20 oktyabr 2023 22:13
320

Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi

Uzun illər işğal altında qalan torpaqlarımızın vəhşi bir toplumun vandalizminə məruz qaldığını bütün dünyaya bəllidir. Ancaq bütün dünya Qarabağın qısa müddət ərzində dirçəlişinə şahidlik edir. Şanlı Zəfərdən sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində mühüm tapşırılar verib. O tapşırıqlar ki, icrası uğurla davam edir. 

Cənab İlham Əliyev Prezidentliyinin  17-ci ilində Azərbaycanın Zəfər tarixini yazdı, bundan üç il sonra – 2023-cü il 15 oktyabr tarixində Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Ümumilikdə bu il Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi ilə xarakterizə edilir. Belə ki, bu ilin aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsinin yaradılması ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Sentyabrın 19-da rəşadətli  Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsi oldu. Bu, bir daha göstərir ki, Azərbaycan  sülh və sabitliyin əsas təminatçısıdır. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tərk-silah olunması, separatçı rejimin özü-özünü buraxması, eyni zamanda, paralel şəkildə bütün silah-sursatın, ağır texnikanın təhvil verilməsi ilə bütün ölkə ərazisində suveren hüquqlarımız tam  şəkildə bərqərar oldu. Müzəffər Ali Baş Komandanın separatçılardan təmizlənmiş ərazilərimizə səfəri və burada Azərbaycan Bayrağını ucaltması böyük xoşbəxtlik və tarixi hadisədir.

Cənab Prezident İlham Əliyev Cari ilin 15 oktyabr tarixində Xankəndi şəhərindən  xalqa müraciəti bütün vətəndaşlarımızda qürur hissi oyatdı. Cənab Prezident müraciətində “Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir. Keçən ay antiterror əməliyyatı qaçılmaz idi. Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın.

Cənab Prezident Vətən müharibəsi zamanı dəfələrlə xalqa müraciət edərək, eyni zamanda, düşmənə müraciət edərək bildirmişdir ki, silahları yerə qoyun, torpaqlarımızın azad olunmasının qrafikini, tarixini verin və biz müharibəni dayandırmağa hazırıq. Ancaq düşmən dayanmırdı. Biz Şuşanı - bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq.

Müraciətinin sonunda Müzəffər Ali  Baş Komandan hər birimizin səbirsizliklə gözlədiyi  “Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” söylədi.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı