26 oktyabr 2023 02:16
354

Fransa sülh yox, müharibə təklif edir

Ötən əsrin 40-70-ci illərində Ərəb Dövləti Liqası ilə İsrail Dövləti arasında baş verən Ərəb-İsrail müharibələrindən sonra da daim gərginlik girdabında çapalayan Yaxın Şərq yenidən qaynayan qazana çevrilib. Bölgədə gərginliyin artmasının səbəbi HƏMAS-ın oktyabrın 7-də İsrailə gözlənilmədən hücum etməsi, dinc insanları öldürüb və girov götürməsi və bundan sonra İsrail ordusunun Qəzzaya ölümcül hücumlara başlamasıdır.

23 gün davam edən  bu döyüşlərdə  hərbçilərlə yanaşı, qadınlar, qocalar, xəstə və uşaqlar da daxil olmaqla minlərlə mülki şəxs həlak olub. HƏMAS-ın bu ölkəyə hücumu və İsrail ordusunun başlatdığı əməliyyatdan sonra BMT Təhlükəsizlik Şurasında məsələ ilə bağlı gərgin müzakirələr aparılsa da heç bir nəticə əldə edilməyib. Hətta ABŞ Prezidenti Cozef Baydenin münaqişə bölgəsinə səfərindən yüksək gözləntilər olsa da, gərginlik olduğu kimi qalır.

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 25-də hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının toplantısında çıxışı zamanı İsrail və Fələstini ən yaxın günlərdə danışıqlara çağırmaqla yanaşı, bildirib ki, Yaxın Şərqdə müharibənin genişlənməsini istəyənlər var. Türkiyə lideri, həmçinin Qərbin mövqeyini tənqid edib.

 Həmçinin İordaniya kraliçası, kral II Abdullahın xanımı Raniyə əl-Abdullah İsrail-Fələstin münaqişəsi ilə bağlı CNN-ə müsahibəsində ABŞ və Qərbi kəskin tənqid edib. O, bildirib ki, ABŞ və Qərb bu məsələdə ikili standart nümayiş etdirir.

 Bütün bunlar təsadüfi deyil. Bir müddət əvvəl Fransa Prezidenti Emmanuel Makron vaxtilə “İslam dövləti” terror təşkilatına qarşı yaradılmış beynəlxalq koalisiya çərçivəsində HƏMAS-a qarşı mübarizəyə başlamağı təklif edib. Bundan əvvəl Fransa Prezidenti  Emmanuel Makron İsrailin Baş naziri Benyamin Netanyahu ilə Təl-Əvivdə keçirdiyi görüşdə HƏMAS-la mübarizə üçün regional və beynəlxalq koalisiyanın yaradılması təklifini verib. E.Makronun sözlərinə görə, belə bir addım İsrailin, eləcə də terror təhlükəsi ilə üzləşən qonşu dövlətlərin təhlükəsizliyini təmin etməyə kömək edəcək. Tanınmış ekspertlərin qənaətlərinə görə, bu, Yaxın Şərqdə davam edən münaqişənin həllinə töhfə verməyəcək, əksinə qarşıdurmanı daha da genişləndirəcək.

Məsələn, rusiyalı politoloq Vitali Naumkin mətbuata açıqlamasında bildirib ki, bu, başqa bir axmaqlıq sayıla bilər və E.Makronun tamamilə məsuliyyətsiz lider olduğunu göstərir: “Makronun marağı bir növ daha böyük və regional rol oynamaqdır. Bunlar ambisiyalardır, amma bunun arxasında heç nə yoxdur”.

Yeri gəlmişkən, bundan əvvəl də ABŞ Prezidenti də Yaxın Şərqdəki hadisələri şərh edərkən bildirib ki, “hələ müharibəni dayandırmağın vaxtı deyil”. Təbii ki, bütün bunlar  bir daha göstərir ki, ABŞ-ın, Fransanın və ümumilikdə Qərbin yanaşması bölgədə sülhü bərpa etmək, hər iki tərəfdən minlərlə insanın ölümünə səbəb olan qanlı döyüşləri dayandırmaq yox, müharibəni daha da alovlandırmağa yönəlib. Fransa Prezidentinin və ümumilikdə Qərbin tərəfləri atəşi dayandırmağa çağırmaq əvəzinə müharibənin davam etdirilməsinə dəstək verməsi, E.Makronun hətta beynəlxalq koalisiya şəklində müharibənin miqyasının daha da genişləndirməyi təklif etməsi bir daha göstərir ki, Qərb sülhdə maraqlı deyil. Bu, Fransanın xarici siyasətinin nə qədər təcavüskar və ağılsız olduğunu yenidən sübut edir. Ərazisində milyonlarla müsəlman yaşayan Fransa İsrail və Fələstinə sülh üçün vasitəçilik təklif etmək əvəzinə müharibə təklif edir.

Birmənalı demək olar ki, Fransa eyni siyasəti Cənubi Qafqazda da həyata keçirməyə cəhd göstərir. Ancaq əminliklə demək olar ki, rəsmi Parisin bütün məkrli niyyətləri, çirkin cəhd və səyləri puç olaraq yoxa çıxacaq.

Zahid Rza, “İki sahil”