26 oktyabr 2023 01:57
398

Zəngəzur dəhlizi heç bir bəhanəyə baxmayaraq açılmalıdır və açılacaq

Tehranda «Cənubi Qafqazda sülh, əməkdaşlıq və inkişafın növbəsi» devizi altında keçirilən toplantıda Azərbaycanın təşəbbüsü ilə formalaşdırılan 3+3 platformanın regional əhəmiyyəti geniş müzakirə edildi

İkinci Qarabağ müharibəsindən sonra Şuşada Türkiyə ilə Azərbaycan arasında imzalanan Müttəfiqlik Bəyannaməsinin əsas hədəflərindən olan Zəngəzur dəhlizinin və Naxçıvan–Qars dəmir yolunun çəkilişi nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşdirilməsi baxımından təkcə iki ölkənin deyil, region ölkələrinin maraqlarına uyğundur. Bölgədə sabitliyin təminatında maraqlı olan Prezident İlham Əliyevin müəllifi olduğu və region dövlətləri arasında əlaqələri və inteq­rasiyanı nəzərdə tutan «3+3» formatı Cənubi Qafqaz ölkələri arasında yeni əməkdaşlıq platforması kimi diqqəti cəlb edir. Türkiyənin, Rusiyanın, İranın, Azərbaycanın, Gürcüstanın və Ermənistanın daxil olduğu formatın yaranmasının başlıca amili Türkiyə ilə Azərbaycanın həmrəyliyidir. İlk gündən bu təşəbbüsü dəstəkləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan «3+3» formatını regionda sülh və sabitliyə ciddi töhfə verəcək siyasi, iqtisadi yenilik adlandırmışdır.

Müəyyən mərhələlərdə, regonda və dünyada baş verən siyasi hadisələrə uyğun formata fərqli münasibətlər yaransa da aktuallığını daim qoruyan «altılıq» modeli yenə də gündəmdədir. Son aylarda Azərbaycanla İran arasında mü­nasibətlərin yumşalması, qonşu ölkənin yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisa­di, ticarət və humanitar sahələrdə əmək­daşlıq üzrə Dövlət Komissiyasının İran tərəfdən həmsədri Mehrdad Bəzrpaşın ölkəmizə səfəri çərçivəsində 3+3 əməkdaşlıq formatı reallaşması ilə bağlı müzakirələr aparılması Zəngəzur dəhlizinin bərpasına münasibətdə mövqeləri yaxınlaşdırdı. Formata eyni münasibəti Tehran­da keçirdiyi mətbuat konfransında səsləndirdiyi «Biz regionun bütün ölkələrinin maraqla­rını təmin edən kommunikasiyaların inki­şafının tərəfdarıyıq» sözləri ilə ifadə edən İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bildirib ki, rəsmi Tehran Qafqaz regionunda sülh və sabitliyin yaranmasının tərəfdarıdır. Məsələni mürəkkəbləşdirən əsas amil başqa dövlətlər tərəfindən idarə olunan Ermənistanın mükəmməl xarici siyasətinin olmaması, oyuncaq dövlət kimi Rusiya ilə Qərb arasında yer dəyişməsidir. Cənubi Qafqazda sabitliyin təminatına mane olan bəzi dairələrin, Qərbin rəsmi İrəvanı bu platformadan çəkindirmək ehtimalı da hiss olunurdu. Ermənistanın Zəngəzur dəhlizinin açılmasına əsassız əngəl törətməsi alternativ kimi, yolun İrandan çəkilməsi variantını aktuallaşdırdı.

Türkiyə Prezi­denti Rəcəb Tayyib Ərdoğanın cari ilin sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasına səfəri zamanı söylədiyi «Ermənistanın ona uza­dılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz. Biz bu borcu yerinə yetirməkdə qətiyyət­li və səmimiyik. Arzumuz qarşı tərəfin də eyni səmimiyyəti göstərməsidir”» sözləri də təsdiqləyir ki, 3+3 formatı təkcə siyasi sabitlik və təhlükəsizlik baxımından əhəmiyyətli deyil, həm də region dövlətləri üçün açılan iqtisadi inkişaf yoludur. Hesablamalara görə, 3+3 formatına daxil olan ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın beşinci ən böyük iqtisadiyyatı deməkdir. Bu format 331 milyon nəfər əhalisi ilə dün­yada üçüncü, ərazisinə görə isə birincidir. Regional ticarətin, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə tərəfdaş ölkələr arasında ticari, yol-nəqliyyat imkanlarını genişləndirəcək Zəngəzur dəhlizinin bərpasından sonra Cənubi Qafqaz ölkələri daha böyük imkanlara, bazara malik olacaqlar. Bu model geosiyasi, diplomatik və təhlükəsizlik baxımından dünya birliyinin iqtisadi inkişafına da önəmli töhfələr verəcək. Cənubi Qafqaz dövləti olan Gürcüstanı çıxmaq şərti ilə hələlik «beşlik»”dən ibarət olan bu «altılıq»ın iştirak etdiyi regional platformanın birgə əməkdaşlığa və iqtisadi tərəqqiyə aparacaq yolları müzakirə edilir.

