25 oktyabr 2023 14:37
287

Qubadlının işğaldan azad edilməsi Zəfər tariximizin əsas səhifələrindəndir

Azərbaycan Respublikasının cənub qərbində yerləşən Qubadlı rayonu 27 il erməni işğalında qaldı. Ermənistan işğalda saxladığı digər ərazilərdə olduğu kimi Qubadlı rayonu ərazisində də talançılıqla məşğul olmuş, bütün maddi-mədəni infrastrukturu yerlə yeksan etmişdir. Belə ki, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

Əlverişli təbii-coğrafi mövqeyi olan Qubadlı rayonunda əkinçilik üçün daha geniş imkanlar vardır. İşğala qədər də rayon ərazisində çoxillik bitkilərin becərilməsi və üzümçülük üstünlük təşkil etmişdir. Faydalı qazıntı ehtiyyatları yüksək olan Qubadlıda mişar daşı, yəşəm, mərmərləşmiş əhəng daşı, tuf daş, qum-gil və əqiq yataqları mövcuddur. Rayonun faydalı qazıntı ehtiyyatları da işğal dövründə Ermənistan tərfindən talan edilmişdir.

İşğal dövründə Qubadlı rayonun Xanlıq kəndində hərbi istehkam, hərbi baza qurmuş Ermənistan Xanlıq kəndində qanunsuz məskunlaşma apararaq xaricdən gətirilən erməniləri xaricdə yaşayan ermənilərin pulu ilə burada salınan qəsəbədə yerləşdirmişdir. Bu isə hərbi cinayət hesab edilir. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur.

Oktyabrın 20-də Zəngilan şəhəri azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi və rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalını təsis edərək döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15212 hərbi qulluqçusunu müvafiq Sərəncamları ilə bu medalla təltif etmişdir.

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədi ilə Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev dörd dəfə Qubadlı rayonuna səfər etmiş və  2020-ci il 23 dekabr tarixində baş tutan ilk səfəri zamanı Azərbaycan bayrağını ucaltmışdır. 25 oktyabr 2021-ci ildə reallaşan ikinci səfər zamanı isə Xanlıq-Qubadlı yolunun təməli qoyulmuş, “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışları həyata keçirilmiş,  rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilmişdir. Ölkə başçısının üçüncü səfəri  2022-ci il oktyabrın 19-da olmuşdur. Səfər zamanı Prezident İlham Əliyev Qubadlı şəhərinin Baş planı, rayon ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin, həmçinin "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimlərində iştirak edib.

Prezident cənab İlham Əliyev cari ilin may ayının 4-də rayona səfəri zamanı isə Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak etmişdir.

İşğaldan azad edilmiş digər ərazilərimiz kimi, Qubadlı rayonunda da genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Rayonun Baş planında Qubadlının təbiəti, tarixi keçmişi, memarlığı, eləcə də 2050-ci ilə qədərki inkişaf dinamikası nəzərə alınacaq.

Cavid Osmanov,

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı