23 oktyabr 2023 16:06
504

Yer üzündən silinmiş şəhərlərimiz yenidən daha da gözəl tikilir

27 sentyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin bir əmri ilə rəşadətli Azərbaycan Ordusu Vətən torpaqlarının azadlığı uğrunda müqəddəs savaşa atıldı. Cəsur və yenilməz Vətən oğullarının  şücaəti sayəsində 44 günlük Vətən müharibəsi Azərbaycan Respublikasının parlaq Zəfəri ilə sona çatdı. 30 ildən artıq yağı düşmənin tapdağı altında inləyən müqəddəs Vətən torpaqlarımız işğaldan azad edildi. Xalqımızın torpaq həsrəti, yurd nisgili Böyük Qayıdış arzusu, qurub yaratmaq həvəsi, istəyi ilə əvəzləndi. Bununla da Qarabağdan, Şərqi Zəngəzurdan olan keçmiş məcburi köçkün vətəndaşlarımızın tarixi ata-baba yurdlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına imkan yarandı.

Yaşadığımız bu günlərdə Azərbaycan xalqının “Böyük Qayıdış” arzusu tam sürətlə reallaşır. Dövlət başçımız Cənab İlham Əliyev bu prosesi diqqətdə saxlayır və bununla bağlı bütün Sərəncam və tapşırıqlarını verir. Ölkə başçımız möhtərəm Prezident İlham Əliyev davamlı olaraq işğaldan azad edilmiş bölgələırimizə səfərlər edir və görülən bərpa-quruculuq işləri ilə yerindəcə tanış olur. Sözsüz ki, Qarabağa qayıdış planının ən vacib istiqaməti Füzuli şəhərinə qayıdışdan keçir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin növbəti səfəri Füzuli şəhərinə reallaşdı. Dövlət başçımız Füzulinin işğaldan azad olunmasının 3-cü ilində oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə iştirak etdi və Füzuli rayonuna yeni köçmüş sakinləri və rayon ictimaiyyətinin nümayəndələri ilə səmimi şəkildə görüşdü. Cənab İlham Əliyev öz səmimi hisslərini rayon ictimaiyyətinin nümayəndələri ilə bölüşdü. Dövlət başçımız qeyd etdi ki, Azərbaycan Birinci Qarabağ müharibəsində 15 minə yaxın şəhid vermiş və torpaqlarını itirmişdi. Lakin işğal dövründə Azərbaycanda elə bir gənc nəsil yetişdi ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hər an hazır idilər. Biz əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramımızı hər zaman ifadə edirik. Hərbiçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməyəcək. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev əlavə etdi ki, dövlətimizin əsas məqsədlərindən biri bu ərazilərdə qayıdan sakinlərin məşğulluğunun təmin olunmasıdır. Ümumilikdə götürdükdə Azərbaycan Respublikasında məşğulluq və özünüməşğulluq proqramları böyük uğurla icra edilir. İşğaldan azad edilmiş ərazilərimizdə də özünüməşğulluq proqramı icra ediləcək ki, bütün ərazilərdə həyat qaynasın. Bunun üçün ciddi tədbirlər görülür. Bu proqramlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında da eyni uğurla icra ediləcək.

İşğaldan azad edilmiş ərazilərimiz böyük tikinti meydançasını xatırladır. Şuşamız, Ağdamımız, Laçınımız bir sözlə, dağıdılmış, vandal düşmən tərəfindən yer üzündən silinmiş şəhərlərimiz yenidən daha da gözəl tikilir. Bütün bunlar Azərbaycan Respublikasının öz imkanları hesabına edilir. Biz Müzəffər Ali Baş Komandanın sarsılmaz iradəsi ilə, xalqımızın şücaəti ilə Qarabağa və Şərqi Zəngəzura qayıdırıq və o diyarları cənnət məkana çevirəcəyik.

Emin Əliyev,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi