23 oktyabr 2023 10:00
242

Dövlət  sərhəddinin bərpası ağ ölümlə mübarizəyə töhfə oldu

Düz üç il əvvəl Azərbaycan  44  günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi,  beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı.  Torpaqlarımızın işğal altında olduğu  30  ilə yaxın vaxt ərzində İranla Ermənistan Azərbaycanın Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının  ərazisindən Avropaya narkotiklər daşınan narkotrafik marşurutu kimi istifadə edirdi.  

Azərbaycan öz ərazilərinin  20%-ni işğaldan azad etməklə həm də beynəlxalq ictimaiyyət üçün ən böyük təhlükə yaradan ağ ölümlə mübarizəyə töhfə vermiş oldu. Müəyyən olunmuş faktlar və sərhədçilərin  hüquq-mühafizə  orqanları  əməkdaşları  ilə  birgə  saxladıqları heroinin həcminin  2  dəfə artması bu məsələni sübut edib.  Həm də ermənilər işğal etdikləri Qarabağ torpaqlarımızda uzun illər narkotiklərin becərilməsi ilə məşğul olublar.  Narkotik alveri ermənilərin əsas gəlir mənbələrindən biri idi.  

30  il ərzində Qarabağ və Şərqi Zəngəzur torpaqlarımız Ermənistanın nəzarətində olması bu ərazilərdən həm də terroristlərin hazırlanması üçün bir baza kimi istifadə olunmasına yol açıb.  Təbii ki,  narkotik ticarəti və beynəlxalq terrorizm qlobal bəladır.  Erməni terror təşkilatları özlərinin törətdikləri vəhşilkləri və qırğınları ilə dünya tarixinə düşüb.  Həm də erməni teror təşkilatları müxtəlif dairələrlə əlbir olaraq bir çox sifarişlərin icraçısıdırlar.  Nəinki,  Azərbaycanda,  həm də dünyanın müxtəlif yerlərində törətdikləri teror hadisələrində erməni teroristlərin əli olduğunu sübut olunub. Azərbaycanın öz torpaqlarında erməni işağlına son qoydurması həm də ermənilərin ərazilərimizdə qurduqları teror yuvasını dağıtmış oldu.   

2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunandan sonra növbəti istiqamət Qubadlı rayonu idi. Düşmənin güclü müdafiə xətləri qurduğu Qubadlıda döyüş əməliyyatları xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. Əvvəlcə şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Daha  sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini düşməndən təmizlədilər.

Ölkə başçısının sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildilər.

Bu gün Qubadlıda geniş tikinti-quruculuq işləri görülür. Qubadlı yeni inkişaf dövrünü yaşayır. Rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulur. Şəhərin baş planı təsdiq edilib və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınınan bu baş plan ən müasir normalara uyğundur.

Üç il ərzində azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə almaqla hazırlanıb. Əgər Sovetlər dövründə Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idisə, inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Görülən işlər vətən həsrəti çəkən insanların öz döqma yurdlarına qayıdışlarını daha da sürətləndirəcəkdir.

Prezident İlham Əliyevin Sərəncamı ilə oktyabrın 25-i “Qubadlı Şəhər Günü” elan edilib və bu il ilk dəfə olaraq qubadlılar bu bayramı doğma yurdlaında sevinclə qeyd edəcəklər.

İsrafil Kərimov,
 Azərbaycan Jurnalistlər Birliyinin üzvü