26 oktyabr 2023 00:11
352

Dövlətçilik tariximizin Zəfər salnaməsi - 2003-2023

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir

Ulu Öndər Heydər Əliyevin arzu və istəklərini liderlik fəaliyyəti ilə gerçəkləşdirən Prezident İlham Əliyev Azərbaycanı dünyaya Günəş kimi doğan ölkə kimi tanıtdırır, siyasi, iqtisadi, hərbi qüdrəti ilə seçilən Qalib ölkəyə çevirir. Həmkarları arasında zəkası, dövlətçilik təcrübəsi, siyasi portreti ilə sayılıb-seçilən, böyük hörmətə və nüfuza malik Prezident İlham Əliyev verdiyi vədinə sadiq qalaraq Azərbaycan xalqı üçün yaxşı Prezident olduğunu əməli ilə sübut edir. Müasir Azərbaycanın müəllifi olan Ulu Öndər Heydər Əliyevin istəklərini düşünülmüş proqramlar çərçivəsində, xalqın maraqlarına , dövlətçilik mənafelərinə uyğun mərhələ-mərhələ yerinə yetirən dövlət başçımız diplomatik uğurları ilə də həmkarlarının önündə gedir.

Respublikaya rəhbərliyinin ilk günündən « Nədən başlamalı» sualını zəkasının qüdrəti ilə müəyyənləşdirən Prezident İlham Əliyev müəllifi Ulu Öndər Heydər Əliyev olan neft strategiyasının coğrafiyasını genişləndirməklə, investisiya axınını sürətləndirməklə ölkə iqtisadiyyatını möhkəmləndirdi. Beynəlxalq aləmdə baş verən hadisələrə, yeniliklərə uyğun müəyyənləşdirdiyi siyasi, iqtisadi , sosial islahatların paralel həyata keçirilməsi kimi sivil təcrübənin ilk dəfə tətbiq olunduğu Azərbaycanın xarici ölkələrlə iqtisadi, ticari, mədəni əlaqələrini genişləndirməsi ölkəmizə marağı daha da artırdı. Xüsusilə, neft-qaz yataqlarının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə imzalanan müqavilələr əsasında enerji layihələrinin reallaşması, əməkdaşlıq formatının, coğrafiyasının genişləndirilməsi, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində fəallıq göstərən Azərbaycana marağı artırdı. Bütün beynəlxalq görüşlərdə və iştirak etdiyi yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini siyasi iradəsi ilə müdafiə edən Prezident İlham Əliyevin qətiyyəti ölkəmizin xarici siyasətinin məntiqi nəticəsidir. Azərbaycanın beynəlxalq və regional problemlərin həllində artan rolu Prezident İlham Əliyev haqqında söylənilən xoş sözlərin ifadəsi dövlət başçımızın beynəlxalq aləmdə yüksələn reytinqinin göstəricisidir. 

Dövlətçilik tariximizə qələbələr dövrü kimi yazılan son möhtəşəm 20 ildə ölkəmizdə həyata keçirilən islahatlar, quruculuq, inkişaf proqramları Prezident İlham Əliyevin dünyanın yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasətin məntiqi nəticəsidir. Çalışdığı bütün sahələrdə göstərdiyi qətiyyət, prinsipiallıq, idarəçilik məharəti, vətəndaşlara olan inam xalq-iqtidar birliyinin sarsılmazlığını bir daha təsdiqlədi. Xalq arasında qazandığı böyük rəğbətin, sonsuz inamın və etibarın məntiqi nəticəsi respublikamızda 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində cənab İlham Əliyevə göstərilən yüksək etimadla təsdiqləndi.

Ölkəmizin inkişaf parametrlərini əks etdirən «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında”» 2003-cü il 24 noyabr tarixli Fərmanı ilə möhtəşəm quruculuq işlərinə xeyir-dua verən Prezident İlham Əliyev müəyyən etdiyi strategiyanı davam etdirməklə respublikamızın davamlı və sistemli sosial-iqtisadi inkişafının dinamikasını təmin etdi. «Əsrin müqaviləsi»” ilə Xəzər hövzəsini xarici investorlar üçün açan, «Üç dəniz layihəsi»nin, enerji infrastrukturunun əsasını qoyan Ulu Öndər Heydər Əliyevin neft strategiyasının uğurlu davamı nəticəsində yaranan imkanlar qarşıya qoyulan genişmiqyaslı vəzifələrin tam həcmdə yerinə yetirilməsi üçün etibarlı zəmin yarandı. «Əsrin müqaviləsi»”nin 20-ci ildönümündə Cənub Qaz Dəhlizi” layihəsinin təməlinin qoyulması ilə Azərbaycanın enerji diplomatiyasının uğurları beynəlxalq səviyyədə təsdiqləndi. TAP, TANAP kimi qlobal layihələrin icrası ilə ölkəmizə maraq daha da artdı. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və Ələt Azad İqtisadi Zonasının açılması ilə qüdrətli ölkə kimi tanınan Azərbaycan regionun ən böyük ticarət və logistika , Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrildi.

Danılmaz həqiqətdir ki, sürətlə dəyişilən geosiyasi reallıqlar fonunda nəqliyyat- infrastrutur layihələrinin gerçəkləşməsində əsas söz sahibi Azərbaycandır. Dünyanın enerji və nəqliyyat xəritəsini dəyişən Prezident İlham Əliyev uzaqgörən siyasətçi olduğunu əməlləri ilə bəyan etdi. Hazırda respublikamız regionda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik ölkədir. Onun respublikaya rəhbərliyi dövründə ölkəmizdə 8 beynəlxalq hava limanı tikilmiş və yenidən qurulmuşdur. Azərbaycanın «yaşıl enerji”» ölkəsi kimi tanınması istiqamətində davam etdirilən siyasəti bütün dünya ölkələri tərəfindən dəstəklənir. Respublikamızın qlobal proseslərin mənfi təsirindən minimum itkilərlə çıxan azsaylı ölkələr sırasında olması düşünülmüş siyasətin, zəngin təcrübəyə malik dövləti idarət etmə məharətinin nəticəsidir. Beynəlxalq əhəmiyyətli strateji, enerji, nəqliyyat, logistika və kommunikasiya qovşağına çevrilən ölkəmizin sağlam investisiya mühitinə malik olması xarici investorların Azərbaycana marağını artırır.

Güclü iqtisadiyyatı ən önəmli şərt kimi diqqətdə saxlayan Prezident İlham Əliyevin qətiyyətinin nəticəsidir ki, ölkə üzrə bütün iqtisadi göstəricilər dinamik sürətlə yüksəlir. 2003-2022-ci illərdə Azərbaycanda ÜDM 7,3 milyard dollardan 78,7 milyard dollara yüksəlib. Dövlət büdcəsinin xərcləri 36,6 milyard manata çatıb, strateji valyuta ehtiyatları 1,4 milyard dollardan 66.1 milyard dollara qədər artıb, orta aylıq əmək haqqı 77,4 manatdan 839,4 manata yüksəlib, yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib. Dövlət Neft Fondunun valyuta ehtiyatlarının dəfələrlə artırılması sayəsində sosialyönümlü layihələrin icrasına diqqət artırılıb. 20 ildə qeyri-neft ixracı 8 dəfədən çox artmışdır. Bu dövr ərzində respublika üzrə 51 aqropark yaradılmışdır. Əhalinin sosial müdafiəsi, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial təminat məsələləri, bütövlükdə əhalinin sosial-iqtisadi rifah halının yaxşılaşdırılması cənab Prezidentin daim diqqət mərkəzində olmuşdur. Ötən dövrdə ölkəmizdə elm və təhsilin inkişafına böyük diqqət yetirilmişdir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xaricdə təhsil siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi tezisi həllini tapır. Dövlət proqramlarına uyğun olaraq xaricdə təhsil alan, Vətənə qayıdan gənclərimiz respublikanın ictimai-siyasi həyatında yaxından və səmərəli fəaliyyət göstərirlər. Gənəclərə daha bir diqqət olan paytaxtda və regionlarda idmanın inkişafı üçün güclü maddi-texniki bazası yaradılmış, 50-yə yaxın Olimpiya idman kompleksi tikilmiş, Azərbaycan idmançıları beynəlxalq yarışlarda, Olimpiya oyunlarında uğurlara imza atmışlar. Ölkəmiz Avropa və beynəlxalq səviyyəli yarışların keçirildiyi məkana çevrilmişdir. Eyni zamanda yeni texnologiyaların və kosmik sənayenin inkişafı prioritet sahə kimi diqqətdə saxlanılmışdır. 

Azərbaycan bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer alır. «Azerspace-1, «Azersky» və «Azerspace-2» peykləri uğurla fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanda iki yeni peyk istehsal olunacaq ki, bunlar da 2026-cı və 2028-ci illərdə orbitə buraxılacaq. Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi kosmik sənaye, müasir texnologiya və innovasiya sahələrində böyük uğurlara malik ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir. 

İkinci Qarabağ müharibəsində Ermənistan üzərində qazandığımız tarixi Zəfərdən sonra keçmiş qaçqın və məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar. Böyük Qayıdış proqramına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə 121 qəsəbə və yaşayış kompleksi inşa edilmişdir. Prezident İlham Əliyevin dünya miqyasında yüksək nüfuzu sayəsində 2011-ci ilin oktyabrında Azərbaycan gərgin mübarizə şəraitində keçən səsvermədə 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının iki il müddətinə qeyri-daimi üzvü seçilmişdir. Məhz İlham Əliyevin diplomatik məharətinin və dünyadakı nüfuzunun nəticəsidir ki, 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunmuş Azərbaycan artıq 2019-cu ildə bu təşkilatın sədri seçilmiş və uğurlu sədrliyinə görə sədrlik səlahiyyəti daha 1 il artırılmışdır.

Ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə, ordu quruculuğuna, silahlı qüvvələrimizin ən müasir silah, sursat, hərbi texnika və texnologiyalarla təchiz olunmasına yönələn kompleks tədbirlər həyata keçirilmişdir. Ölkəyə rəhbərliy dövründə müdafiə sənayemizin inkişafına göstərdiyi diqqəti Ali Baş Komandan kimi davam etdirən Prezident İlham Əliyevin başçılıq etdiyi Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsi liderlik , sərkərdəlik məharətinin təsdiqidir. Bu gün Azərbaycan xalqı qalib ölkənin vətəndaşı olduqları üçün fəxr edir, onlara bu sevinci yaşadan Prezident İlham Əliyevin ətrafnda sıx birləşirlər. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və bir günlük lokal antiterror tədbirlərinin uğurları sayəsində 30 ildən artıq müddətdə Ermənistanın işğal altında qalan torpaqlarımıza Böyük Qayıdış başlanıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edilmiş və uğurla icra edilir. Xankəndidə üçrəngli bayrağımızı dalğalandıran Prezident İlham Əliyevin qətiyyəti ilə Qarabağ və Şərqi Zəngəzur kimi, Xankəndinin, Ağdərənin, Xocavəndin, Xocalının, Əskəranın da simasının dəyişəcəyi, cənntə çevriləcəyi gün yaxındadır.

Xuraman İsmayılqızı, «İki sahil»