21 oktyabr 2023 01:35
505

Səngiməyən Qərb küləkləri

Ermənistanın mürafiə vəkilləri bizdən nə istəyirlər?

Azərbaycan həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bü­tün humanitar normalara riayət edib. Bu faktı azad edilmiş ərazilərdə səfərdə olan BMT missiyası da təsdiqləyib. Bununla belə, Ermənistanın havadarları Azərbay­cana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə ölkəmizi ittiham etməkdədirlər.

Bu kampaniyaya Azərbaycan ərazilərinin işğalına, Qarabağda 30 ildən artıq müddətdə meydan sulayan separatçıların vəhşiliklərinə, siyasi şantajlarına göz yuman bəzi beynəlxalq təşkilatlarla (Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və s.) yanaşı, son günlər bir sıra Qərb ölkələrinin siyasi qurumları da qoşulublar. Şübhəsiz, bu fəallıq Şimali Afrikada milyonlarla insanı amansızlıqla qətlə yetirən, muzeylərində "mədəni-tarixi eksponat" kimi qətlə yetirdikləri günahsız insanların kəllələrini nümayiş etdirən  Makron Fransasının sayəsindədir.

Bu günlərdə Niderland Krallığı Parlamentinin Nümayəndələr Palatası ölkəmizə qarşı növbəti dəfə qərəzli və obyektivlikdən uzaq tövsiyə sənədləri qəbul edib. Belə ki, həmin “sənəd”lərdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, onun ardınca ölkəmizə münasibətdə törədilmiş hərbi işğal və soydaşlarımızın etnik təmizləməyə məruz qoyulması tamamilə diqqətdən kənarda qalıb. Eyni zamanda Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məramı, daha doğrusu, davam edən hərbi təhdidlərin aradan qaldırılması, qanunsuz hərbi birləşmələrin mövcudluğuna son qoyulması və Qarabağ regionunun erməniəsilli sakinlərinin reinteqrasiyası istiqamətində atılan addımlar təhrif olunub. Yeri gəlmişkən, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi haqlı olaraq Niderland parlamentinin bu addımını kəskin şəkildə qınayıb: “Ölkəmizə qarşı nümayiş etdirilən bu ədalətsiz yanaşmanı qətiyyətlə rədd edir və bunu Niderland Krallığı Parlamentinin Nümayəndələr Palatası daxilində demokratik dəyərlərin iflasa uğramasının bariz nümunəsi kimi qəbul edirik”.

Erməni vəhşiləri tərəfindən şəhərlərimizin, kəndlərimizin dağıdılmasına, tarixi, mədəni və dini abidələrimizin yerlə-yeksan edilməsinə bu illər ərzində bir dəfə də olsun səsini çıxarmayan İspaniya Senatı da ölkəmizə  fransızsayağı  münasibət sərgiləyib. Daha doğrusu, son olaylara Ermənistanın vəkili kimi yanaşıb. Bu, sözügedən qurumun erməni lobbisinin dezinformasiyasına əsasən hazırlanan və qəbul edilən  anti-Azərbaycan xarakterli bəyanatında özünü açıq-aydın göstərir. Halbuki, rəsmi Bakının həyata keçirdiyi antiterror tədbirləri təhlükəsizlik və sabitlik qarşısında dayanan ən böyük maneəni - aqressiv separatizmi aradan qaldırıb. Hazırda isə Azərbaycanın Qarabağ iqtisadi rayonunun sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli istiqamətində tədbirləri uğurla davam etdirilir.

Fransızların toruna düşən, daha doğrusu, Azərbaycana qarşı səlib yürüşünə çıxan Fransanın təsirinə düşərək ölkəmizə qarşı hücuma keçən növbəti ölkələrdən biri də Cənubi Qafqazla heç bir coğrafi yaxınlığı olmayan          Avstraliyadır. O Avstraliya ki, vaxtilə BMT-nin yerli xalqların hüquqları üzrə bəyannaməsinin əleyhinə səs verib. O Avstraliya ki,  saxta ittihamlarla İraqın işğalında iştirak edib. Bu günlərdə həmin ölkə BMT-nin İnsan Hüquqları Şurasında özü düşüncəsində olan ölkələrə qoşularaq Azərbaycanın əleyhinə ittihamlar səsləndirib. Şübhəsiz, bu, riyakarlıqdan başqa bir şey deyil. Yaxşı olardı ki, Avstraliya belə zərərli bəyanatlar vermək əvəzinə aborigenlerlə barışıq istiqamətində real addımlar ataydı.

Artıq Avstriya parlamenti də bu anti-Azərbaycan dalğasına qoşulub. Yəni o da öz Azərbaycana öz “məsləhət”lərini verməyə başlayıb.

Adları çəkilən ölkələrin  “açıqlama”larına və qəbul etdikləri “sənəd”lərə baxdıqda açıq şəkildə görünür ki, burada beynəlxalq hüquq, ədalət prinsipləri deyil, xristian təəssübkeşliyi,  ikili standartlar, hansısa dövlətin regionda rolunun artırılması   və digər məsələlər önə çıxarılır. Bütün bunları analiz edəndə belə nəticəyə  gəlmək olar ki, onlar sadəcə ayrı-ayrı siyasi dairələrin ambisiyalarına xidmət edirlər. 

Bu, bir həqiqətdir ki, Azərbaycan öz əzəli dədə-baba torpaqlarını beynəlxaq hüquq normalarına uyğun olaraq işğalçılardan təmizləyib və orada özünün suverən hüquqlarını bərpa edib. Buna isə başqa bir don geyindirmək istəyənlər faşizm ideologiyasına xidmət edən Ermənistanı dəstəkləyən, erməni lobbisinin əlində alətə çevirilən ölkələrdir. Bu mənada demək olar ki, erməni lobbisinə əsir düşən, erməniəsilli seçicilərin səsini qazanmaq üçün dəridən-qabıqdan çıxan Qərb siyasətçiləri Mirzə Fətəli Axundzadənin "Mürafiə vəkillərinin hekayəti" komediyasının haqqı nahaqqa qurban vermək istəyən, hər cür yalana baş qoşan “qəhrəman”larını xatırladırlar. 

Yazımızı Prezident İlham Əliyevin MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən dediyi aşağıdakı sözlərlə yekunlaşdırıq: “Biz indi Azərbaycana qarşı aparılan misli görünməmiş informasiya müharibəsi ilə üz-üzə qalmışıq. Biz, əlbəttə, öz gücümüzlə buna müqavimət göstəririk, baş verənlərlə bağlı həqiqətləri çatdırmağa çalışırıq və çatdırırıq”. 

Qvami Məhəbbətoğlu, “İki sahil”