24 oktyabr 2023 00:15
281

Vicdan kasıbları

Qısqanclıq hələ də Əli Kərimliyə, Gültəkin Hacıbəyliyə və Fuad Qəhrəmanlıya reallıqları görməyə imkan vermir

AXCP sədri Əli Kərimli bu gün aqoniya vəziyyətindədir və o, artıq reallıqları görmək qabiliyyətini itirib. Elə ona görə də Azərbaycan dövlətinin uğurlarını, inkişafını inkar yolunu tutub. Xüsusilə, ölkəmizin Cənubi Qafqazda  mövcud mövqe üstünlüyü, Ermənistanın isə davamlı geosiyasi məğlubiyyəti, o cümlədən Qarabağdakı terrorçu-separatçı xuntanın darmadağın edilməsi, onların qatil rəhbərlərinin həbs edilərək Bakıya gətirilməsi,  bunun ardınca isə  Ali Baş Komandanımızın Xankəndidə,  Ağdərədə,  Xocalıda  üçrəngli Bayağımızı ucaltması xarici anti-Azərbaycan qüvvələri və onların daxildəki qulbeçələri Əli Kərimlini və onun ətrafını çox ciddi narahat edir.

Eyni zamanda, bu gün Azərbaycan torpaqlarını 30 illik işğaldan azad edərək Ermənistanın bir əsrdən çoxdur xəyalında qurduğu «böyük Ermənistan» layihəsini darmadağın edən Ali Baş Komandan İlham Əliyevin gündən günə artan nüfuzu və hörməti də AXCP sədrini qısqanclıq xəstəliyinə  mübtəla edib. Bu adam hələ də anlamır ki, cənab İlham Əliyev indi təkcə Azərbaycanın deyil, həm də bütün türk dünyasının Sərkərdəsidir.

Əli Kərimli sosial şəbəkə statusunda riyakarcasına yazır ki, rejim tərəfdarları hansı məntiqlə İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyini qeyd edirlər? Hələ də başa düşməyiblər ki, bir adamın 20 il müddətinə prezident vəzifəsində qalması müasir dövrdə xalqa qarşı hörmətsizlik sayılır?

Əli Kərimlinin bu absurd sualına qarşı adekvat və haqlı suallar yaranır: Bəs sizin hakimiyyətin ömrü niyə cəmi bir il çəkdi? Halbuki, iddia edirdiniz ki, sizləri hakimiyyətə xalq gətirib. Ola bilər… Çünki xalq yağlı və populist vədlərinizə inanıb əvvəlcə sizi dəstəkləmişdi. Amma elə həmin xalq da  bir ildən sonra sizi silib-süpürüb atdı. Çünki AXC-Müsavat hakimiyyəti səriştəsiz və bacarıqsız olduğu qədər də satqın idi. Sizlərin vəzifə və hakimiyyət uğrunda davanız ermənilərin Qarabağın sürətli işğalına şərait yaratdı.

Amma sizlərdən fərqli olaraq xalq bütün prezident seçkilərində cənab İlham Əliyevə etimad göstərdi, onu ölkənin ali rəhbərliyinə ən layiqli namizəd kimi gördü. Eşq olsun Azərbaycan xalqına ki, düşüncələrində, gələcəyə baxışlarında yanılmadı. Məhz xalqın dəfələrlə etimad göstərdiyi Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə Azərbaycan qalib, güclü və qüdrətli dövlət kimi dünyaya səs saldı.

Bəli, müxalifətçiliyi şəxsi düşmənçiliyə, qisas hissinə çevirmiş bu adamın cəmiyyət üçün olduqca təhlükəli olması bizim, yaxud bir kimsənin ona münasibətindən irəli gəlmir, özünün əməllərindən qaynaqlanır. Ona görə də müxalifət düşərgəsindəki ayıq başlılar bütün mənəvi dəyərləri itirmiş siyasət dəllalı  Əli Kərimli ilə yollarını ayırmaqda davam edirlər.

Əli Kərimlinin ən yaxın ətrafı hesab edilən qondarma «Milli Şura»nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli də sosial şəbəkə statuslarında nala-mıxa vurmağını davam etdirir. O, yazır: «Görə-görə gəlmişik, gülə-gülə yola salmışıq, hələ çoxlarını da yola salacağıq. Çünki bizlər qrant, vəzifə, maraq deyil, dəyər, əqidə adamlarıyıq. Dərdimiz of demədən vaz keçdiyimiz, arxasınca gözümüzün ucu ilə baxmadığımız şəxsi qazanclarımız yox, millətimizin, Vətənimizin dərdidir. Millətimiz, Vətənimiz ağ günə çıxmayınca və ömrümüz, sağlığımız vəfa etdikcə biz bu sevda ilə, bu sevda da bizimlə vardır.»

Belə yerdə deyirlər ki, ağası gülüm olanan, başına külüm olar. Yəni başbiləni Əli Kərimli olan Gültəkin Hacıbəylidən bundan artıq nə gözləmək olar ki,… Axı, sən hansı şərəfli və dəyərli əməlinlə özünü Vətən sevdalısı hesab edirsən? Görünür sizin üçün, qrantlar almaqla Vətəni və dövləti şərləmək, Azərbaycan Ordusunun qələbələrini kiçiltmək Vətəni sevmək anlayışıdır. Əgər belə dünyagörüşlə yaşayırsınızsa, bundan sonra da sizdən ağıllı nəsə eşitmək, dəyərli iş gözləmək əbəsdir.
 AXCP sədrinin müavini  Fuad Qəhrəmanlı isə statusunda lap «gül» vurub. O, yazır: « Ölkədə müxalifətə gərək yoxdur deyənlər, xalq bundan sonra Xankəndi yeməyəcək, insanlara normal yaşamaq üçün iş yeri, yaxşı qazanc, ədalət, hüquq lazımdır.

…Xankəndinə bayraq sancılması ilə bu məmləkətin olmuş və ola biləcək bütün uğur hekayələri bitmiş sayılır sanki.»

Bu gerizəkalının məntiqinə baxın…Biz Xankəndini almışıq, orada bayraq ucaltmışıq deyə ölkədə «aclıq», «kasıblıq» yaranıb. Fuad Qəhrəmanlı, səninlə razıyıq aclıq da var, kasıblıq da…Amma  ölkədə yox, sənin vicdanında, mənəviyyatında... Məhz qalib Vətənin uğurlarını görmək istəməmək sizin kimilərdə hər növ iyrənciliklər, çatışmazlıqlar yaradır. Allah bu Vətəni sizlərdən qorusun!

Elçin Zaman, «İki sahil»