25 oktyabr 2023 12:11
370

Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı - Kamran Bayramov

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Rayonun sahəsi 802 kvadrat kilometrdir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır.  İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. Burada işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu. Rayonun “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlar idi. 

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Qubadlı rayonu 1993-cü ilin avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olunmuşdur.  İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.
K.Bayramov vurğulayıb ki, Qubadlıda İrəvan qanunsuz məskunlaşma cinayətləri həyata keçirərək xaricdən gətirilən erməniləri burada qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınmışdır.

Deputat diqqətə çatdırıb ki, oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər  götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı.  Azərbaycan Ordusunun xüsusi peşəkarlığı sayəsində strateji yüksəkliklər ələ keçirildi. Oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi.»
 Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.  Şərəfli missiyasını uğurla tamamlayan rəşadətli Azərbaycan Ordusu öz gücünü bütün dünyaya göstərdi. Qəhrəman Azərbaycan əsgəri həm peşəkarlıq, həm iradə, milli ruh, qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etdi. İndi dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Azərbaycan Ordusunun döyüş taktikası öyrənilir. Bu müharibə dünya üçün də bir yenilik oldu. Əbəs yerə deyil ki, Azərbaycanın apardığı Vətən müharibəsi bir çox hərbi ekspert tərəfindən XXI əsrin müharibəsi adlandırılır.
K.Bayramov bildirib ki, 2020-ci il noyabrın 26-da «Qubadlının azad olunmasına görə» medalı təsis edildi. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə «Qubadlının azad olunmasına görə» medalı ilə təltif edilmişdir.

K.Bayramov əlavə edib ki,  bu gün Qubadlı yeni inkişaf dövrünü yaşayır. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır.  Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər.  Prezident İlham Əliyev Qubadlıda Mahzurlu kəndinin təməlini qoyub. Gələcəkdə bu kənddə 2700-dən çox sakinin,  690 ailənin yaşaması planlaşdırılıb. Mahruzlu kənd inzibati ərazi dairəsində yerləşən Alaqurşaq və Muğanlı kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib. Birinci fazada kənddə 145 evin tikilməsi və 649 nəfərin məskunlaşdırılması planlaşdırılır.

Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi, çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, sənətkarlıq emalatxanası, tibb məntəqəsi, mərasim zalı  yaradılacaq.