22 oktyabr 2023 17:01
353

İnanırdıq ki, bu gün gələcək

Azərbaycan xalqı bu gün növbəti zəfərin sevincini yaşayır. Oktyabrın 15-də  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Xalqımızın illərdir qəlbində gəzdirdiyi arzuları tam olaraq həyata keçdi. Bu gün bütün işğaldan azad edilmiş ərazilərdə üçrəngli bayrağımızın dalğalanması böyük xoşbəxtlik və tarixi hadisədir. Qalibiyyət rəmzi olan bayrağımızın əzəli  torpaqlarımızda dalğalanması Ermənistana və illərdir ona havadarlıq edən dövlətlərə belə bir mesajdır ki, bu ərazilər bizimdir və burada əbədi olacağıq.

Oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaldan Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində  böyük qürur hissi ilə qeyd etdi ki, son 20 ildə verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi: “Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək.”

Bu illər ərzində Azərbaycan gücləndi,  dünya miqyasında özünə layiq yer tutdu. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Bu illər ərzində Qarabağ  münaqişəsinin həlli ilə bağlı möhkəm hüquqi baza yaradıldı. Hər bir ölkənin inkişafında iqtisadi tərəqqinin rolunu nəzərə alsaq görərik ki, Azərbaycan bu sahədə də təkmil təcrübə ortaya qoyub. Belə ki, Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi əhəmiyyət verməsi, dünya təcrübəsinə əsasən müəyyənləşdirdiyi neft strategiyası Azərbaycanın iqtisadi və siyasi mövqeyini möhkəmləndirir.  Azərbaycan “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni tərəfdaşlar və dostlar qazandı. Ölkəmizin beynəlxalq nüfuzu artdı. Təbii ki, burada əsas amil ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətimiz, dövlətimizin qətiyyəti, sözünün imzası qədər dəyərli olmasıdır. Azərbaycanın beynəlxalq standartlara cavab verən ordusu formalaşdı. Bütün bunlar 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirdi.
   Dövlət başçısı İlham Əliyev sözügedən müraciətində onu da bildirdi ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.”

“Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın” söyləyən Prezident İlham Əliyev Azərbaycan Bayrağının əzəli torpaqlarımızda ucaldılmasından keçirdiyi hissləri belə ifadə etdi ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir: “Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Artıq üç ildir ki, xalqımız torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixləri qeyd edir.  Dövlət başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edilib. Oktyabrın 17-də Füzuli Şəhəri Gününü qeyd etdik. Dövlət başçısı İlham Əliyev oktyabrın 16-da Füzulidə bir sıra sosial obyektlərin təməlini qoydu. Oktyabrın17-də bura köçmüş sakinlər və rayon ictimaiyyəti nümayəndələri ilə görüşdü.  Müzəffər Ali Baş Komandan “Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür” fikirləri ilə soydaşlarımızı öz dogma yurd-yuvalarında salamlamaqdan, sevincini onlarla bölüşməkdən keçirdiyi hissləri diqqətə çatdırdı. 
  Digər işğaldan azad olunmuş ərazilərimiz kimi Füzuli də  sürətli dirçəliş mərhələsini yaşayır. Qarabağın ilk hava qapısı bu məkandan dünyaya açıldı. Qısa müddətdə Füzuli Beynəlxal Hava Limanının istifadəyə verilməsi həm Azərbaycanın iqtisadi imkanlarının, həm də bu ərazinin əlverişli coğrafi mövqeyini nümyiş etdirdi. Cənab İlham Əliyev sözügedən görüşdə  Füzuli işğaldan azad ediləndə Azərbaycan Bayrağını ucaltmaq üçün hərbi hissədən başqa  salamat bir bina tapılmadığını yada saldı.

Bu gün Qarabağ, Şərqi Zəngəzur dirçəlir. Hər bir ərazidə aparılan bərpa-quruculuq işləri Azərbaycanın müasir şəhərsalma təcrübəsinin təqdimatıdır. Tezliklə bu ərazilərimiz böyük turizm məkanı kimi dünyanın diqqətində olacaq.

Gülər Kərimova,
​YAP Şabran rayon təşkilatının məsləhətçisi