21 oktyabr 2023 10:05
378

Qarabağımızı bizə, bizi Qarabağımıza qaytaran Lider

Hər bir azərbaycanlının Prezidenti olmaq İlham Əliyevin həyat fəlsəfəsidir

Xoşbəxt xalqıq ki...

Siyasi arenada dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməyi, vaxtında və düzgün qərarlar qəbul edərək, onların icrasına dair qətiyyətli addımlar ataraq tarixi bir missiyanı yerinə yetirməyi bacaran şəxsiyyətlər xalqın əsl liderinə və siyasi fenomenə çevrilirlər. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, ölkəmizin müasir tarixinin qısa bir kəsiyində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında öz müstəqil dövlətini qurub və Prezident İlham Əliyevin parlaq liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil Azərbaycanımızın firavan gələcəyinə doğru zəfər yolunu inamla davam etdirir. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq İlham Əliyevin həyat fəlsəfəsidir. Dünyada lider böhranı yarandığı dövrdə Azərbaycan Prezidenti nümunəvi rəhbər missiyası nümayiş etdirir.

Müasir qüdrətli Azərbaycan

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Cənab İlham Əliyev müasirlik və maarifçilik ənənələrinin dərin köklərinin olduğu və modern Azərbaycanın da məhz bu bünövrə üzərində qurulduğu dövlətin başçısıdır. O, müasir, demokratik, ali qanunvericilik və çox güclü sosial siyasətə malik, iqtisadi cəhətdən inkişaf etmiş və regionda güclü mövqeləri olan ölkənin rəhbəridir. O, dünyanın ən çətin və mürəkkəb münaqişələrindən birini təkbaşına həll edərək adını tarixə Müzəffər Ali Baş Komandan, Qalib Prezident kimi yazdıran dövlət xadimi, yenilməz Sərkərdədir.

2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev Ümummilli Liderimizin siyasi irsini davam etdirərək və Ulu Öndərin səyləri nəticəsində yaradılmış möhkəm təmələ əsaslanaraq dövlətimizi strateji hədəflərə doğru uğurla aparmış, onun müəyyənləşdirdiyi yol xəritəsi güclü iqtisadi potensialın formalaşdırılmasını, müasir cəmiyyət quruculuğunu, qarşıya qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətində olan Silahlı Qüvvələrin yaradılmasını, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsini və bütün bunların son hədəfi kimi Azərbaycanın müstəqil siyasətini, ərazi bütövlüyünün və suverenliyinin bərpasını nəzərdə tutmuşdur. Prezident İlham Əliyev ötən 20 il ərzində Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində qüdrətli, dünyada sözü keçən, səsi eşidilən yeni bir Azərbaycan qurdu, vaxtilə xəyal kimi görünən arzuları reallığa çevirdi, bizi 30 il işğal altında qalan Qarabağımıza qovuşdurdu. Əsrə bərabər 20 ilin uğur salnaməsi o qədər zəngindir ki, bir yazıya, bir qəzet səhifəsinə sığışmaz. Odur ki, bir neçə əsas məqam üzərində dayanmaqla kifayətlənməli olacağıq.

Xalqından aldığı gücü öz fəaliyyəti ilə xalqa qaytarır

Onun güclü xalq, güclü dövlət, güclü lider modeli  müasir müstəqil Azərbaycanın güc mənbəyidir. Prezident İlham Əliyevin dövlət başçısı postunda 20 illik fəaliyyətinin təhlili göstərir ki, O, həmişə cəmiyyətin, dövlətin maraqlarını əsas tutaraq, siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri, kommunikasiya bacarığı sayəsində sadə insanlardan tutmuş dünyanın nüfuzlu şəxsiyyətlərinə kimi hər kəsin rəğbətini və hörmətini qazanaraq, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük nüfuz əldə etmişdir. Prezident İlham Əliyev müstəqilliyimizin simvolu, Azərbaycanın dünyadakı səsi, bütün dünya azərbaycanlılarının hüquqlarının və təhlükəsizliyinin qarantıdır. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2023-cü illər çoxəsrlik milli dövlətçilik tariximizə bənzəri olmayan qızıl dövr kimi düşmüş, əsrlərlə bölünmüş, ağır məhrumiyyətlərə məruz qalmış, amma öz qürurunu və milli dövlətçilik ənənələrini qoruyub saxlamış Azərbaycan xalqının həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri olmuşdur.

Prezident İlham Əliyevin şəxsiyyət obrazını milli-mənəvi dəyərlərə bağlılıq, müstəqillik ideyalarına sadiqlik, azərbaycançılıq məfkurəsinə ali münasibət, Müstəqillik, Vətən və Xalq sevgisi tamamlayır. Dövlət başçısının 20 illik Prezidentlik fəaliyyəti dövründə qazandığı hər bir uğur Onun şəxsiyyət obrazının vacib detallarıdır.

Hüquqi dövlət quruculuğu

Prezident İlham Əliyev deyir: “Xalq, millət anlayışları ön planda olanda istənilən problem həllini tapa bilər və bizim siyasətimiz milli maraqlar üzərində qurulub”. Ona görə də dövlət başçısı xalqın maraqlarına zidd olan bütün ünsürlərə, xüsusilə də korrupsiya və rüşvətxorluğa qarşı kəskin mübarizə aparır, bu məsələdə əl-ayağa dolaşanlar, dövlətin adına ləkə salanlar cinayət məsuliyyətinə cəlb olunur. Xalq isə Prezidentin şəxsiyyət amili ətrafında sıx birləşib, dövlət başçısının yürütdüyü siyasətə müstəsna dəstək verir. Xalq Prezidentin fəaliyyətinə cəmiyyətdə vətəndaş həmrəyliyinin əldə edilməsində əsas vasitə kimi baxır. Prezident İlham Əliyev Azərbaycanda hüquqi dövlət modeli formalaşdırıb, bu prosesə ictimai marağı artırıb, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması ilə bağlı tədbirlər görüb. Ölkədə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının müstəqilliyinin və maliyyə imkanlarının artırılmasına ciddi əhəmiyyət verilir. İndi Azərbaycanda söz və məlumat azadlığının təmin olunması, demokratik, plüralist mətbuatın formalaşması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Müstəqilliyin ən böyük qarantı

Ötən 20 ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizin müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması,  ordu quruculuğunun müasir və sistemli formatda inkişafı  üçün davamlı  və zəruri tədbirlər həyata keçirib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın dövlət büdcəsində Silahlı Qüvvələrə ayrılan vəsait birinci yerdə qərarlaşıb. Bu, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, güclü hərbi-sənaye kompleksinin yaradılmasına təkan verib. Prezidentin müəyyən etdiyi düstura uyğun olaraq Vətən müharibəsində Azərbaycanın güclü ordu modeli bir sistem olaraq qalib gəlib. Ötən dövrdə qoşun birləşmələrinin döyüş hazırlığı müasir standartlar səviyyəsinə çatdırılıb. Əməliyyat işləri, idarəetmə təkmilləşdirilib, xeyli sayda təlimlər keçirilib. Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası möhkəmləndirilib, yeni silah sistemləri alınaraq istifadəyə verilib. Azərbaycan güclü müdafiə sənayesi yaradıb, ölkədə müasir silahların istehsalına başlanıb. Azərbaycan Silahlı Qüvvələri dövlət müstəqilliyinin ən böyük qarantıdır və o bu vəzifəsini Vətən müharibəsinin gedişində layiqincə təsdiqləyib.  Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu istiqamətində atılmış addımların  nəticəsidir ki,  2003-cü ildən sonrakı dövrdə hərbi xərclər 15 dəfədən çox artırılıb. Ordu ən müasir silahlar və texnika ilə təchiz olunub. Müdafiə sənayesinin formalaşdırılıb, 20-dən çox hərbi zavod yaradılıb, 1200 adda hərbi təyinatlı müxtəlif məhsulların istehsalına başlanılıb. Ordunun döyüş qabiliyyəti, hərbçilərimizin peşəkarlığı yüksəldilib. Hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılıb. Bütün bu, görülən işlər isə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil  edib.

Sözü də imzası qədər dəyərlidir!

20 il bundan əvvəl Prezident seçilmiş cənab İlham Əliyev doğma xalqıma müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan dövlət başçısı qarşısına bir nömrəli vəzifə qoymuşdu ki, işğal altında olan bütün ərazilər azad ediləcək, torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq.

