23 oktyabr 2023 10:56
209

Füzuli şəhərində bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir

2020-ci il oktyabrın 17-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına illərdir gözlədiyi xəbəri verdi. Füzuli rayonu və bir çox ətraf ərazilər işğaldan azad olunmuşdu. Bu xəbər bütün Füzuli sakinlərinin 30 illik həsrətinə son qoymuşdur. Füzuli döyüş meydanında rəşadətli Azərbaycan ordusu tərəfindən işğaldan azad edilmişdir.

Cənab Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 17-də “Füzuli Şəhəri Günü” təntənəli şəkildə qeyd ediləcək. Bu münasibətlə Füzuli şəhərində ilk dəfədir ki, Şəhər Günü qeyd edilir. Füzuli Şəhəri Gününün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.

Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Prezidentin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də “Füzuli Şəhəri Günü” münasibətilə möhtəşəm bayram tədbiri təşkil olundu. Füzuli şəhərinə köçmüş sakinlər şən əhval-ruhiyyə ilə Şəhər Gününü qeyd etdi. Xankəndidə bayraq ucaltdıqdan sonra cənab Prezident İlham Əliyev bu əziz gündə Füzuli sakinləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, təbriklərini çatdırdı.

Düşmən tərəfindən evləri sökülüb talan edilən, meşələri qırılıb məhv edilən Füzuli rayonu bu gün həyata keçirilən bərpa-quruculuq işləri nəticəsində yeni və daha gözəl görkəm almaqdadır. Füzuli şəhərində infrastruktur bərpa olunur, yaşayış binaları tikilir, kəndlər yenidən qurulur. Artıq Böyük Qayıdış proqramı çərçivəsində Füzuli şəhərinin sakinlərinin bir qrupunun qayıdışı qeyd edilir.

Füzuli sakinlərinin doğma yurdlarında rahat və xoşbəxt yaşaması üçün bütün zəruri tədbirlər görülür. Artıq 800-dən çox insan öz evinə köçüb. Prezident İlham Əliyev müjdə verdi ki, ilin sonuna qədər onların sayı 2 minə yaxın olacaq. Həmçinin 2026-cı ilin sonunda 22 min insan Füzulidə yaşayacaq. Ümumilikdə isə həmin vaxt Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.

Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlər tikiləcək, daha gözəl şərait yaradılacaq. Bax, bu gün gəldi, artıq bu, gerçəkdir, bu, reallıqdır. Füzulinin yeni siması göz oxşayır.

Füzuli sakinləri ilə söhbəti zamanı cənab Prezident İlham Əliyev tövsiyə etdi ki, biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Keçmişə dönüb baxsaq, görərik ki, doğrudan da, xalqımız çox ağır sınaqlarla üz-üzə qaldı, məcburi köçkün həyatı yaşamağa məcbur oldu. İlk əvvəllər onlar çadırlarda, vaqonlarda məskunlaşdılar, bu, həddindən artıq acınacaqlı vəziyyət idi. Amma onlar başlarını dik tutdular, ümidlərini itirmədilər, mətin dayandılar, böyük səbir nümayiş etdirdilər və gələcəyə böyük ümidlə baxdılar. Bu, növbəti nəsillər üçün də böyük nümunə olmalıdır. Onlar vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar, Vətəni, dövləti sevməlidirlər, onu qorumalıdırlar. Ən əsası öyrənməlidirlər ki, Azərbaycanın qələbələrinin, uğurlarının təməlini, ilk növbədə, xalqımızın birliyi təşkil edib. Odur ki, hər zaman həmrəy olmalıdırlar.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfərləri işğaldan azad olunmuş ərazilərimizin sürətlə bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəal üzvü