25 oktyabr 2023 00:28
294

Sülhə doğru...

Azərbaycanın regionda yaratdığı, yeni reallıqlar bu prosesin uğurlu sonluqla nəticələnəcəyinə ümidləri artırır

Azərbaycanın regionda yaratdığı yeni reallıqlar bölgənin sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinə çevrilməsini təşviq edir. Bu baxımdan,  Prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüslər tarixi - siyasi əhəmiyyət daşıyır. Ölkəmizin açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib.

Azərbaycan bütövlükdə sülh çağırışlarını birmənalı şəkildə dəstəkləyir. Qalib ölkəmiz postmüharibə dövründə  dəyişməz sülh gündəliyinə malikdir. Təxminən 10 min kvadratkilometrdən çox ərazilərimizin Ermənistan tərəfindən dağıdılmasına, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana yenə də sülh müqaviləsini imzalamağı təklif edirik. Postmüharibə dövründə respublikamız qarşı tərəfə beş bənddən ibarət sülh paketi təqdim edib. Bu sənəd  qeyd olunan iki ölkə arasında sülh sazişinin imzalanması və sərhədlərin müəyyənləşdirilməsi üçün baza prinsipləri kimi əsas götürülə bilər.

Lakin təəssüf ki, ötən üç ildə Azərbaycanın davamlı sülh təşəbbüslərinə məğlub Ermənistandan adekvat cavab gəlməyib. Əksinə, məğlub ölkə müxtəlif manipulyasiyalara əl atmaqla sülh prosesini ləngitməyə  çalışır. Eyni zamanda, bu il sentyabrın 19-dək Ermənistan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən yayınmaqla silahlı qüvvələrinin bir hissəsini Azərbaycan ərazilərində saxlamaqda davam edirdi.

Lakin Azərbaycanın cəmi bir gün ərzində uğurla tamamladığı lokal antiterror tədbirlərinin nəticəsi olaraq əldə olunan razılaşmalar onu deməyə əsas verir ki, artıq regionda yeni reallıqlar yaranıb. Beləliklə də, sülh prosesinin irəliləməsi üçün yeni imkanlar yaranıb və bu imkanlardan maksimum dərəcədə faydalanmaq lazımdır. Bu baxımdan “3+3” formatı regionda kövrək sülhü qoruyub saxlamaqda ümidverici platformadır. Qeyd edək ki, region dövlətləri arasında sıx əlaqələri və inteqrasiyanı nəzərdə tutan “3+3” formatının təşəbbüskarı da məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Çünki Azərbaycan xarici siyasətində regional məsələlərin region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyi fikrini rəhbər tutur.

Ötən illərin təcrübəsi göstərir ki, Cənubi Qafqazda sülhün və əmin-amanlığın təmin edilməsinin ən optimal yolu məhz region ölkələrinin özləri arasında aparılan müzakirələrdən keçir. Biz bunun bariz nümunəsini Vətən müharibəsində gördük. Prezident İlham Əliyev ilk günlərdən xarici mediaya verdiyi müsahibələrdə, dövlət başçıları ilə telefon danışıqlarında Ermənistanın işğal olunmuş rayonlardan çıxmasına dair öhdəlik götürəcəyi, konkret vaxt cədvəli verəcəyi təqdirdə, əməliyyatların başa çatdırılacağını bəyan edirdi. Ermənistanın baş naziri Nikol Paşinyan isə regiondan kənarda yerləşən ölkələrdən, əsasən Fransadan, ABŞ-dan və Kanadadan kömək gözləyirdi. Lakin bu ölkələr heç bir real addım ata bilmədilər. Təəssüf ki, İkinci Qarabağ müharibəsində Qərbdəki havadarlarından əməli dəstək ala bilməmək haylara dərs olmadı. Onlar “dəmir yumruq”un zərbəsinin təsirindən ayılan kimi, yenə üzlərini Avropaya və okeanın o tayına çevirməyə başladılar. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin yeni vasitəçilik təşəbbüsü meydana çıxdı. Azərbaycan regiona sülhün gəlməsi naminə 2022-ci il mayın 22-də başlayan və “Brüssel formatı” adlanan görüşlərə də “yox” demədi. Lakin sonradan İrəvan bu təşəbbüsə də əngəl törətməyə başladı. Həmin ilin oktyabrında Praqada keçirilən üçtərəfli görüşə İrəvanın istəyi ilə Fransa da cəlb olundu. Parisin iştirakı ilə keçirilən görüşlər, aparılan danışıqlar isə nəinki sülhə xidmət etdi, əkisnə bölgədə gərginliyi daha da artırdı.

Praqa görüşündə Avropa İttifaqının mülki müşahidə missiyasının iki ay müddətinə Ermənistan–Azərbaycan sərhədinə yerləşdirilməsi ilə bağlı razılıq əldə olundu. Ancaq iki ay bitdikdən sonra Aİ Azərbaycanın razılığını almadan İrəvanın müraciəti əsasında, birtərəfli qaydada missiyanın müddətini uzatdı. Həmin addım hayların regionun məsələlərini havadarları hesabına həll etmək istəyinin daha bir göstəricisi oldu.

Nəhayət, bütün bu təxribatçı addımlar Azərbaycanın oktyabrın 5-də Avropa Siyasi Birliyinin İspaniyanın Qranada şəhərində keçirilən III Sammitində iştirakdan imtina etməsinə gətirib çıxardı. Qranada görüşündə Türkiyə Prezidentinin iştirakına imkan yaradılmaması ölkəmizi belə bir addım atmağa vadar etdi. Ermənistan rəhbərliyi isə oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasına qatılmadı. Həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da MDB Xarici İşlər Nazirləri Şurasının görüşünə qatılmadı.

İndi isə hayların baş diplomatının Tehran görüşünə qatılması hər bir halda müsbət addım kimi qiymətləndirilməlidir. Azərbaycan–Ermənistan, Gürcüstan–Rusiya münasibətləri, habelə Yaxın Şərqdəki gərginlik fonunda Tehranda aparılan müzakirələr regionda kövrək sülhü qoruyub saxlamaq yolunda vacib addım kimi qiymətləndirilməlidir. Elə xarici işlər naziri Ceyhun Bayramov “3+3” regional məşvərət formatının nazirlər səviyyəsində keçirilən birinci görüşündə Azərbaycanın Ermənistanla bir-birinin legitim maraqlarına qarşılıqlı hörmət əsasında ədalətli və bərabərhüquqlu sülh təklifini bir daha diqqətə çatdırıb. Nazir çıxışında sülh müqaviləsi çərçivəsində məsələlərin tezliklə yekunlaşması məqsədilə Ermənistan tərəfindən qarşılıqlı addımlar və konstruktiv yanaşma gözlədiyimizi, tam regional normallaşma üçün bu unikal şansın bir daha əldən verilməyəcəyinə ümidvar olduğumuzu bildirib.

Nigar Orucova, “İki sahil”