27 oktyabr 2023 02:36
647

Kanadanın Makronsayağı çirkin siyasəti

Təcavüzkar Ermənistan üçün dəridən-qabıqdan çıxan ölkələrdən biri də Cənubi Qafqazla heç bir əlaqəsi olmayan, hayların qondarma “soyqırımı”nı tanıyan Kanadadır. Şübhəsiz, bütün bu kimi amillər Kanadada fəaliyyət göstərən erməni diasporunun fəaliyyəti ilə əlaqədardır. Elə 44 günlük İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı erməni lobbisinin əsiri olan Kanadanın ermənipərəst mövqe sərgiləməsi, böhtanlarla dolu bəyanatlar səsləndirməsi bunun nəticəsi idi.

Sözügedən ölkə bu gün də “ənənə”sinə sadiq qalmaqdadır. Belə ki,  oktyabrın 25-də İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat brifinqində Kanadanın xarici işlər naziri Melani Joli hazırda iki ölkə arasında münasibətlərin mühüm mərhələdə olduğunu qeyd edib. O, Kanadanın yeni səfirliyinin İrəvanda rəsmi olaraq açılışını da bu  yeni mərhələnin məhsulu kimi dəyərləndirib. Şübhəsiz, səfirlik açmaq, bununla əlaqədar tədbirə qatılmaq qəbahət deyil. Amma bu səfirlik o səfirliklərdən deyil. Çünki belə bir səfirliyin açılmasında Kanadanın əsas məqsədi Ermənistanın əli ilə anti-Azərbaycan fəaliyyətini maksimum səviyyəyə çatdırmaqdır. Kanada, həmçinin bölgədə möhkəmlənmək niyyətində olan Fransanın təkidi ilə Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq missiyasına da qoşulub. Yeri gəlmişkən, Kanada Aİ-nin Ermənistanda­kı missiyasına qoşulan yeganə qeyri-Avropa ölkəsidir. Müşahidəçilər missiyasının Cermukdakı ofisinə baş çəkən Melani Joli ölkəsinin Ermənistana müşahidəçi göndərmək arzusunu  da dilə gətirib.

Şübhəsiz, Kanadanın bu addımları işğalçı dövlətə sevgisindən qaynaqlanmır. Bu, yalnız və yalnız təsiri altına düşdüyü Makron Fransasının ardınca getmək, onun etimadını doğrultmaqdır. Bütün bu təlimatları  həyata keçirən, ölkəmizə qarşı qərəzli açıqlamaları ilə tanınan, erməni diasporunun pul kisəsindən asılı olan, elə bu səbəbdən onların dedikləri ilə oturub-duran fransızdilli kanadalı Melani Jolidir.

Xanım nazirin mətbuat üçün keçirdiyi brifinqdə səsləndirdiyi fikirləri diqqətlə analiz edəndə belə qənaətə gəlmək olur ki, erməni separatçılarına dəstək göstərmək, könüllü olaraq Ermənistana köçənlərin guya Azərbaycanın zorakılığı nəticəsində “qaçqın” düşdüyünə dair sərsəm açıqlamalar vermək Kanada xarici siyasət idarəsinin səfər gündəliyinin əsas məzmununu təşkil edib.  Şübhəsiz, o, bununla Azərbaycana beynəlxalq təzyiq alətləri formalaşdırmağa çalışır. Halbuki, rəsmi Bakı Qarabağın er­məniəsilli sakinləri ilə bağlı beynəlxalq huma­nitar hüquqdan kənar heç bir addım atmayıb. Qarabağın erməni sakinləri bölgədən zorla çıxarılmayıb, əksinə dövlətimiz onların qalma­sında maraqlı olub. Yəqin ki, bütün bunları Melani Joli də bilməmiş deyil. Ya da bu onun ümumiyyətlə, bölgədəki real vəziyyətdən xəbərsiz olduğuna dəlalət edir.

Bütün bunlar isə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyildiyi kimi, bölgədə heç bir humanitar böhran olmayan bir şəraitdə kanadalı nazir tərəfindən bunun əksinin iddia edilməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq dəstək verilməməsi, eləcə də Ermənistanın 30 il işğalda saxladığı ərazilərimizdən məcburi köçkün düşmüş və Ermənistandan zor gücü ilə deportasiya olunmuş qaçqınların vəziyyəti ilə maraqlanmaması Kanada tərəfindən ölkəmizə qarşı göstərilən açıq qərəzin bariz nümunəsidir. Görünür, Kanada da Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibə­sində Zəfər çalaraq, ərazi bütövlüyünü bərpa etməsini və bu il keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində bütün ölkə üzərində suverenliyinin bərqərar olunmasını heç cür qəbul edə bilmir. 

Onu da bildirək ki, Azərbaycana hansısa sanksiyaların tətbiq olunması məsələsi hayların ən böyük niyyətlərindən biridir. Mətbuat brifinqində Melani Joli Azərbaycana qarşı mümkün sanksiyalar məsələsinin avropalı tərəfdaşlarla müzakirə edildiyini də diqqətə çatdırıb.  Qeyd edək ki, bir müddət əvvəl Melani Joli bununla bağlı belə bir açıqlama vermişdi: “Biz bu ölkəyə (Azərbaycan nəzərdə tutulur-red.) maksimum təzyiq göstərmək üçün bir sıra başqa ölkələrlə də sanksiyalar məsələsini nəzərdən keçirməyə meyilliyik. Bir sözlə, hər şey müzakirə olunur”. Xanım  nazir hələ də anlamır ki, ölkəmizə qarşı hansısa sanksiyalar tətbiq olunsa belə, Azərbay­can haqq işi uğrunda mübarizəni dayandırmayacaq. Bu məqamda Prezident İlham Əliyevin aşaığıdakı sözlərini xatırlatmaq yerinə düşərdi: “Bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiy­yəti yoxdur və olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz”. Bu, bir daha göstərir ki, Kanadanın Ermənistanda səfirlik açması,  missiyaya  qoşulması, sərsəm bəyanatlar səsləndirməsi heç nəyi dəyişməyəcək. Yəni, Kanadanın bu kimi siyasi manipulyasiyaları  bölgədə söz sahibi olan Azərbaycan üçün hansısa ciddi təhdidlər demək deyil. Amma bu, bir reallıqdır ki, Kanada özünün düşünülməmiş siyasəti ilə Fransa kimi Cənubi Qafqazda biabırçı flaskoya uğrayacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”