Oktyabrın 23-də Tehranda ke­çirilən «3+3» regional platformanın ikinci məşvərət toplantısı dünya siyasətinin tələbindən irəli gələn zərurət idi. İİR XİN-in başçısı Hüseyn Əmir Abdullahia­nın, Türkiyənin Xarici işlər naziri Hakan Fidanın Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun, Ermənistan XİN-in başçısı Ararat Mirzoyanın, Rusiyanın baş diplomatı Sergey Lavrovun təmsil olunduqları «Cənubi Qafqazda sülh, əməkdaşlıq və inkişafın növbəsi» devizi altında keçirilən toplantıda « altılıq» təşəbbusü Cənubi Qafqazda etibarlı sülhün bərqərar ol­ması, bu prosesdə bölgənin böyük güclərinin maraqlarının nəzərə alın­ması baxımından ideal platforma kimi dəstəkləndi. Şimal–Cənub marşrutu, həm də Şərq–Qərb istiqamətində olan kom­munikasiya xətlərinin geniş müzakirə­si üçün geniş imkanlar yaradan, lokomotivi Azərbaycan olan platforma rəsmi Bakı ilə rəsmi Ankarının birlik və həmrəyliyinin möhkəmlənməsinin ifadəsi kimi də diqqət çəkdi. İqtisadi xarak­terli modeldə tərəfdaş ölkələrin iqtisadi, enerji, ticarət, nəqliyyat, informasiya texnologiyaları, təbii sər­vətlər, humanitar, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlığın perspektivləri barədə təkliflər ək­sini tapıb. Əldə edilən razılaşmaya əsasən, iştirakçı ölkələrin təyin etdiyi xüsusi nümayəndələr razılaşdırılmış məsələlərin tənzimlənməsinə nəzarət edəcək və nəzərdə tutulan istiqamətlər üzrə milli ideyalar formalaşdırılacaq.

İlk günlərdən Zəngəzur dəhlizini sülh, əməkdaşlıq, sabitlik layihəsi adlandıran Azərbaycan həmişə olduğu kimi, yenə də şəffaflıq, bərabərlik və ədalətlilik prinsiplərinə sadiqdir. Əsas odur ki, bu formatda bölgəyə bağlılığı olmayan hər hansı qey­ri-regional dövlətin iştirakı nəzərdə tutulmur. Bu prinsipiallıq regionda sabitliyin pozulmasına çalışan, platformaya qeyri-qanuni soxulmaq istəyən, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl törədən Fransa kimi neokolonialist dövlətlərin qarşısına qırmızı sədd çəkir.

Toplantıda iştirakçı dövlətlərin xarici işlər nazirlərinin imzaladıqları 9 bənddən ibarət Bəyanatda tərəfdaş ölkələr arasında qarşılıqlı marağa və qonşuluq münasibətlərinə söy­kənən dostluq əlaqələrinin inkişa­fını möhkəmləndirəcək mühüm məsələrə xüsusi diqqət yetirilib.

Qarşıya çıxacaq mübahisələrin dinc yolla nizamlanması, suverenliyə, siyasi müstəqilliyə, ərazi bütövlüyünə hör­mət edilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışılmaması, BMT Ni­zamnaməsinin bütün prinsipləri əsa­sında insan hüquqlarına hörmət, güc tətbiqinə və ya güclə təhdid etməyə yol verilməməsini əks etdirən ən incə, həssas məsələlər belə Bəyanatda öz əksini tapıb. Region­da möhkəm sülhün əldə edilməsi və onun iqtisadi inkişafı məqsədilə ikitərəfli və çoxtərəfli məsləhətləş­mələrin və qarşılıqlı fəaliyyətin də­rinləşdirilməsinə də diqqət yetirilib. Yekun sənədi imzalayanlar regionun bütün ölkələri arasında münasibətlərin tən­zimlənməsinə və inkişafına yönəlik proseslərdən məmnunluğunu ifadə etmiş, bu platformanın Gürcüstanın bərabərhüquqlu iştirakı üçün açıq ol­duğunu bir daha təsdiqləmişlər. «Cənubi Qafqazda sülh, əməkdaşlıq və inkişafın növbəsi» devizi altında baş tutan görüş təsdiqlədi ki, siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq üçün önəmli kommunikasiya olan Zəngəzur dəhlizi heç bir bəhanəyə baxmayaraq açılmalıdır və açılacaq.

ABŞ Dövlət Departamenti də «3+3» formatı çərçivəsində tərəfdaş dövlətlərin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən Tehran görüşünü dəstəklədiyini bəyan edib. Departamentin mətbuat katibi Metyu Miller keçirdiyi brifinqdə qeyd edib ki, ABŞ harada keçirilməsindən asılı olmayaraq, Cənubi Qafqazda sülh və sabitliyə töhfə verməyi hədəfləyən istənilən görüşü alqışlayır: «Biz bu danışıqların harada keçirilməsindən və ya ona kimin ev sahibliyi etməsindən asılı olmayaraq, Cənubi Qafqaz xalqları üçün sülh və sabitliyə töhfə verən istənilən xoşniyyətli iştirakı alqışlayırıq.»

«Mən demişdim ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatlı üçün deyil. Eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan keçməlidir. Biz bunun üzərində işləyirik və artan ixracımız həm önəmimizi artıracaq, geosiyasi önəmimizi artıracaq, eyni zamanda, bizə əlavə valyuta gətirəcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacağıq və ölkəmiz daha da firavan yaşayacaq» söyləyən Prezident İlham Əliyevin liderlik fəlsəfəsi növbəti dəfə təsdiqləndi və dəstəkləndi.

Xuraman İsmayılqızı, «İki sahil»