24 oktyabr 2023 23:15
248

Fransuzski Fuad

Ölkəmizin dostları ilə düşmənlərini ayıra bilməyən F.Qəhramanlı “Facebook”dakı statusları ilə yenə bunu sübut edib

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Facebook”da yenə də Azərbaycan hökumətinə qara yaxmağa davam edir.

Söz və mətbuat azadlığından öz şəxsi məqsəd və çirkin niyyətləri üçün istifadə edən, bununla belə hər zaman həyasızcasına guya “demokratiyanın olmaması”ndan gileylənən bu dağıdıcı ünsürlər sosial şəbəkələri siyasi alverə, dələduzluq meydanına çeviriblər.  

F.Qəhrəmanlı növbəti statuslar yazmaqla özünü yenə rüsvay edib. Bu dəfə qeyd edib ki, Ermənistanla sülh bağlanarsa Fransa ilə Azərbaycanın münasibətlərinin normallaşması üçün uyğun zəmin yaranar. Ancaq Azərbaycanın xarici siyasəti ölkənin dostlarını deyil, düşmənlərini artırmaq üçün hər şey edir.

Görünür, F.Qəhramanlı dostla düşməni ayıra bilmir. Atalar yaxşı deyib, qarı düşmən dost olmaz. Qəhrəmanlı, Fransanın ölkəmizə qarşı düşmən mövqeyi, qeyri-normal münasibəti, Ermənistanın mövqeyini açıq-aşkar müdafiə etməsi niyə və nə tez yadından çıxır? Azərbaycan hökuməti dost qazanır, sən isə düşmən... Çünki belə fikirləri vurğulamaqla ilk növbədə Azərbaycan xalqının nifrətini qazanır. 

Sonra isə bu üzdəniraq antidemokrat iddia edir ki, Azərbaycan Qərbin Cənubi Qafqazda möhkəmlənməsini özü üçün təhlükə sayır. Sonra isə utanmadan yazır ki, Bakı hələlik Ermənistanla sülh müqaviləsi bağlamaqdan yayınır.

Qərbin Cənubi Qafqazda möhkəmlənməsi məsələsinə gəlincə, bu antimilli ünsür məgər bilmirmi Qərb bu gün Azərbaycana qarşı hansı mövqedə dayanır? Korrupsioner Avropa Parlamenti, Fransa, Niderland, Avstriyanın qərəzli mövqeyini görmürmü? Ermənistanı silahlandıran Fransa regionda sülh istəyir? burada möhkəmlənməsi Azərbaycan üçün məqbul deyil. Çünki Makronun rəhbərlik etdiyi bu dövlətin səyləri ilə bu ölkə Azərbaycanın əleyhinə iş aparmaqla “kiçik bacı”sı Ermənistana xüsusi canfəşanlıq edir. Belə ki, Fransa parlamenti və bu ölkənin təhriki ilə Avropa Parlamenti Azərbaycanın əleyhinə dəfələrlə heç bir əsası olmayan qətnamə qəbul edib. Belə olduğu təqdirdə anti-Azərbaycan mövqeyində olan Fransa ilə hansı dostluqdan söhbət gedə bilər? Axı sən başa düşmürsənmi, Ermənistanı silahlandırıb hər platformada ölkəmizə qarşı mövqe ortaya qoyan Makron hökumətinin bölgədə güclənməsi tamamilə Ermənistanın maraqlarına uyğundur. Makron-Paşinyan cütlüyünün ölkəmizin əleyhinə birləşməsi də heç kimə sirr deyil. Müəmmalı məqsədlər üçün birləşən bu  düşmənləri özünə dost bilən F.Qəhrəmanlının dövlətçilikdən danışmağa haqqı və hüququ yoxdur. Çifayda...   

Təsəvvür edin, bu üzdəniraq düşmən mövqeyini utanmadan müdafiə edir. Azərbaycan guya sülh anlaşmasını istəmədiyini iddia etmək düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Dövlət başçısı İlham Əliyev Azərbaycanın mövqeyini hər zaman müdafiə edərək sülh müqaviləsinin imzalanmasının vacibliyini dəfələrlə qeyd edib. Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının iclasına Paşinyanın gəlməməsi onun sülh niyyətinin olmamasını növbəti dəfə sübut etdi. Vətən müharibəsindən ötən 3 il işğalçı Ermənistanın bu müddətdə sülh müqaviləsindən yayınması ilə xarakterizə edilməlidir. Çünki bu məsələ faktlarla sübut edilib.

Yəqin ki, bu həqiqətləri öz xalqına və dövlətinə düşmən kəsilən Fuad Qəhrəmanlı və başda “şefi” Əli Kərimli olmaqla onun təmsil olunduğu dağıdıcı müxalifətin digər üzdəniraqları bilməmiş deyillər. Bilməyinə bilirlər. Ancaq nə yazıq ki, öz niyyətlərindən əl çəkə bilmirlər. Bu qədər sadə...

Cavid Əkbərov, “İki sahil”