27 oktyabr 2023 01:37
442

Fransa Ermənistanı yeni müharibəyə sürükləyir

Ancaq anlamalıdır ki, İkinci Qarabağ müharibəsindən sonra hərbi-siyasi iflasa uğrayan Hayastan Azərbaycanla savaşmaq iqtidarında deyil

Hələ də məkrli siyasətinə sadiq qalan Fransa Prezidenti Emmanuel Makronun Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasına maneçiliyi davam edir.  Hazırda onun bütün fəaliyyəti Ermənistanla Azərbaycan arasında hərbi-siyasi qarşıdurmanı dərinləşdirməyə yönəlib. Təbii ki, bu islamofobiya ölkəsi sözügedən prosesdən tamamilə kənarlaşdırılmayınca bölgədə sabitliyə ümid bəsləmək mümkün deyil.  Xüsusilə son zamanlar Fransa Ermənistanı ən müasir silahlarla təchiz etmək niyyətini açıqlayıb. Məqsəd  darmadağın olmuş hayları revanşist addımlar atmağa sövq etməkdir.

Hətta iş o yerə çatıb ki, Rusiya mediası belə, Fransanın Cənubi Qafqazda aktivləşməsinin arxasında təhlükəli məqamların gizləndiyini bildirir.  Rusiyalı siyasi şərhçilər iddia edirlər ki, Fransanın Afrikada keçmiş koloniyalarından biabırcasına qovulması  və əvəzində Rusiyanın orada möhkəmlənmək istəməsi Makronu  özündən çıxaran mühüm səbəblərdən biridir.Çünki  Fransanın əsas gəlir mənbəyi hesab olunan Nigerdə son etirazlar zamanı Fransa bayraqları ayaqlar altına atılıb, əvəzində də Rusiya bayraqları qaldırılıb. Niger də bu məsələdə tək deyil, məsələn, analoji hal Qabonda da baş verib. Ona görə də Fransa  Rusiyadan qisasını Ermənistanda çıxmağa çalışır.

O da gün kimi aydındır ki, Fransanın Rusiyanı Cənubi Qafqazda əvəz edə bilməsi mümkün deyil. Ona görə ki,  Rusiyanın Ermənistanda hərbi bazası var. Məhz bu səbəbdən də Makron Ermənistana yalnız silah verməklə kifayətlənə bilər. Bu məqamda maraqlı suallar yaranır: Niyə NATO-ya üzv ölkələr  Türkiyənin Rusiya istehsallı S-400 hava hücumundan müdafiə raketlərini almasına sərt reaksiya veririlər, amma Rusiyanın himayəsindəki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistana Fransa silahları verilməsinə göz yumurlar? Çünki hələ də  NAT üzvü olan bir çox ölkələrdə geosiyasi məsələlərə yanaşmada qərəz və ikili standartlar  mövcuddur.

Bir sözlə, görünən odur ki, mövcud olduğu gündən Rusiyanın forpostu kimi tanınan Ermənistan indi də Fransanın əlində oyuncağa çevrilib. Yəni, haylar hələ də qul psixologiyasından qurtula bilmirlər. Burada diqqətçəkən digər məsələ isə odur ki, yalnız Azərbaycan deyil, həm də bölgənin böyük dövlətləri  Türkiyə, Rusiya və İran Fransanın Ermənistan üzərindən bölgəyə gəlməsinə qarşıdırlar.

Makron Fransası əslində bu gün Ermənistana yüz milyonlarla dollar dəyərində silah-sursat verməklə Cənubi Qafqazı Suriyaya, Ukraynaya çevirmək kimi təhlükəli planını reallaşdırmağa çalışır. Ancaq anlamalıdır ki, İkinci Qarabağ müharibəsindən sonra hərbi-siyasi iflasa uğrayan Hayastan Azərbaycanla savaşmaq iqtidarında deyil. Fransa silahların əvəzinə haylara iqtisadi- ticari köməklik etsə Ermənistanın inkişafına daha çox dəstək vermiş olardı. Digər tərəfdən, Makronun siyasi fəaliyyətindəki riyakarlıq özünü onda biruzə verir ki, o, Yaxın Şərqdə İsrailləHƏMAS arasında sülh təşəbbüsü ilə çıxış edir. Amma Cənubi Qafqazda isə Ermənistanı sürətli silahlandırmaqla onu yeni müharibəyə sövq edir.

Avropada islamofobiya və anti-Türkiyə hərəkətləri ilə daha çox fərqlənən və 30 ildən artıq davam etmiş Ermənistan-Azərbaycan münaqişəsində daim ermənipərəst mövqe sərgiləyərək ölkəmizə qarşı ədalətsiz qərarların qəbul olunmasına çalışan Fransa «qoca qitə»nin üz qarasına çevrilib. Təbii ki, zaman-zaman işğalçı Ermənistanı və qondarma «erməni soyqırımı»nı dəstəkləyən Fransanın ermənilərə sevgisi səbəbsiz deyil: Bu dövlətlər, yəni Ermənistan ilə Fransa eyni xislətin və barbarlığın daşıyıcılarıdır. Hər iki dövlət həmişə beynəlxalq hüquqa hörmətsizlikləri ilə, başqa xalqlara qarşı soyqırımlar, kütləvi qırğınlar və müharibə cinayətləri törətməklə tarixdə iz qoyublar.  

Xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizdən sonra Fransa daha da quduzlaşaraq ölkəmizə qarşı hüquqazidd addımlar atmağa başladı. Hətta Azərbaycanın Qarabağdakı ədalətli lokal antiterror tədbirlərini  ermənilərə qarşı soyqırımı kimi tanıtmağa çalışdı. Təbii ki, Fransadan fərqli olaraq bir çox dünya gücləri 44 günlük müharibədə qəhrəmanlığımızın şahidi olmaqla bərabər, həm də ədalətli mübarizəmizi dəstəklədilər.

Heç şübhəsiz ki, Fransanın Cənubi Qafqazın hərbi və iqtisadi baxımdan ən güclü ölkəsi olan Azərbaycana qarşı riyakarlıqları ona baha başa gələcək. Xüsusilə Prezident İlham Əliyevin bəyanatlarında açıq şəkildə göstərilir ki, Fransa bundan sonra heç vaxt Cənubi Qafqazda sülh danışıqlarında, ümumilikdə geopolitik proseslərdə iştirak edə bilməyəcək. Eyni zamanda, ölkəmizin başçısı Fransanı sülh danışıqlarından kənarlaşdırmaqla kifayətlənməyərək bu dövlətin yaxın keçmişdə Afrikada törətdiyi kütləvi soyqırımlarını da həm rəsmi Parisə, həm də dünya ictimaiyyətinə xatırladıb. Bununla da Fransaya olduqca ciddi  xəbərdarlıq edib.

Elçin Zaman, «İki sahil»