26 oktyabr 2023 23:56
423

Bu gün Qubadlı şəhəri öz tarixi memarlıq üslubunu saxlamaqla yenidən qurulur

25 oktyabr 2023-cü il Qubadlı şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin üçüncü ildönümüdür. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı və 44 gün davam edən əks-hücum əməliyyatlarının 29-cu günü, oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib.

İşğal dövründə Ermənistan rəhbərliyi xaricdən gələn erməniləri Qubadlı  rayonunun Xanlıq kəndində qeyri qanuni məskunlaşdırmışdır. Cenevrə Konvensiyasına görə işğal edilən ərazilərdə qanunsuz məskunlaşdırma aparan ölkə cinayət törətmiş hesab olunur. Qubadlı ərazisində Ermənistan  ordusu güclü istehkamlar qurmuşdur. Rayonu işğaldan azad etmək uğrunda Azərbaycan Ordusu xüsusi qəhrəmanlıq göstərmişdir. Düşmən yüksəkliklərdə istehkam qurmuşdur və Azərbaycan  hərbiçilərini atəş altında saxlayırdı. Azərbaycan Ordusu  ilk olaraq yüksəklikdə yerləşən erməni ordusunun hərbi texnikalarını və canlı qüvvələrini məhv edərək hakim yüksəklikləri ələ keçirdi.  Azərbaycan Ordusunun zabit və əsgərlərinin peşəkarlığı, fədakarlığı və qəhrəmanlığı nəticəsində  oktyabrın 25-də Qubadlı şəhəri düşməndən təmizləndi və şəhər tamamilə Azərbaycan  Ordusunun nəzarətinə keçdi. Noyabrın 9-na dək Qubadlı şəhəri də daxil olmaqla 41 kəndi işğaldan azad edildi.

Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan  Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu  Prezidentin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdi. Qubadlı rayonu təbii yataqları ilə fərqlənir. Rayonun işğaldan azad edilməsi ilə tikinti sektorunun tam tələbini yerli ehtiyatlar hesabına qarşılamaq mümükündür. İndi bütün işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma işləri gedir. Artıq Qubadlı şəhərinin, rayonun işğaldan azad edilmiş kəndlərinin müasir tələblər səviyyəsində yenidən qurulması və bərpası işləri görülür.

Qubadlının işğaldan azad edilməsinin üçüncü ildönümü ərəfəsində Müdafiə Nazirliyinin xətti ilə döyüşlərin getdiyi ərazilərə media-tur təşikil edidi. 30 ilə yaxın müddət ərzində işğal altında olarkən viran qoyulmuş, infrastrukturu tam dağıdılmış bu ərazidə Azərbaycan Ordusunun şəxsi heyəti üçün səhra şəraitinə uyğun nəzərdə tutulmuş müxtəlif təyinatlı modul tipli komplekslər inşa edilərək ən müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunub.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfər edir, görülən işlərlə yaxından tanış olur, bir sıra sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edirlər. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunub. Bu gün Zəngilandan Qubadlıya, Laçına ən müasir tələblərə uyğun yollar çəkilir. Cari ilin 4 may tarixində Qubadlıya növbəti səfərində ölkə başçımız Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, tam orta məktəbin, Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlini qoymuşdur. Bu gün Qubadlı şəhəri öz tarixi memarlıq üslubunu saxlamaqla dünya şəhərsalma prinsiplərinə uyğun müasir şəkildə yenidən qurulur.  Hazırda Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri həyata keçirir, bütöv şəhər və kəndlər, yaşayış massivləri, infrastruktur müasir tələblər əsasında qurulur. Şərqi Zəngəzurun dirçəliş dövrü başlayıb. Böyük əhəmiyyət kəsb edən infrastruktur lahiyələr uğurla icra olunur, yurdumuzun işğaldan azad edilən ərazilərinə yeni bir həyat gəlib.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı