24 oktyabr 2023 19:48
309

Qubadlının işğaldan azad olunması yeni qələbələrin əsasını qoydu

Azərbaycan Ordusunun 2020-ci ilin sentyabrın 27-də başladığı uğurlu  əks-hücum əməliyyatları nəticəsində 29 gündən sonra –yəni oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edildi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev şanlı qələbə tarixlərimizi əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncamı imzaladı. Sərəncama əsasən ölkəmiz hər ilin  25 oktyabr tarixini Qubadlı şəhəri günü kimi qeyd edəcək.

Bəli, Qubadlı rayonu ölkəmizin ən mühüm kənd təsərrüfarı rayonlarından biri olmuşdur. Erməni işğalına qədər rayonda  taxıl, üzüm, tütün, həmçinin heyvandarlıqla məşğul olunurdu. Tütünçülük rayonun iqtisadiyyatında mühüm yerlərdən birini tuturdu. Qudadlı ölkəmizin əsas kənd təsərrüfatı rayonlarından biri olmasına baxmayaraq, bununla yanaşı, rayon ərazisində olan mərmər, əhəng daşı, qum-gil yataqlarının istifadəsi nəticəsində sənaye sahələri də rayonun iqtisadiyyatında yer almağa başlamışdır. Təəssüflər olsun ki, məhsuldar torpalqarı, meşələri, qiymətli bitkiləri ilə seçilən bu  dağlıq rayonumuz işğal nəticəsində erməni vandallarının əlinə keçmiş, rayonun 30 minə yaxın əhalisi yurd-yuvasından didərgin düşmüş, Azərbaycanın digər rayonlarında məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur.

27 il erməni işğalında qalmış Qubadlı rayonu barbarlar tərəfindən tamamilə dağıdılaraq xarabəyə çevrilmişdi. Bu rayon ermənilərin qanunsuz məskunlaşdırma siyasətinə də uğramışdır. Belə ki, Ermənistanın terrorçu rəhbərləri işğal dövründə  xaricdən gətirilən erməniləri Qubadlıda qanunsuz yollarla yerləşdirmişdir. Qəhrəman Ordumuz bu rayonu da işğaldan azad edərkən şəhidlər vermişdirr. Rayon dağlıq olduğundan yüksəkliklərdə yerləşən düşmənin hərbi birləşmələrini və güclü müdafiə istehkamlarını yarmaq heç də asan olmamışdır. Ordumuz yüksək peşəkarlıq və fədakarlıq göstərərək əvvəl strateji yüksəklikləri ələ keçirmişdir. Bundan sonra Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnikasını  itirərək geri çəkilməyə məcbur olmuş, daha sonra isə şəhər özü düşməndən azad edilmişdir. Yəni Qubadlının azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılmış, Silahlı Qüvvələrimiz Laçın dəhlizi istiqamətində də düşməni məğlubiyyətə uğratmışdır.

Qəhrəman oğullarımızın  bu fədakarlığı dövlətimiz və  Ali Baş Komandanımız tərəfindən  layiqincə  qiymətləndirilmişdir. Belə ki,  2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilmişdir. Qubadlı əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15 mindən çox hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşlar.

Post müharibə dövründə Qubadlının yenidənqurma və bərpa işləri ən yüksək səviyyədə və sürətlə davam edir. Rayonda aparılan tikinti-quruculuq işləri  onun təbiəti, meşələri, memarlığı, tarixi keçmişi diqqət mərkəzində saxlanılmaqla həyata keçirilir. Yəni, bu, Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi məsələdir.

Bu gün artıq Qubadlıda ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Ermənistanla həmsərhəd olğu üçün rayonun müdafiəsinə xüsusi diqqət ayrılır və rayonda zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyət də davam etdirilir.

Ən önəmlisi isə odur ki, cənab Prezidentimizin iştirakı ilə 25 oktyabr 2021-ci il tarixində Qubadlıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsi açılmışdır. Ali Baş Komandanımızın işğaldan azad edilmiş rayonlarımıza tez-tez səfərlər etməsi və tikinti işlərinə şəxsən nəzarət etməsi onu deməyə əsas verir ki, qubadlılılar tezliklə öz doğma torpaqlarına qovuşacaqlar.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri