25 oktyabr 2023 01:14
347

Heydər Əliyev və dövlətçilik ideologiyası

“Biz azərbaycanlılarıq. Hamımızın vətəni Azərbaycandır. Bu torpaq bizi xalq kimi, millət kimi, şəxsiyyət kimi böyütmüşdür. Ona görə də hər birimizin  varlığında azərbaycançılıq ruhu yaşayır. Azərbaycançılıq ruhu, azərbaycançılıq ideologiyası bizi bir-birimizə daha sıx bağlayan birliyə sövq edən amildir. Müstəqil Azərbaycan Respublikasının ideologiyası azərbaycançılıq ideologiyasıdır”.

Heydər Əliyev
Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışından

 

Hər bir müstəqil dövlətin özünəməxsus milli ideologiyası – dövlətçilik ideologiyası mövcuddur. Milli ideologiya hər bir dövlətin daxili və xarici siyasətinin əsasını təşkil edir. Milli ideologiya siyasi ideologiyadan fərqli olaraq ayrı-ayrı qruplara, siniflərə, partiyalara deyil, bütöv millətə, cəmiyyətə, müstəqil dövlətə, milli dövlətçiliyə xidmət edir. Başqa sözlə, milli ideologiya millətin əsrlər boyu davam edən tarixinin, mədəniyyətinin, mənəvi həyatının, milli əxlaq mentalitetinin, milli düşüncə tərzinin, dini və mifik görüşlərinin sintezi şəklində yaranıb, formalaşır, ümummilli maraqlara və vahid dövlətçilik təfəkkürünə əsaslanır.

XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan milli ideologiyası formalaşdı və tarixdə ilk dəfə 1918-ci ildə milli dövlətin – Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması ilə nəticələndi. Rusiyanın təcavüzü nəticəsində Xalq Cümhuriyyəti süqut etsə də o, “Azərbaycan” adını əbədiləşdirdi. Azərbaycançılıq – milli ideologiyasının gələcək inkişafının möhkəm təməlini qoydu.

Azərbaycan xalqı SSRİ dövründə başqa saxta ideologiya – kommunist ideologiyasının təsiri altında yaşasa da xalqımız milli azadlıq, milli istiqlal ideallarını heç zaman tərk etmədi. Nəhayət, 1991- ci il oktyabrın 18-də Azərbaycan Respublikası dövlət müstəqilliyini yenidən bərpa etdi, müstəqil Azərbaycan Respublkası dövrü başladı. Etiraf etməliyik ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə təmsil olunanlar, mövcud tarixi şəraiti nəzərə almaqla milli ideoloji konsepsiya yarada bilmədilər.

Azərbaycan dövlətçiliyi sahəsində zəngin təcrübəyə, dərin dövlətçilik təfəkkürünə malik olan, özünün intellektual potensialında Şərq və Qərb dəyərlərini uğurla birləşdirən Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidi ilə yenidən hakimiyyətə xilaskar missiyalı qayıdışı digər sahələrdə olduğu kimi, milli dövlətçilik ideologiyamızın da nəzəri əsaslarının, aydın konsepsiyasının hazırlanması yolunda əsaslı dönüşə imkan yaratdı.

Müstəqil Azərbaycanın milli dövlətçilik ideologiyasının yeni məzmunlu müasir konsepsiyasının əsas müddəaları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin müxtəlif nitq və çıxışlarında irəli sürülmüş, dövlətçiliyimizin tarixi ənənələri, beynəlxalq təcrübə əsasında milli ideologiyamızın təməl prinsipləri əsaslandırılmış, onun tərkib hissələri, aparıcı komponentləri müəyyənləşdirilmişdir. Ulu Öndər xüsusilə 1998-ci il noyabrın 23-də Sədri olduğu Yeni Azərbaycan Partiyasının yaradılmasının 6 illiyinə həsr olunmuş yığıncaqdakı məruzəsində müstəqil Azərbaycanın milli ideologiyasının bitkin konsepsiyasını, onun aydın proqramını və strateqiyasını verdi, bu işdə YAP-ın xidmətlərini, rolunu göstərdi, qarşıda duran vəzifələri açıqladı. Ulu Öndər Heydər Əliyev deyirdi: “Müstəqilliyi elan etmək hər bir xalq üçün, ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtçilikdir. Amma müstəqilliyi yaşatmaq, onu dönməz etmək bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir.”

Azərbaycanın müstəqil dövlət kimi ideologiyası-azərbaycançılıq ideologiyası Yeni Azərbaycan Partiyasının Proqramında öz əksini tapıbdır. Ölkəmizdə həm xarici, həm daxili siyasətdə, həm ictimai-siyasi sahədə və həm də sosial-iqtisadi sahədə görülən işlər milli ideologiyanın üzərində qurulur.

Milli ideologiyamızın əsas təməl prinsipləri məhz bunlardan ibarətdir:

Birinci dövlətçilik. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır, hər bir vətəndaş dövlətə və xalqa sədaqətli olmalıdır. Azərbaycançılığın milli ideologiyamızın prioritet, aparıcı amili olması, Azərbaycançılığın müstəqil Azərbaycanın milli ideologiyası olması prinsipi həyatda reallaşmalıdır.

Milli ideologiyamızın ikinci hissəsi bizim milli- mənəvi dəyərlərimizdir. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət, həqiqi xalq ola bilməz. Milli-mənəvi dəyərlərimiz, bizim adət-ənənələrimizdir, ana dilimizdir, mənəvi - əxlaqi mentalitetimizdir. Bunların hamısı ilə biz fəxr edirik, iftixar hissi keçiririk.    

Milli ideologiyamızın mühüm tərkib hissələrindən biri ümumbəşəri dəyərlərdir. Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir.

Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən Azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər-bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir. Milli ideologiyamızın bütün təməl prinsipləri bizim milli kimliyimiz olan müqəddəs üçrəngli Dövlət Bayrağımızın hər bir simvolu ilə uzlaşaraq bir vəhdət təşkil edir. Azərbaycançılıq məfkurəsi xalqımızın milli həmrəyliyini və birliyini təşkil edir, ölkəmizdə yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələrini öz ətrafında birləşdirir, xarici ölkələrdə yaşayan azərbaycanlıların həmrəyliyində və təşkilatlanmasında xüsusi yer tutur, milli-mədəni irsimizi və mənəvi-əxlaqi dəyərlərimizi qoruyaraq zənginləşdirir. Bu gün ölkəmizdə ümummilli ideologiyamız olan azərbaycançılıq məfkurəsi bir ideologiya kimi siyasi münasibətlərin fövqündə dayanaraq milli təhsil sistemimizin məzmununda aparıcı amil kimi nəzərə alınır.

Bu gün tam əminliklə deyə bilərik ki, əsası və təməli keçən əsrin əvvəllərində - 1918-20-ci illərin Azərbaycan Xalq Cümhuriyyətinin nümunəsində qoyulan böyük azərbaycançılıq ideyası öz tarixi, qanunauyğun varisini çağdaş, suveren, demokratik, güclü və qüdrətli müstəqil  Azərbaycanın və onun Ümummilli Lideri Heydər Əliyevin timsalında tapmışdır.

Azərbaycanın Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasını, onun dönməzliyinin təmin edilməsini özünün müqəddəs, prioritet, ümdə vəzifəsi saymışdır və bu vəzifələr hal-hazırda onun siyasi varisi, cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən də davam etdirilməkdədir.

Müasir dövrdə Azərbaycan xalqının və dövlətinin tarixi nailiyyətlər əldə etməsi Ulu Öndər Heydər Əliyevin dövlətçilik təlimi, Ümummilli ideologiyası, siyasi kursu ilə və bu yolu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin güclü liderlik keyfiyyətləri ilə sıx şəkildə bağlıdır. 44 günlük Vətən Müharibəsində şanlı qələbənin əldə edilməsi, antiterror tədbirlərinin uğurla nəticələnməsi, ölkəmizin suverenliyinin tam təmin olunması bunun növbəti sübutlarıdır. Qələbəni şərtləndirən amillər içərisində cənab Prezident İlham Əliyevin yüksək intellekti və diplomatik məharəti, milli maraqların qorunmasında qətiyyəti və prinsipiallığı, onun rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə uğurları və xarici siyasətdə nailiyyətləri mühüm rol oynamışdır.

Xalq-dövlət birliyinin möhkəmlənməsi istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin də məntiqi nəticəsi özünü Vətən müharibəsi zamanı və bu gün də özünü parlaq şəkildə göstərir. Müharibə dövründə ölkə vətəndaşları milli-etnik və dini mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq Müzəffər Ali Baş Komanda İlham Əliyevin ətrafında sıx birləşdi ki bu da milli həmrəyliyin və vətəndaş birliyinin təcəssümü idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun cəmi 44 gün ərzində düşməni darmadağın etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası xalqımızın milli qürur hissini özünə qaytardı və Azərbaycanın gücünü bütün dünyaya bir daha göstərdi.

 Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə bölgədə yeni geosiyasi və geoiqtisadi reallıqlar yaratmışdır. Cənab Prezident İlham Əliyevin”Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı bu kontekstdə mühüm tarixi-siyasi hadisə oldu. Qarabağ iqtisadi rayonunun yaradılması ilə “Qarabağ Azərbaycandır!” şüarı özünün siyasi-hüquqi təsdiqini tapdı. Şərqi Zəngəzur iqtisadi rayonu yaradılmaqla Azərbaycanın tarixi əraziləri arasındakı ənənəvi sosial-iqtisadi və mədəni bağlılığın bərpası istiqamətində mühüm addım atıldı.

Artıq işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesi başlamışdır. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı üçün işğaldan azad olunmuş ərazilərdə geniş abadlıq və quruculuq işləri aparılır, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası həyata keçirilir, şəhərlər, kəndlər və qəsəbələr yenidən qurulur. Bu ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi üçün regionun sürətli iqtisadi inkişafı təmin olunur, istehsal müəssisələri, iş yerləri yaradılır, stimullaşdırıcı tədbirlər həyata keçirilir.

Əhalinin rifahına xidmət edən sosial-iqtisadi inkişaf, müstəqil dövlətin hüquqi-siyasi əsaslarının möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin və multikultural dəyərlərin inkişafı, ordu quruculuğu sahəsində nailiyyətlər, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, milli maraqlara əsaslanan xarici siyasət, nəqliyyat-enerji təhlükəsizliyinin təmin olunması Azərbaycanın qüdrətli dövlət kimi gələcək inkişaf prioritetləridir.

Demokratik dəyərlərə sədaqət ölkəmizin modernləşmə yolu ilə inkişafını təmin edən mühüm dəyərlərdən biridir. Azərbaycanda aparılan genişmiqyaslı islahatlar dövlət idarəçiliyinin və siyasi sistemin təkmilləşməsində, iqtisadiyyatın inkişafında, əhalinin sosial müdafiəsinin gücləndirilməsində, xalqımızın milli mədəni irsinin və dəyərlərinin qorunmasında böyük əhəmiyyət daşıyır və bu islahatlar ölkəmizin gələcək inkişafında yeni uğurların bünövrəsini qoyur.

Dünya sürətlə dəyişir, inkişaf edir, yenilənir, qloballaşma prosesi yeni çağırışları meydana gətirir. Dəyişən dünyamızda azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşən xalqımız, Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının “Biz birlikdə güclüyük!” devizi altında bundan sonra da daha möhtəşəm uğurlara və daha böyük qələbələrə doğru inamla irəliləyəcəkdir.

İsmayıl İbrahimov,
Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri