21 oktyabr 2023 01:58
375

Fransa bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib

Bütün dünyada yüz illər boyunca öz riyakarlığı, militarist siyasəti və qeyri-səmimiliyi ilə tanınan, qanlı müstəmləkəçilik tarixinə sahib olan bu ölkənin neokolonist siyasətinə birdəfəlik son qoyulmalıdır

Fransa tarixən müstəmləkəçi ölkə kimi tanınıb. Vaxtilə 50-dən artıq ölkənin ərazisini işğal edərək sərvətlərini talayan Fransa oradakı xalqlara qarşı sıyqırımı və müharibə cinayətləri törədib. Tarixi məlumatlara görə, bu müstəmləkəçi ölkə təkcə Əlcəzairdə XVII əsrdən başlayaraq XIX əsrin 30-cu illərinədək 4 milyon nəfərdən çox, 1890-cı ildə isə 2 milyon 500 min insanı qətlə yetirib. XX əsrdə 30 il ərzində Fransız Polineziyasında Fransa tərəfindən 200-ə yaxın, 6 il ərzində isə Əlcəzairdə 17 nüvə sınağı həyata keçirilib Həmin nüvə sınaqlarının ağır fəsadları Polineziya və Əlcəzair xalqı tərəfindən bu gün də yaşanmaqdadır.

Oktyabrın 20-də ölkəmizin paytaxtında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsika təmsilçilərinin də iştirakı ilə keçirilən “Neokolonizalizm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda Fransanın keçmiş müstəmləkələrində dövlətlərin daxili işlərinə kobud şəkildə müdaxilələr etməsi, habelə hazırkı kaloniyalarında insan hüquqlarını kobud şəkildə pozması, həmçinin dekolonizasiya mövzusu ilə bağlı geniş müzakirələr aparılıb.

Fransa Prezidenti Emmanuel Makron yeni müstəmləkəçilik siyasəti aparır

Ən əsası odur ki, Fransanın dənizaşırı bölgələri -Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupanın müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, Korsika və Melaneziya Təşəbbüs Qrupunun təmsilçisi, eləcə də Fransanın Afrika qitəsində uzun müddət müstəmləkəsi olmuş ölkələrin rəsmiləri, müstəqillik və millətçi hərəkatlarının nümayəndələri müstəmləkəçilikdən tam azad olunanadək və müstəmləkəçiliyin kökünün kəsilməsinədək mübarizələrini davam etdirəcəklərini bəyan edirlər.

“Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən konfransda çıxışında Yeni Kaledoniya nümayəndəsi Kayizi Pier bildirib ki, Fransa Prezidenti Emmanuel Makron yeni müstəmləkəçilik siyasəti aparır: “Ölkəmizin gələcəyi ilə bağlı qərarlar bizim və tərəfimizdən yaradılmış institutlar tərəfindən qəbul edilməlidir. Fransa bizi azadlıq imkanından məhrum edib və müstəqilliyimizi tanımaq istəmir. E.Makronun hazırda Fransada yeritdiyi siyasət müstəmləkəçilik siyasətidir”. Kayizi Pier Yeni Kaledoniyanın məqsədinin Fransadan müstəqillik əldə etmək olduğunu bildirib.

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləyir

Prezident İlham Əliyev Bakıda keçirilən “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib ki, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Müraciətdə qeyd olunub ki, Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir. Fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırıma məruz qoymuşdur. Həmçinin Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam etməkdədir: “Əsrlər keçsə də, təfəkkür dəyişmədiyi üçün Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam etməkdədir. Bu konfransa toplaşan dənizaşırı ərazilərin xalqları uzun illərdir müstəqillik uğrunda mübarizə aparırlar. Kolonializm tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit və Atlantik okeanlarda dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır”.

