24 oktyabr 2023 14:21
355

Qubadlının işğaldan azad edilməsi Zəfərimizin yaxınlaşmasından xəbər verirdi

Şanlı Vətən Müharibəsinin 29-cu günü, 25 oktyabr 2020-ci il tarixində Qubadlı şəhəri erməni işğalından azad edilmişdir. Cənab Prezidentin tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncamına əsasən bundan  sonra 25 oktyabr tarixini Qubadlı şəhəri günü kimi qeyd edəcəyik.

Qubadlı ölkəmizin ən mühüm kənd təsərrüfarı rayonlarından biri olmuşdur. İşğala qədər rayonda  taхıl, üzüm, tütün, həmçinin heyvandarlıqla məşğul olunurdu. Tütünçülük rayonun iqtisadiyyatında mühüm yerlərdən birini tuturdu. Qudadlı ölkəmizin əsas kənd təsərrüfatı rayonlarından biri olmasına baxmayaraq, bununla yanaşı, rayon ərazisində olan mərmər, əhəng daşı, qum-gil yataqlarının istifadəsi nəticəsində sənaye sahələri də rayonun iqtisadiyyatında yer almağa başlamışdır. Təəssüflər olsun ki, məhsuldar torpalqarı, meşələri, qiymətli bitkiləri ilə seçilən bu  dağlıq rayonumuz işğal nəticəsində erməni vandallarının əlinə keçmiş, rayonun 30 minə yaxın əhalisi yurd-yuvasından didərgin düşmüş, Azərbaycanın digər rayonlarında məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur.

İşğala məruz qalmış digər raynlarımızın taleyini Qubadlı da yaşamış, işğalçılar rayonun demək olar ki, bütün yaşayış məntəqələrini, inzibati binaları, sosial-təsərrüfat obyektlərini, mədəniyyət obyektlərini, o cümlədən məscidləri və bütün infrasturturu dağıtmışlar.

Qubadlı həmçinin rəsmi İrəvanın qanunsuz məskunlaşdırma siyasətinə də məruz qalmışdır. Beynəlxalq hüquqa məhəl qoymayan Ermənistan xaricdən gətirilən erməniləri Qubadlıda qanunsuz yollarla yerləşdirmişdir.

Müzəffər Ali Baş Komandan və onun Rəşadətli Ordusu 25 oktyabr 2020-ci il tarixində işğala son qoyaraq Qubadlını azad etmişdir. Rayon dağlıq olduğundan yüksəkliklərdə yerləşən düşmənin hərbi birləşmələrini və güclü müdafiə istehkamlarını yarmaq heç də asan olmamışdır. Ordumuz yüksək peşəkarlıq və fədakarlıq göstərərək əvvəl strateji yüksəklikləri ələ keçirmişdir. Bundan sonra Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnikasını  itirərək geri çəkilməyə məcbur olmuş, daha sonra isə şəhər özü düşməndən azad edilmişdir. Qubadlının azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılmış, Silahlı Qüvvələrimiz Laçın dəhlizi istiqamətində irəliləməyə başlamışdır.

Hərbi qulluqçularımızın bu fədakarlığı dövlətimiz və cənab Prezident tərəfindən ən yüksək səviyyədə qiymətləndirilmiş, 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilmişdir. Qubadlı əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15 mindən çox hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Bu gün Qubadlının yenidənqurma və bərpa işləri ən yüksək səviyyədə və sürətlə davam etdirlir. Qubadlıda aparılan bütün işlər rayonun təbiəti, meşələri, memarlığı, tarixi keçmişi diqqət mərkəzində saxlanılmaqla həyata keçirilir. Ümumiyyətlə, bu məsələ cənab Prezidentin ən çox diqqət yetirdiyi məqamlardan biridir ki, bütün rayonlarımız öz tarixi və təbii özünəməxsusluqlarını qoruyaraq bərpa edilməlidir.

Qubadlıda artıq ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Qubadlı Ermənistanla həmsərhəd olğu üçün rayonun müdafiəsinə xüsusi diqqət ayrılır və rayonda zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyət də davam etdirilir. 25 oktyabr 2021-ci il tarixində cənab Prezidentin şəxsən iştirakı ilə rayonda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi də  açılmışdır. 

Cənab Prezidentin diqqəti və qayğısı, işğaldan azad edilmiş rayonlarımıza tez-tez səfərlər etməsi, yenidənqurma işlərinə şəxsən nəzarət etməsi nəticəsində Qubadlıdan olan məcburi köçkünlərimiz tezliklə öz doğma torpaqlarına qayıdacaqlar.

Azərbaycanın Vətən Müharibəsindən sonrakı yeni inkişaf tarixi dövlətçiliyimizin ən parlaq səhifələrini təşkil edir.  Dövlətimizin günü-gündən artan nüfuzu, inkişafı, cənab Prezidentin yorulmaq  bilməyən əzmi və əməyi sayəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkəmiz inamlı addımlarla inkişaf yoluna davam edəcək.

Ziyafət Əsgərov,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri