22 oktyabr 2023 20:59
138

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu

Heydər Əliyev...Azərbaycan xalqının Ümumilli Lideri, ömrünü, həyatını bütövlükdə xalqına, millətinə, vətəninə həsr etmiş dahi şəxsiyyət, tarixin unudulmaz səhifələrində sonsuz iz qoyan siyasi xadim... O, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur.

Böyük siyasi iradəyə,sarsılmaz əqidəyə sahib olan Heydər Əliyev qeyri-adi idarəçilik bacarığı, yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə xalqımızın xilaskarı olmuşdur.

30 il bundan əvvəl, 1993-cü il oktyabrın 3-də keçirilmiş Prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün yeni bir mərhələnin başlanğıcı idi. Xalqımız müstəqilliyi, dövlətçiliyi, inkişafı, rifahı əsas götürərək böyük səs çoxluğu ilə Ulu Öndər Heydər Əliyevi Prezident seçdi.  Heydər Əliyev oktyabrın 10-da Vətənə sədaqət andı içdi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”

Heydər Əliyev onu təkcə öz adından yox, həm də mənsub olduğu xalqın adından söyləyirdi. Bu and Vətənimiz Azərbaycanın andı idi. Xalqımızın Ümummilli Lideri son nəfəsinə qədər bu anda sadiq qaldı.

Ümummilli Liderin ümumilikdə  hakimiyyətinin hər iki dövrü Azərbaycanın bu günü və gələcəyi ilə bağlı qərarlarla, təşəbbüslərlə, biri-birindən mühüm addımlarla zəngindir. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan müstəqil siyasətinin uğurlarını yaşayır.  Dövlətçiliyin əsasları qoyuldu,cəmiyyətin idarə edilməsində əhəmiyyətli rola malik olan, ayrı-ayrı sahələrin inlikafına yol açan qanunlarımız qəbul edildi. Bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı dövlət siyasətinin əsasına çevrildi.

Ümumilikdə bütün sahələrdə geniş vüsət alan islahatlar prosesi Azərbaycanın hərtərəfli inkişafını şərtləndirdi. Ulu Öndər Heydər Əliyev iqtisadi və siyasi islahatların vəhdətinin yaradılmasını prioritet məsələ kimi qarşıya qoydu.

Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.

Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Ulu Öndər Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən  hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxararaq öz andına sadiq qalmışdır.

Hələ Sovet dövründə ölkəyə rəhbərlik etdiyi illərdə azərbaycançılıq ruhunu və milli dövlətçilik ideyasını sönməyən qoymayan Heydər Əliyevə xalqın  sevgisi güclü idi. Məhz xalqın bu sevgisi və çağırışı Heydər Əliyevi vətənə geri qaytarmışdır. Əslində elə həmin vaxt dahi lideri respublika rəhbərliyinə dəvət etsəydilər dövlətimiz 20 Yanvar, Xocalı faciələrini, yaşamağa məcbur olmaz, dövlət müstəqilliyimiz təhlükə qarşısında qalmaz, xalqımız bu faciələrdən əziyyət çəkməzdi.  Heydər Əliyevin rəhbərliyə gətirilməsi missiyasını xalq özü yerinə yetirdi və yalnız Heydər Əliyevin Prezident seçilməsindən sonra biz müstəqillik tarixində ilk dəfə olaraq əsl iqtidarın, səriştəli rəhbərliyin, güclü mərkəzi hakimiyyətin, xalq-iqtidar birliyinin nə olduğunun şahidi olduq.

Ulu Öndərin 1993-cü ilin oktyabrında prezident seçilməsindən sonra ölkədə sabitlik, vətəndaş həmrəyliyi bərpa edildi, Qarabağ müharibəsində atəşkəsə nail olundu, düşmən təcavüzü dayandırıldı, ordu quruculuğuna böyük diqqət yetirildi. Ulu Öndər qısa bir zamanda Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real silahlı qüvvələri formalaşdıra bilmişdir. Vətən Müharibəsində bizi Zəfərə aparan yolun başlanğıcında məhz Heydər Əliyevin uzaqgörən ordu quruculuğu siyasəti dayanır.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Belə ki, ölkəmiz 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa etsə də ilk illərdə həyatının bütün sahələrində hökm sürən böhranlı  vəziyyət yalnız Ümummilli Liderin  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra aradan qaldırıldı. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü və əvəzsiz Lideri Bakıya dəvət etdi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan xalqının böyük əksəriyyətinin istəyini ifadə edən  91 nəfər ziyalının 1992-ci ilin oktyabrında ulu öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı  “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində də o dövrün reallıqları  əksini taparaq ölkəmizi  düşdüyü çətin vəziyyətdən yalnız Ümummilli Liderin çıxaracağı qeyd olunmuşdu. Vətənini, xalqını canından artıq sevən ulu öndər Heydər Əliyev bu müraciətə müsbət cavabı ilə bugünkü Azərbaycanın möhkəm təməlinin qurulmasına imza atdı. Dövlət başçısı İlham Əliyev ötən il Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları əsasında keçirilən VII qurultayında bu reallığı bir daha diqqətə çatdırdı ki, 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı.

1993-cü ildən başlayaraq Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi dövlət kimi möhkəm təməllər üzərində inkişaf etməsi, sosial-iqtisadi həyatın bütün sahələrini əhatə edən köklü dəyişikliklər  və dərin islahatların həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illər də ölkə üçün həlledici illər oldu. Məhz həmin illərdə milli dövlətçiliyin möhkəm təməli qoyuldu, Azərbaycan Respublikasının istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edildi.
Ulu Öndər siyasi hakimiyyətdə olduğu dövrdə Azərbaycan xalqının taleyində, ictimai, siyasi, mənəvi həyatında misilsiz xidmətlər göstərmişdir. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndərin adı ilə bağlıdır. Məhz bu dövrdə Azərbaycan dövlətinin qadın siyasəti yeni mərhələyə qədəm qoydu. Heydər Əliyev Azərbaycan qadınlarının inkişafına, hüquqlarının qorunmasına və onların dövlət vəzifələrinə irəli çəkilməsinə diqqət və qayğı göstərmiş, Azərbaycan qadınının mərdliyini, fədakarlığını, sədaqətini, ismətini ən ali dəyərlər kimi qiymətləndirmişdir.

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. O, dünya siyasətinə təsir etmək gücündə olan və qlobal miqyasda təhlillər aparmağı bacaran siyasətçi idi.

Dahi siyasətçinin dərin zəkası, fitri diplomatik istedadı, siyasi uzaqgörənliyi, geniş dünya görüşü, siyasi iradəsi, hadisələri qiymətləndirmə bacarığı, peşəkar rəhbərlik xüsusiyyətləri, ensiklopedik biliyi, məharətli natiqlik bacarığı ona təkcə Azərbaycanda deyil,  bütün dünyada böyük nüfuz və “siyasət nəhəngi” adını  qazandırmışdır.

 Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir.
Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

İllər keçsə də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan dövlətçilik tarixinin  tamamilə yeni bir mərhələsini yaratmış böyük siyasətçi və tarixi şəxsiyyət kimi qədirbilən xalqımızın qəlbində əbədi yaşayır və bundan sonra da yaşayacaq. 

İradə Musayeva,
YAP Xətai rayon təşkilatının "İzzət Orucov 21 a" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü