinasızlıq təbiidir. Çünki vicdanını yadlara satan əlilərin Vətən, torpaq, yurd təəssübü də olmur. Belələri yadlardan aldıqları haram pullarla manqurtlaşırlar. Əli Kərimlinin statusunda özü kimi Vətən xainlərinə ünvanladığı «Əlbəttə, bir gün qəddimiz düzələcək!» kimi sərsəmləmələrinə cavab olaraq deyirik: Ay haram pullardan gözü kor olan bixəbər. Xalq artıq qəddini düzəldib. Sizin 30 il bundan əvvəl ermənilərə satdıqlarınız torpaqlar cənnətə çevrilir. İnsanlar qurub-yaradırlar. Əlilərin dayılarının torpaqlarımıza vurduqları yaraları sağaldırlar. Ermənidən betər satqınların, «hay»ların «yan»larına yamaq olanların, yad qoltuqlarına sığınanların əlləri boşda qalacaq. Amma böhtanları, xəyanətləri ilə Azərbaycanın dünyanı dolaşan ehtişamına, nüfuzuna qara yaxan simasızların önündə gedən Əli Kərimli kimilərinin ağalarının qarşısında əyilən boyunları heç vaxt düzəlməyəcək.

Xuraman İsmayılqızı, «İki sahil»