25 oktyabr 2023 00:05
318

“Dəmir yumruq”un yazdığı Qubadlı salnaməsi

Bu şəhərin işğaldan azad edilməsi böyük Qələbəni daha da yaxınlaşdırdı

Qubadlı rayonu 1933-cü ildə yaradılıb. Bu rayon 1993-cü ilin 31 avqust  tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilib.

94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınıb. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılıb.

Qubadlı rayonu ölkəmizin cənub-qərbində yerləşir, səthi əsasən dağlıqdır. Rayon qərbdən 120 km məsafədə Ermənistanla, Şimaldan Laçın, Xocavənd, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonları ilə həmsərhəddir. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. İşğal zamanı 28 il ərzində bütün bunlar fitnəkar düşmən tərəfindən istismar edilib.

2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq Prezident, Ali Baş Komandan hərbi vəziyyət elan etdi və İkinci Qarabağ müharibəsi, yəni Vətən müharibəsi başladı. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular, yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər  götürülməli idi. Çünki düşmən buradan müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bunu bacardı, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi.

2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

2020-ci ilin 23 dekabr tarixində dövlət başçısı İlham Əliyev Qubadlıda Azərbaycan Bayrağını ucaltdı. Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Bu şəhərin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedib, Azərbaycan çoxlu sayda şəhidlər verib. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov kimi öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş igidin adını çəkmək olar.

İkinci Qarabağ müharibəsi ərzində rayonun 41 kəndi Ermənistan işğalından azad edilib. Bu rayon üzərində Azərbaycanın suverenliyi bərqərar olub, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilib. Qubadlı bizimdir! Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!

Cavid Əkbərov, “İki sahil”