25 oktyabr 2023 17:36
313

Qubadlının işğaldan azad olunması Azərbaycanın  qüdrətinin və yenilməzliyinin göstəricisidir

Torpaqlarımızın işğaldan azad edilməsi günlərinin qeyd olunması qürurverici hadisələrdəndir. Ölkə rəhbəri, Ali Baş Komandan cənab  İlham Əliyev Qubadlı rayonunun işğaldan azad edilməsinin ildönümündə  rayon ictimaiyyəti nümayəndələri ilə görüşündə “Bu gün bu şanlı Qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik” söyləyərək bildirmişdi ki,  Azərbaycan xalqı, indiki  və gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcək. Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr salınacaq, adları məktəblərə veriləcək. Artıq bu proses başlamışdır.  “Hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir. İlk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi. Birinci gündə 4 kəndin azad edilməsi Azərbaycan xalqına çox böyük sevinc bəxş etdi. Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq.” Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu fikirləri də  Qubadlı rayonunun işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə 25 oktyabr 2021-ci il tarixdə rayon  ictimaiyyətinin  nümayəndələri ilə görüşündə bildirdi.

Xatırladaq ki, Qubadlı rayonu 1933-cü ildə yaradılmışdır. Rayonda 1 şəhər (Qubadlı) 93 kənd vardı. Rayonun əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olmuşdur.  Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdi. Rayon Azərbaycanın cənub-qərbində yerləşir və faydalı qazıntı ehtiyatlarına malikdir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir.

Ermənistana 30 illik işğal dövründə heç bir təzyiqin göstərilməməsi, sanksiyaların tətbiq olunmaması onun yeni ərazilər uğrunda müharibə planları hazırlamasına yol açdı ki, bu da 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanması ilə nəticələndi. 2020-ci ilin  25 oktyabr tarixində Qubadlının üstündən qara buludlar çəkildi. 44 günlük Vətən müharibəsində Qəhrəman oğullarımız Qubadlını işğaldan azad etdi. Bu müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad olunması Böyük Qələbəni yaxınlaşdırdı. Uzun illər ayrı qaldığımız torpaqlarımıza addım-addım yaxınlaşırdıq. Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etməklə ermənilərin illərdir yaratdıqları mifləri, eyni zamanda, bu torpaqlarda qurduqları istehkamları dağıtdılar. Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında dayana bilməyən erməni silahlı qüvvələri hərbi texnikanı, silah-sursatı qoyub qaçdılar. Bütün açıq və gizli havadarlarının köməyinə baxmayaraq, düşmən Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmirdi. Dünya Azərbaycan adlı ölkənin qüdrətinə, şücaətinə, yenilməzliyinə və varlığına şahid oldu. Dünyaya bir daha sübut olundu ki, ən güclü ordu Azərbaycan Ordusudur. 2020-ci ilin noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu. İkinci Qarabağ müharibəsi  gücümüzü,  milli ruhumuzu göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalq bir yumruq kimi birləşdi. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi.  Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan  Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu  Prezidentin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdi.   Qubadlı rayonu təbii yataqları ilə fərqlənir. Rayonun işğaldan azad edilməsi ilə tikinti sektorunun tam tələbini yerli ehtiyatlar hesabına qarşılamaq mümükündür. İndi bütün işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma işləri gedir. Artıq Qubadlı şəhərinin, rayonun işğaldan azad edilmiş kəndlərinin müasir tələblər səviyyəsində yenidən qurulması və bərpası işləri görülür. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfər edir, görülən işlərlə yaxından tanış olur, bir sıra sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edirlər. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunub. Bu gün Zəngilandan Qubadlıya, Laçına ən müasir tələblərə uyğun yollar çəkilir. Cari ilin 4 may tarixində Qubadlıya növbəti səfərində ölkə başçımız Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, tam orta məktəbin, Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlini qoymuşdur. Bu gün Qubadlı şəhəri öz tarixi memarlıq üslubunu saxlamaqla dünya şəhərsalma prinsiplərinə uyğun müasir şəkildə yenidən qurulur.  Hazırda Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri həyata keçirir, bütöv şəhər və kəndlər, yaşayış massivləri, infrastruktur müasir tələblər əsasında qurulur. Şərqi Zəngəzurun dirçəliş dövrü başlayıb. Böyük əhəmiyyət kəsb edən infrastruktur lahiyələr uğurla icra olunur, yurdumuzun işğaldan azad edilən ərazilərinə yeni bir həyat gəlib.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri