21 oktyabr 2023 00:11
320

Böhtan çempionu

Əli Kərimli niyə Azərbaycan Ordusunun tarixi qələbələrindən danışacaq qədər cəsarətli deyil?

Ölkəmizin Cənubi Qafqazdakı mövcud mövqe üstünlüyü və Ermənistanın davamlı geosiyasi məğlubiyyəti, o cümlədən Qarabağdakı terrorçu-separatçı xuntanın darmadağın edilməsi, onların qatil rəhbərlərinin həbs edilərək Bakıya gətirilməsi,  bunun ardınca isə  Ali Baş Komandanımızın Xankəndidə,  Ağdərədə,  Xocalıda  üçrəngli bayağımızı göylərə ucaltması xaricdə anti-Azərbaycan qüvvələri və onların daxildəki nökərlərini  ciddi şəkildə əndişələndirib.

Xüsusilə AXCP sədri Əli Kərimli ənənəsinə sadiq qalaraq Azərbaycan dövləti və xalqı əleyhinə  sosial şəbəkələrdə böhtan dolu «tezislər»ini  bu gün də tirajlamaqda davam edir. Hətta özünün antimilli çıxışları ilə kifayətlənməyib inhisarına aldığı dağıdıcı düşərgəni də böhtan kampaniyasına qoşub. Məsələn, o, «cəbhəçi»lərə təlimat verib ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsində rəsmi Bakıya qarşı açıq ittihamlar səsləndirsinlər.

Bundan başqa, Əli Kərimlinin son günlər yazdığı statuslarından da aydın görünür ki, o, böhtan atmaq üzrə «çempionluğa» iddialıdır. Onun bu dayaz düşüncəli tezislərini gördükcə  bir daha anlayırsan ki, bundan adam olmayıb olmayacaq da. Kərimli  yazır: «…Məqsədyönlü şəkildə Qarabağı azad etməyə çalışan Ali Baş Komandanın ordusunda heç bu boyda korrupsiya olar? Ordu quruculuğu necə prioritet idi ki, Müdafiə Nazirliyində korrupsiya halları aşkarlanıb?»

Bu, adamdakı riyakarlığa baxın ki, orduda korrupsiya hallarını dilə gətirir, amma korrupsiyada adı hallananların ədalət məhkəməsi qarşısında cavab verdikləri barədə bir kəlmə də yazmır. Qeyd edək ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin bir müddət əvvəl həyata keçirdiyi istintaq-əməliyyat  tədbirləri nəticəsində bir neçə yüksək rütbəli hərbçi korrupsiya hallarına görə həbs edilmiş və onların mənimsədikləri maliyyə vəsaitlərinin xeyli hissəsi dövlət büdcəsinə qaytarılmışdır. Bu proses hal-hazırda da davam edir.

Əli Kərimli yenə də sosial şəbəkə statuslarında yazır: «Ordu quruculuğu həqiqətən prioritet olan ölkədə heç minlərlə hərbçi savaşa dəbilqəsiz, zirehli gödəkçəsiz, xüsusi rabitə vasitəsi olmadan göndərilərmi?»

Təbii ki, onun qalib Azərbaycan Ordusu haqqında sərsəmləmələri son 3 ildəki tarixi zəfərlərimizə qısqanclığından qaynaqlanır. Necə ola bilir ki, 44 günlük müharibədə hərbi uğurumuz, xüsusilə də çətin və mürəkkəb dağ relyevinə malik olan Şuşa şəhərini işğaldan azad edən Silahlı Qüvvələrimiz haqqında dünyanın ən tanınmış hərbi ekspertləri heyranlıqla danışırlar, ancaq bu Kərimli isə hələ də könül bulandırmaqla məşğuldur.

Məlumdur ki, onun bu iddaları yalandır və hətta gerçək olsa belə, anlamalıdır ki, qalibləri mühakimə etmirlər. Bundan başqa, qəlbi təmiz insanlar ordunun problemlərindən deyil, onun qələbələrindən danışırlar.

Aşığın sözü qurtaranda «neyli-neylim » dediyi kimi,  bu Əli Kərimli də  böhtan atmağa mövzu tapmayanda «Tərtər hadisələri»ni çeynənmiş saqqız kimi ağzında iyləndirir. O, çox yaxşı  bilir ki, bu hadisələrdə günahı olanlarla bağlı məhkəmə prosesləri davam edir. Hətta bəzilərinə layiq olduqları cəzalar da verilib. Günahı sübuta yetirilməyən və zərər çəkən hərbçilər isə məhkəmə qərarları ilə bəraət almaqla onlara maddi və mənəvi təzminat da ödənilir.

Ən nəhayət  Əli Kərimli anlamalıdır ki,  o, nə qədər ki içindəki çirkabı axıtmaq üçün güclü Azərbaycan dövlətini və onun qalib ordusunu hədəf alır, bir o qədər də cılızlaşacaq. Bəli, məhz böyümək üçün həqiqətlərin gözünə dik baxmaq lazımdır. Lakin görünən odur ki, həm Kərimlidə,  həm dəonun  ətrafında bu kimi cəsarət və  xarizma sıfır həddindədir.

Elçin Zaman, «İki sahil»