26 oktyabr 2023 00:57
339

Əbədi qardaşlıq, dostluq və sarsılmaz müttəfiqlik

İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidentinin müharibənin elə ilk saatlardan “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi ölkəmizə və xalqımıza əlavə güc verdi. Bu müddətdə haqlı mübarizəsində Azərbaycanın yanında olan Türkiyə bundan sonra da "Bir millət, iki dövlət" anlayışı ilə öz qardaşlarının yanında olmaqda davam edəcək.

Azərbaycan-Türkiyə münasibətləri çoxşaxəli səciyyə daşıyaraq həyatın bütün sahələrini əhatə edir. Eyni zamanda, iki qardaş ölkə arasında münasibətlərin hüquqi əsasları da getdikcə möhkəmləndirilir. Bu baxımdan, Qars Müqaviləsindən yüz il sonra - 2021-ci il 15 iyun tarixində iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır.

Meydana çıxan yeni çağırışlar fonunda hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, Azərbaycanın və Türkiyənin regional və beynəlxalq müstəvidə rolunun, çəkisinin artması baxımından böyük əhəmiyyət daşıyır. Oktyabrın 23-də İranın paytaxtı Tehran şəhərində keçirilən “3+3” formatı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü də məhz dostluq və qardaşlığın göstəricilərindən biridir.

Azərbaycan-Türkiyə arasında bütün sahələrdə olduğu kimi, müdafiə sahəsində də əməkdaşlıq genişlənir, ortaq hərbi təlimlər keçirilir. Elə oktyabrın 24-də Prezident İlham Əliyev Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib. Söhbət zamanı Yaşar Gülərin Azərbaycana səfərinin əlaqələrimizin inkişafına, o cümlədən hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət etdiyi bildirilib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycanın ötən ay həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunduğu da xüsusi qeyd edilib. Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyi vurğulanıb. Bu baxımdan ölkəmizin müxtəlif yerlərində "Mustafa Kamal Atatürk-2023" Azərbaycan-Türkiyə birgə taktiki təliminin keçirilməsindən, təlim zamanı yüksək peşəkarlığın və bacarığın nümayiş etdirilməsindən məmnunluq ifadə olunub.

Onu da qeyd edək ki, "Mustafa Kamal Atatürk-2023" birgə taktiki təlimi Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilib. Azərbaycan-Türkiyə birgə taktiki təliminə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub. Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilib. Əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

Türkiyə Respublikasının milli müdafiə naziri bildirib ki, bu təlimlərin ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etməsi rəmzi məna daşıyır. Görüşdə Azərbaycanın və Türkiyənin dövlət başçılarının mütəmadi görüşlərinin və təmaslarının münasibətlərimizin inkişafında rolu qeyd olunaraq, bu ilin sentyabrında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfərinin əhəmiyyətinə toxunulub.

Həqiqətən də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də Naxçıvana səfəri həm böyük siyasi, həm də mənəvi əhəmiyyətə malikdir. Bu səfər türk dünyasının, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğunun timsalında bütövlükdə dünyaya birliyin, həmrəyliyin, dostluq və qardaşlığın növbəti bəyanı oldu. Türkiyə ilə Azərbaycan arasında sıx əməkdaşlıq, eyni zamanda regionda uzunmüddətli sülhə və təhlükəsizliyə, yeni əməkdaşlıq mühitinin yaradılmasına yönəlib. Bu baxımdan, səfər regionun gələcək inkişafı, sülhün və sabitliyin qorunub saxlanması və möhkəmləndirilməsi üçün yeni imkanlar açır. Türkiyə sabitləşdirici missiya daşıdığına görə, onun regionda olması ümumi sabitliyə xidmət edən bir mühit yaradır. Çünki artıq bütün dünya Türkiyə reallığı ilə hesablaşır. Naxçıvana baş tutan bu səfər də həmin amilin dünyaya bir daha bəyanıdır.

Nigar Orucova, “İki sahil”