25 oktyabr 2023 22:06
480

Tezliklə Qubadlılar da  öz tarixi torpaqlarında əbədi yaşamaq üçün dədə-baba yurdlarına dönəcəklər

25 oktyabr – Qubadlı şəhərinin şanlı ordumuz tərəfindən azad olunmasından 3 il ötür. Prezident İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunacaq. Sərəncama əsasən, “25 oktyabr – Qubadlı şəhəri günü” elan edilmişdir.
İki il bundan əvvəl  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə  Qubadlı rayonunda keçirilən görüş biz qubadlıların   yaddaşına əbədi həkk olunacaq.   Baxmayaraq ki, hər addımda erməni vandalizminin şahidi olurduq. Lakin burada aparılan quruculu işləri  insanda  qürur hissi yaradır.  

Əgər Ulu Öndər Heydər Əliyev Azərbaycanın siyasi,  iqtisadi, hüquqi mövcudluğunu təmin etdisə, ölkəni bataqlıqdan çıxardısa,  Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanı qüdrətli dövlətə çevirdi, illərdən sonra ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi. Respublikanın Birinci vitse -prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə ölkəmizin nüfuzunu qaldırdı, dünyaya inkişafa, sülhə, mədəniyyətə, insanlığa açıq olan, müsbət impuls ötürən bir Azərbaycan təqdim etdi. Son   20 ildə aparılan  balanslı siyasət bütün sahələrdə öz müsbət nəticəsini verdi. Ölkəmiz dinamik və davamlı inkişaf edir, beynəlxalq arenada Azərbaycanın sözü, münasibəti qəbul olunur. Bu gün torpaqlarımız işğaldan azaddır, erməni vandalizminə son qoyuldu. Çox böyük sürətlə Qayıdış planı yerinə yetirilir. Keçmiş məcburi köçkünlərimiz dəd-baba ocaqlarına qayıdır, tezliklə Qarabağ və Şərqi Zəngəzurunun bütün  kənd, qəsəbə və şəhərlərində həyat yenidən canlanacaqdır.

Qubadlı rayonunun təbiəti olduqca gözəl və zəngindir.  Palıd, vələs, alma, armud, fındıq, əzgil, zoğal ağaclarından ibarət meşələr, dağ çayları, şəlalələr, bulaqlar, xınalı kəkliklər, qırqovullar, turaclar,  və digər qiymətli quş və heyvan növləri ilə zəngindir.  Çox təəssüflər olsun ki, Qubadlı meşələri ermənilər tərəfındən qırılaraq Ermənistana və ya xarici ölkələrə  aparılmışdı.  Qubadlılar heyvandarlıqla, tütünçülüklə və taxılçılıqla məşğul olurdular. Qubadlıda hələ istifadə olunmamış böyük əqiq  (aqat) yatağı, mərmər və digər faydalı maddi sərvətləri  var.  Qubadlı qədim yaşayış məskənlərindəndir. Burada tarixi abidələr, qalalar, türbələr, mağaralar, məscidlər var idi. Əfsuslar olsun ki, bütün bu tarixi- mədəni irsimiz erməni vandalizminin qurbanı olublar. 
Qubadlı təkcə təbiətinə görə deyil, görkəmli şəxsiyyətləri ilə də zəngindir. Seyid Mir Həmzə Nigari, Mir Sədi ağa, Qaçaq Nəbi haqqında yeganə elmi araşdırmanın müəllifi pedaqoq, filoloq, ədəbiyyatşünas, tarixçi Bəhlul Behcət, geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru, professor, SSRİ EA-nın ilk azərbaycanlı müxbir üzvü Əli Əmiraslanov, tanınmış yazıçı Süleyman Rəhimov, ictimai-siyasi xadim Kamran Hüseynov, Azərbaycanın Milli Qəhrəman Əliyar Əliyev, Şükür Həmidov. Xalqımıza rəşadətli Qələbəni yaşadan hərbiçilərimizdən biri Azərbaycan ordusunun  general-mayoru Mais Bərxudarov və adlarının qeyd etmədiyim neçə- neçə alimlər, ziyalılar, hərbiçilər və s. 
Biz Qubadlıya əbədiyyən qayıtmışıq. Bu gün Qubadlıda və işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır və əbədi dalğalanacaq.Xüsusilə, Prezidentin Xocalıda, Xankəndidə Azərbaycan bayrağını dalğalandırması xalqımıza qarşı olan işğal siyasətinin nöqtəsi oldu”. Bu qürurlu günləri xalqımıza bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzu edirik.
Bir daha Qələbə münasibəti ilə, bütün xalqımızı təbrik edirəm. Şəhidlərimizin əziz ruhlarına ehtiramımı bildirirəm. Onların valideynləri qarşısında baş əyirəm. Xalqımız mərd, igid, cəsur, zəhmətkeş, yaradan xalqdır! Biz bütün çətinliklərin öhdəsindən birlikdə gəlmişik!  Bundan sonra da cənab Prezident İlham Əliyevin  ətrafında sıx birləşərək yeni uğurlar imza atacağıq!

Hicran Hüseynova,
Milli Məclisin Komitə sədri, professor