26 oktyabr 2023 01:36
390

Ermənistanı iqtisadi iflasdan qurtaracaq yeganə yol

Bu, qalib Azərbaycanla sülh sazişini imzalamaqdır

44 günlük İkinci Qarabağ müharibəsindəki 44 günlük tarixi Zəfərimiz nəinki bölgədə, o cümlədən dünyada yeni reallıqlar və geosiyasi maraqlar formalaşdırdı. Xüsusilə ölkəmizin Cənubi Qafqazda  mövcud mövqe üstünlüyü, Ermənistanın isə davamlı geosiyasi məğlubiyyəti, o cümlədən Qarabağdakı terrorçu-separatçı xuntanın darmadağın edilməsi, onların qatil rəhbərlərinin həbs edilərək Bakıya gətirilməsi,  bunun ardınca isə  Ali Baş Komandanımızın Xankəndidə,  Ağdərədə,  Xocalıda  üçrəngli Bayrağımızı ucaltması hayları və havadarlarını çox aciz duruma salmaqla Azərbaycanın sülh sazişi ilə bağlı  haqlı şərtlərini qəbul etdirəcək vəziyyətə gətirib.

Siyasi ekspertlərin sözlərinə görə, bu gün Cənubi  Qafqazda sülh sazişi Azərbaycandan daha çox məhz Ermənistana lazımdır. Ona görə ki, bu, haylar  üçün indiki ağır iqtisadi  vəziyyətdən xilas olub dinc inkişaf mərhələsinə keçid edə bilmək  üçün vacibdir. Eyni zamanda, indi geopolitik proseslər də Paşinyan hakimiyyətinin əleyhinə işləyir. Çünki ABŞ və Avropa İttifaqı da Ermənistanı  Rusiyanın forpostluğundan qurtarıb Azərbaycanla birbaşa sülh sazişini imzalamağa təhrik edir.

Bəli, reallığı dərk edə bilən haylar birmənalı şəkildə etiraf edirlər ki, ölkələri üçün yeganə çıxış yolu Azərbaycanla Türkiyənin ərazi bütövlüyünü, suverenliyini tanımaq, Zəngəzur dəhlizini açmaq, sərhədlərin delimitasiyası və demarkasiyasını həyata keçirmək, bütün bunların nəticəsində yaranacaq yeni iqtisadi, ticarət, tranzit imkanlarından səmərəli istifadə etməkdir. Bu isə o deməkdir ki, Ermənistanın da yaxın gələcəkdə Azərbaycan və Gürcüstan kimi beynəlxalq nəqliyyat-logistika  mərkəzinə çevrilmək imkanları var.

Hazırda reallıq belədir ki, Ermənistanın İkinci Qarabağ savaşındakı məğlubiyyətindən xeyli vaxt keçməsinə baxmayaraq bu ölkə hələ də özünə gəlmək iqtidarında deyil və sosial-iqtisadi, hərbi-siyasi böhran içərisində çabalayır. Qeyd edək ki, ermənilərin könüllü şəkildə Qarabağı tərk edib İrəvana getmələri də hazırda bu ölkədə sosial problemlər yaradır. Bu gün Ermənistan vətəndaşlarının arasında öz ölkəsinə və hökumətinə ciddi inamsızlıq hökm sürür. Xüsusilə Fransanın Ermənistanın iqtisadiyyatına dəstək göstərməsi əvəzinə ona silahlar satması hayların iqtisadi iflasını sürətləndirəcək. Ona görə ki, Ermənistanın  xarici dövlət borcları hər il artmaqda davam edir. Artıq Ermənistanın  dövlət borcu illik dövlət büdcəsindən xeyli çoxdur.  Məhz işğalçı siyasəti nəticəsində Ermənistanın regiondakı beynəlxalq layihələrdən kənarda qalması, eyni zamanda, ölkə ərazisində elə də ciddi təbii resursların olmaması müttəfiqi olduğu dövlətlərin bu ölkəyə ciddi investisiya yatırmasını əngəlləyib. Ermənistanın acınacaqlı vəziyyəti həm də onunla bağlıdır ki, onun  dövlət sərhədlərini  rus əsgərləri qoruyur. Hətta iri sənaye müəssisələrinin 80 faizinə Rusiya dövləti nəzarət edir.

Məlumdur ki, Ermənistanın baş naziri Nikol Paşinyanın  erməni diasporu ilə münasibətləri də korlanıb. Ona görə də erməni diasporunun bu ölkəyə investisiya qoymaqdan imtina etməsi də vəziyyəti mürəkkəbləşdirib. Xüsusilə Ermənistanın son dövrlər Rusiya ilə gərginləşən münasibətləri  hayların iqtisadiyyatına  ağır zərbələr vurur.  Bundan başqa, son günlər Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması barədə söhbətlər də gündəmdədir. Bu isə onsuz da çökməkdə olan Ermənistan iqtisadiyyatına  yeni zərbələr vuracaq. Qeyd edək ki, ötən onilliklər ərzində Aİİ Ermənistan iqtisadiyyatına süni nəfəs verməklə məşğul idi.

Ermənistanın İran və Hindistanla birgə uzun müddətdir ortaya atdığı lakin heç bir prespektivi olmayan  Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi də erməni siyasətçiləri tərəfindən nəqliyyat blokadasından çıxmaq üçün yeganə şans sayılırdı. Amma bir neçə ildir üzərində danışılan bu «dəhliz»ə nə İran, nə də Hindistan  maliyyə ayırmaq niyyətində deyil. Ona görə ki, hər iki ölkə gözəl anlayır ki, bu layihə səmərəli deyil. Birincisi, yolun keçəcəyi ərazilər oktyabr ayından may ayına qədər maşınlar üçün əlverişsiz sayılır. Ərazinin dağlıq və müntəzəm olaraq qarlı olması kifayət qədər risklidir və belə ərazilərdə yol çəkmək çox baha başa gəlir. İkincisi, tərəflər anlayırlar ki, Rusiya istənilən anda yüklərin keçməsinə mane ola bilər.

Bir sözlə, hazırda Ermənistan iqtisadiyyatı iflic durumdadır. Yuxarıda sadalanan faktorlar problemin günü-gündən ciddiləşməsindən xəbər verir. Mövcud vəziyyətdə Ermənistanın yeganə çıxış yolu Fransanın ətəyinə sığınmaq deyil, əksinə  Azərbaycanla münasibətləri normallaşdırmaqdır. Bundan sonra qardaş Türkiyə də Ermənistanla sərhədlərini aça bilər ki, bu da işğalçı ölkənin boğulan iqtisadiyyatı üçün nəfəslik rolunu oynaya bilər.

Elçin Zaman, «İki sahil»