25 oktyabr 2023 02:10
362

Dezinformasiya həyasızlığı   

Ermənilərin bu xisləti oğurluqdan, əxlaqsızlıqdan da betər imiş

Ermənistan öz çirkin əməllərini ört-basdı etmək məqsədilə dezinformasiyalar (dezinformasiya dedikdə insanları bilərəkdən çaşdırmaq üçün yalan məlumatlar hazırlamaq və yaymaq nəzərdə tutulur) üzrə tam ustalaşıb desək yanılmarıq. Haylar məhz 30 il müddətində  dezinformasiyaları, saxta rəvayətləri ilə ərazilərimizi işğal altında saxlamağa, şəhər və kəndlərimizi viran qoymağa, öz vandallıqlarını ört-basdər etməyə nail olmadılarmı? Bəli, onlar illərlə bu yolla haqqımızı tapdaladılar. Çətinliklərə rəğmən Azərbaycan müdrik addımları ilə öz ərazi bütövlüyünü bərpa etməyi bacardı. Amma bütün bunlar təcavüzkara dərs olmadı.

 Ermənistan bu gün də həmin murdar “üsul”undan istifadə etməkdədir. Belə ki, təcavüzkar ölkə 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun öz suveren ərazisində 23 saat davam edən lokal antiterror tədbirləri və ondan sonrakı durum barədə beynəlxalq ictimaiyyətə elə dezinformasiyalar sırıyır ki… Bildirir ki, guya Azərbaycan Qarabağdakı erməniəsilli şəxsləri "etnik təmizləmə"yə məruz qoyub, həm də onlar təzyiq altında bölgəni tərk etməyə vadar olunublar. Bəzi beynəlxalq təşkilatlar, həmçinin ölkələr həmin yanlış informasiyaları araşdırmadan və doğruluğunu yoxlamadan kor-koranə qəbul edir və ölkəmiz əleyhinə müəyyən addımlar atırlar. Necə deyərlər, Ermənistanın dezinformasiyalarının sədaları altında öz “iş”lərini görürlər. Buna əyani sübut kimi Avropa Şurası  Parlament Assambleyasını, Avropa İttifaqını, Niderland Krallığı Parlamentini, Avstraliya hökumətini, Avstriya Parlamentini, Fransa senatını və s. misal göstərmək olar.

Halbuki Ermənistanın işğalına və təcavüzünə qarşı hər zaman ədalətlə mübarizə aparan Azərbaycan həmin lokal antiterror tədbirlərlə öz ərazisində Ermənistan tərəfindən yerləşdirilmiş qeyri-qanuni erməni silahlı qüvvələrinin və separatçıların yaratdıqları təhlükəni aradan qaldırıb. Həmin tədbirlər zamanı isə heç bir dinc erməniyə xətər toxunmayıb. Hətta bu faktı  BMT-nin missiyası təsdiq edərək bildirib ki, Qarabağda erməniəsilli sakinlərə qarşı heç bir etnik təmizləmə həyata keçirilməyib, üstəlik onlara qarşı kütləvi zorakılıq törədilməsi ilə bağlı xəbərlər də doğru deyil. Bu isə o deməkdir ki, Azərbaycam öz ərazisində beynəlxalq normalara uyğun əməliyyatlar həyata keçirib. Bu həm də o deməkdir ki, Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli sakinlərin Ermənistana və ya başqa ölkəyə köçmək qərarı ilə Azərbaycanın heç bir əlaqəsi yoxdur. Rəsmi Bakı onlara Ermənistanın yaratdığı hərbi xuntanın girovları olduqları dövrdən daha yaxşı yaşamaq üçün şərait yaratmağa hazır olduğunu dəfələrlə bəyan edib. Lakin onların bir qismi Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşamaq istəmədiklərini bildirərək Ermənistana yollanıblar. Üstəlik, təcavüzkar ölkə onların sayının 100 mindən çox olduğunu car çəkib, onları “qaçqın” kimi qələmə verib. Halbuki onların sayı bölgədəki erməni ordusunun əsgərləri də daxil olmaqla 30-40 mindən çox deyil­di. Ermənistan isə bütün bunlarla bağlı dezinformasiyar istehsal etməkdən yorulmur ki, yorulmur. Lakin ermənilərin və onların havadarlarının iddialarını təsbit edə biləcək hansısa fakt, dəlil, sübut yoxdur. Olması da mümkün deyil, çünki iddialar tamamilə əsassızdır, yalandır.

Bizdə qədim  bir atalar sözü var: “Oğurluğun və əxlaqsızlığın ömrü 40 gün çəkər”. Amma Ermənistan və ermənilik ideologiyasına xidmət edənlərin dezinformasiya həyasızlığı  200 ildir ki, davam edir. Görünür, erməni dezinformasiya həyasızlığı oğurluqdan, əxlaqsızlıqdan da betər  imiş. Bu mənada Azərbaycan dünyada dezinformasiyadan ən çox əziyyət çəkən ölkələrdən biridir. Xüsusən də Qarabağ müharibəsi dövründə Azərbaycan daha çox dezinformasiyaların, feyk xəbərlərin təsirinə məruz qalıb. Bununla bağlı rəsmi Bakı dəfələrlə beynəlxalq qurumlara çağırışlar edib, müvafiq beynəlxalq təşkilatlara, aidiyyəti qurumlara müraciət və bəyanatlar göndərib. Amma hələ ki, beynəlxalq qurumların, eləcə də bəzi ölkələrin məsələyə ikili standartlardan yanaşması sayəsində bir nəticə hasil olmayıb. Havadarları və himayədarlarına arxayın olaraq cəfəngiyyat danışmaqdan yorulmayan haylar başa düşmürlər ki, müasir dünyamızda nifrət, kin-küdurət, saxta iddialar xalqlara, ölkələrə heç bir fayda gətirmir.  Sağlam düşüncəyə malik hər bir hay da bu cür yalanların dünyanın müxtəlif ölkələrindəki erməni lobbi təşkilatlarının əlində sadəcə pul qazanmaq aləti olduğunu, Ermənistan cəmiyyətinə heç bir faydasının olmadığını yaxşı bilir. Onlar həm də dərk edirlər ki, Ermənistanın dünyaya yaydığı yalanlar ölkələrini illərdir zəlil günə qoyub.

Bu gün Azərbaycan beynəlxalq aləmdə söz sahibidir. Odur ki,  haylar nə qədər cəfəngiyyatlar uydursalar da, beynəlxalq aləmdə haqqımızda mənfi rəy yaratmağa çalışsalar da, rəsmi Bakını tutduğu yoldan və mövqeyindən döndərə bilməyəcəklər. Belə ki, dövlətimiz onların haqsız və ədalətsiz dezinformasiyalarına məntiqlə və bey­nəlxalq hüququn tələb etdiyi qaydalar çər­çivəsində cavab verir.  Yəni, artıq onların  yalanları ifşa olunmaqdadır. Bununla da  rəsmi Bakı öz gücü, öz daxili imkanları hesabına Ermənistanı yalanlarının qurbanı etməyi də bacaracaq. Bu işdə isə Azərbaycanın yeganə silahı haqq-ədalət, bir də bölgədə yaratdığı yeni reallıqlardır.

Qvami Məhəbbətoğlu, “İki sahil”