O, hakimiyyətə gəldiyi ilk gündən Ermənistan-Azərbaycan münaqişəsinin həllini öz fəaliyyətinin əsas hədəfi kimi müəyyənləşdirdi, xalqın və dövlətin bütün potensialını bu məqsəd uğrunda səfərbər etdi. 44 günlük Vətən müharibəsinə qədər Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında çətin və şərəfli yol keçdi, dövlət başçısı ölkənin sürətli inkişaf məqsədlərini işğal edilmiş torpaqların azad olunmasının əsas meyarı kimi müəyyənləşdirdi. Dövlət başçısının rəhbərliyi altında Azərbaycanın son 20 ildə qazandığı naliyyətlər böyük qələbəni şərtləndirdi və Azərbaycan 30 il davam edən ədalətsizliyə, mənasız danışıqlara  təkbaşına son qoydu.  44 gün davam edən və Ermənistanın kapitulyasiyası ilə nəticələnən Vətən müharibəsində Azərbaycan yüksək dövlət əxlaqı və əsgər ləyaqəti nümayiş etdirdi. 

Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü, üç il sonra isə torpaqlarımız üzərində dövlət suverenliyimiz bərqərar edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağı işğaldan azad etməklə ədaləti və beynəlxalq hüququ bərpa etdi. Bütün dünya gördü ki, Azərbaycan xalqı böyük xalqıdır və biz Qarabağı unutmamışıq. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün istiqamətlərdə əldə olunmuş böyük uğurların, güclü dövləti xarakterizə edən bütün komponentlərin üzvi bağlılığının məntiqi nəticəsi oldu.  Bu Qələbə bir daha göstərdi ki, milli maraqları hər şeydən uca tutan Liderin ətrafında sıx birləşmiş xalq bütün dünyaya öz sözünü deməyə, beynəlxalq münasibətlərdə formalaşmış stereotipləri sındırmağa və düşməni diz çökdürərək tarixi ədaləti bərpa etməyə qadirdir.

 Azərbaycan təkcə Ermənistanla və dünya erməniliyi ilə yox, həm də Ermənistanın himayədarları ilə də müharibə apardı və Qələbə qazandı.  Azərbaycanın əldə etdiyi parlaq Qələbə ilə regionda erməni faşizminə son qoyuldu, bu təhlükənin təməlini qoyan mənfur ssenarilər məhv edildi.  Prezident İlham Əliyev regionda və dünyada yeni reallıq yaratdı və bu reallıqla indi hamı hesablaşır.

 Ali Baş Komandan bu Qələbə ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin arzularını həyata keçirdi, Şuşanın azad olunması ilə ata vəsiyyətini yerinə yetirdi.  Prezident İlham Əliyev yadların əli ilə qəlibləşmiş tarixin axarını dəyişdi, Azərbaycan tarixini yenidən yazdı.  O, təkcə torpağı yox, həm də 200 illik tariximizi işğaldan qurtardı, Azərbaycan xalqını bu tarixin əsas qəhramanına çevirdi. Artıq Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, bununla da regionda münaqişə ocağının qalmasına əbədi ümidlə baxan dairələrin ambisiyalarına son qoyulub.  Prezident İlham Əliyev Cənubi Qafqazı Ermənistanın ideoloji təhdidlərindən xilas edib, onların itirilmiş reallıq hissini yerinə qaytarıb.

Müharibədə qələbə qazanan Azərbaycan regionda yeni reallıqlar yaratdı. Azərbaycan dövləti, Prezident İlham Əliyev regionun inkişafı ilə bağlı önəmli təşəbbüslərlə çıxış etdi. Əgər Ermənistan bu təşəbbüslərə qoşularsa, inkişaf edə bilər, əks halda bu ölkənin heç bir perspektivi yoxdur. Ermənistan revanşist əməllərə əl atmağa cəhd göstərərsə, bilməlidir ki, "dəmir yumruq" yerindədir. 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı  qanunsuz erməni hərbi birləşmələri təslim olmağa məcbur edildi. Cəmi bir sutka ərzində “ağ bayraq” qaldırıldı. Antiterror tədbirləri çox peşəkarlıqla aparıldı və yalnız legitim hərbi hədəflər məhv edildi. Bir gün ərzində rəşadətli ordumuz qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail oldu. Beləliklə, dövlət suverenliyimiz tam təmin edildi.  Azərbaycan istədiyini etdi, bütün şərtlərin qəbuluna nail oldu. Azərbaycan artıq bütün ərazisinə nəzarət edəcək. Bu müasirləşən, peşəkar davranış və intizam qaydalarına yiyələnən Azərbaycan Ordusunun əldə etdiyi növbəti və  dünya hərb tarixində müddətdə baş tutan qələbəsi oldu. Qarabağın Ermənistanın işğalından və erməni separatçılarından azad edilməsi, Azərbaycan Bayrağının Xankəndidə ucaldılması da 20 il əvvəl vəzifəyə gəldiyi gündən onun bir nömrəli hədəfi olub. Və budur, Azərbaycan xalqının onilliklər ərzində olan arzusu nəhayət ki, çin oldu.

Beləliklə, Azərbaycanda ordu quruculuğu prosesi davamlı şəkildə inkişaf etdirilir. Silahlı Qüvvələrimiz isə bundan sonra da qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirməkdə davam edəcək.

Ötən iyirmi il ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Xalqına verdiyi bütün vədləri yerinə yetirən, sözü imzası qədər keçərli olan lider oktyabrın 15-də bizə Zəfərimizin təntənəsini yaşatdı. Oktyabrın 15-də Prezident İlham Əliyev üçrəngli Bayrağımızı həmçinin Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində də ucaldıb. Hazırda Xocalıda bayrağımızın dalğalanması “miatsum” xəstəliyinə tutulmuş ermənilər üçün tarixin daha bir ironiyasıdır.  Ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə burada azərbaycanlılara qarşı soyqırımı törətdilər. Şəhər bir neçə saatın içində tamam məhv edildi, uşaqlara, qadınlara, qocalara belə aman verilmədi. Xocalı yarası hər bir azərbaycanlının qəlbini göynədir, qaysaq bağlamırdı. Prezident İlham Əliyev 15 oktyabrda Xocalıda da üçrəngli Bayrağımızı ucaltdıqdan sonra soyqırımı qurbanlarının, bütün şəhidlərimizin ruhları rahatlıq tapa bilər. Qisasımız qiyamətə qalmadı! Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla iki yüz illik məkrli planın – Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinin qarşısını aldı. Tarix göstərdi ki, onun sözü də imzası qədər dəyərlidir!..

Azərbaycan xalqı olaraq son 20 illik zaman ərzində uzun, bir o qədər də məsuliyyətli yol qət edərək Azərbaycan tarixində bənzərinə rastlanmayan qələbə günlərinə qovuşmuşuq. Prezident İlham Əliyevin rəhbərliyi altında cəmi 20 il ərzində siyasi, iqtisadi, sosial, hərbi, ümumiyyətlə, bütün sahələr üzrə hərtərəfli inkişaf edərək Cənubi Qafqazın lider ölkəsi və dünyada söz sahibi olan Azərbaycan işğala məruz qalan ölkədən Zəfər ölkəsinə çevrilib, yüz minlərlə keçmiş məcburi köçkünün vətəndə qəribçiliyinə son qoyulub. Vaxtilə bir həyat nişanəsi belə tapmaq mümkün olmayan Qarabağ və Şərqi Zəngəzur indi cənnətməkana çevrilir və Böyük Qayıdış karvanları ilə yurda dönən doğma sakinlərinə qucaq açır. 

Bu gün Ulu Öndərimiz Heydər Əliyevin ruhu şaddır. Çünki cənab Prezident ata vəsiyyətini yerinə yetirdi, Qarabağ problemi həll olundu, həm də böyük Zəfərlə yekunlaşdı. Xalqımız əmindir ki, bu Zəfərlərin davamı gələcək, Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə yeni-yeni uğur zirvələrini fəth edəcək.   Qədirbilən xalqımız Ulu Öndərin xatirəsini daim əziz tutaraq hörmət və ehtiramla anacaq, Prezident İlham Əliyevə böyük inam və ümid bəsləyərək, dövlətimiz və xalqımız naminə gördüyü möhtəşəm işlərdə daim yanında olacaqdır.

Yaqut Ağaşahqızı, “İki sahil”