Danılmaz faktdır ki, Fransız Qvianasında sosial vəziyyət getdikcə pisləşir, əhalinin təxminən yarısı yoxsulluq astanasındadır, işsizlik səviyyəsi hər il artır. Burada təbii sərvətlər talan edilir və torpaqların 90 faizi Fransa dövlətinin mülkiyyətindədir. Martinika və Qvadelupa iki böyük fəlakətlə üz-üzədir. Yerli əhali gizli və qanunsuz məskunlaşma yolu ilə assimilyasiya edilir. Vaxtilə xlordekon pestisidinin istifadəsi təbii ekosistemləri və əhalini zəhərləyib, yerli sakinlər bu gün də onun onkoloji fəsadlarını yaşayırlar. Fransa Qəmər Adaları İttifaqının Mayot adası üzərində suverenliyini tanımaqdan imtina edir. Qoşulmama Hərəkatı öz sənədlərində Qəmər Adaları İttifaqının Mayot adası üzərindəki danılmaz suverenliyini daima təsdiqləyir. Yeni Kaledoniyada əhalinin yarısının iştirakı olmadan referendum keçirilir və bu minvalla Yeni Kaledoniya xalqının müstəqil olmaq hüququ əlindən alınır. Etnik azlıqlar konsepsiyasını qəbul etməyən Fransa Korsika dilini qadağan edir. BMT bunu ayrı-seçkilik və beynəlxalq hüququn pozulması kimi qiymətləndirmişdir. Riyakar və ikili standartlı siyasət yürüdən Fransa eyni zamanda, regionumuzda milli azlıqların müdafiəçisi kimi özünü təqdim etməyə çalışır.Ancaq Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır.

Fransa və Ermənistanı bir-birinə sıx bağlayan səbəblərdən biri də mina terroru ilə məşğul olmaq təcrübəsidir

Daim militarist, müstəmləkəçi xarakteri ilə tanınan Fransa hazırda Ermənistanı sürətlə silahlandırır, müharibəyə təhrik edir. Bu iki ölkəni bir-birinə belə sıx bağlayan səbəblərdən biri də mina terroru ilə məşğul olmaq təcrübəsidir. Fransa dünyada ən çox mina istifadə etmiş ölkələrdən biridir. Təkcə Əlcəzair ərazisində 5 milyondan artıq mina basdırılmışdır. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələr sırasında ön yerlərdən birini tutur. Bu siyahıda Fransadan sonra onun yaxın müttəfiqi Ermənistan gəlir.

Təcavüzkar Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində basdırdığı minalar nəticəsində təkcə son 3 ildə 340-a yaxın azərbaycanlı mina qurbanı olub. Onların arasında mülki şəxslər də var. Bu iki ölkəni bir-birinə belə sıx bağlayan səbəblərdən biri də hər iksinin mina terroru ilə məşğul olmaq təcrübəsidir. Təsadüfi deyil ki, Parisin İnsan Muzeyində müstəmləkə müharibələrində XIX əsrdə qətlə yetirilən döyüşçülərin 18 min ədəd kəllə sümüyü saxlanılır və nümayiş etdirilir. Həmin kəllə sümükləri arasında əlcəzairli döyüşçülərin də kəllə sümükləri var. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbi Fransa tərəfindən hələ də tam yerinə yetirilmir.

Azərbaycan bütün dünyada, eləcə də regionda davamlı sülhün, sabitliyin və əməkdaşlığın bərqərar edilməsi uğrunda daim ciddi səy göstərib. Ölkəmiz həmçinin Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları da dəstəkləyir.  XXI əsrin ikinci onilliyində Fransanın özünü hələ də müstəmləkəçi kimi aparması utancvericidir. Bütün dünyada yüz illər boyunca öz riyakarlığı, militarist siyasəti və qeyri-səmimiliyi ilə tanınan, qanlı müstəmləkəçilik tarixinə sahib olan bu ölkənin neokolonist siyasətinə birdəfəlik son qoyulmalıdır.

Zahid Rza, “İki sahil”