23 oktyabr 2023 14:05
324

Füzuli şəhəri təsdiqlənmiş Baş plana uyğun yenidən qurulur  və görülən işlər göz oxşayır

Prezident cənab İlham Əliyevin həm şəxsiyyət,  həm də dövlət başçısı kimi böyüklüyü ondadır ki,  sadə vətəndaşlarla bir arada olur,  onların ən kövrək anlarında belə duyğulanır. Bu ölkə başçımızın öz xalqını nə qədər  ürəkdən sevdiyinin nümunəsidir. Prezidentimiz xalqımızın kədərli günündə də, şad günündə də onlarla birlikdə olur. Torpaqlarımız işğal altında olan zaman Prezident cənab İlham Əliyev  keçmiş məcburi köçkünlərimizi tez-tez ziyarət edirdi və nəyin bahasına olursa olsun öz torpaqlarımızı qaytaracağımızı  bildirirdi. Ölkə başçımız artıq işğaldan azad edilmiş torpaqlarımızda həmin şəhər və kəndlərimizin sakinləri ilə görüşür.

Prezident cənab İlham Əliyev  "Füzuli şəhəri günü"ndə Füzuli şəhərinə köçürülmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Yaşlı və orta nəslin nümayəndələri ilə bərabər gənc nəsil də sevinclə öz torpaqlarına qayıdırlar. Bu, xalqımızın öz torpağına bağlılığından, sevgisindən irəli gəlir. İşğal dövründə ermənilər və xaricdəki Azərbaycana düşmən olan qüvvələr güman edirdilər ki, vaxt uzandıqca gələn nəsil öz torpaqlarını unudacaq, geri dönmək istəməyəcəklər. Onlar unudurdular ki, Azərbaycan xalqı öz torpağına bağlıdır və lazım gələrsə Vətən və torpaq uğrunda canlarından, qanlarından belə  keçməyə hazırdılar. 

Müharibə başa çatdıqdan dərhal sonra bütün şəhər və kəndlərimizin bərpası və yenidən qurulmasına  başlanıldı. Füzuli şəhəri də təsdiqlənmiş Baş plana uyğun yenidən qurulur  və görülən işlər göz oxşayır. Bu gün Füzulidə və digər şəhərlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarına uyğun aparılır.

Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilmişdir. Xarici qonaqlar Füzuli və digər şəhərlərimizdə aparılan yenidənqurmanı yüksək qiymətləndirmişdilər və onlar ermənilərin bu ərazilərdə törətdikləri vəhşilikləri gözlərilə görmüşdülər. İşğal dövründə ermənilər bu ərazilərə xaricdən gələnləri buraxmırdılar, çünki  şəhər və kəndlərimizi viran qoymuşdular. Füzuli şəhəri işğaldan azad olunanda Azərbaycan  bayrağını sancmaq üçün bir dənə salamat bina tapılmamışdır.

Evdə valideynlər, məktəbdə müəllimlər övladlarımıza Azərbaycan xalqının hansı çətinliklərlə üzləşdiyini, hansı sınaqlardan keçdiyini öyrətməlidirlər. Azərbaycan xalqının mərd, igid xalq olduğunu onlara  aşılamalıdılar.
"Böyük Qayıdış" Proqramı qəbul olunub və uğurla icra olunur. Proqramın birinci mərhələsində, 2026-cı ilin sonuna 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə Qarabağ və Şərqi Zəngəzura 140 min insan köçürüləcək. 
Prezident cənab İlham Əliyevin müdrik, eyni zamanda qətiyyətli siyasəti nəticəsində torpaqlarımızı işğaldan azad etdik, ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa edildi. Bu müqəddəs amal uğrunda şəhidlər verdik. Prezident, Ali Baş Komandan cənab İlham Əliyev  hər zaman  qazandığımız qələbəyə görə şəhidlərə minnətdar olduğumuzu bildirir və hər bir Azərbaycan  vətəndaşına onların xatirəsini uca tutmağı tövsiyyə edir. 

Kamilə Əliyeva, 
Milli Məclisin deputatı, professor