20 oktyabr 2023 23:35
305

Vicdanı itirib, ədaləti “öldürənlər”...

Qərb öz maraqlarının pladstarmına çevirməyə çalışdığı Ermənistanı yeni fəlakətlərə sürükləyir

Ermənistan-Azərbaycan danışıqlarının dalana dirənməsinin, Cənubi Qafqazda dayanıqlı sülhün əldə edilməsindəki problemlərin yaranma səbəblərinin böyük bir qismi görüşlər üçün müxtəlif platformalarda vasitəçilik missiyasını üzərinə götürməyə çalışan Qərbin özündən qaynaqlanır. Başda Fransa və ABŞ olmaqla Almaniya, Niderland, Avstriya kimi ölkələrin, Avropa İttifaqı, Avropa Parlamenti kimi siyasi, UNESCO, Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi “humanitar” təşkilatların iki ölkə arasında uzun illərdir davam edən münaqişəyə ikili standartlarla yanaşmaları, reallıqların təhrif edilməsi regionda dinc qonşuluq münasibətlərinin formalaşmasına ən böyük əngəl olaraq qalmaqdadır. Sözdə beynəlxalq hüquqdan, insan haqlarından, ədalətdən dəm vuran Qərb öz maraqlarının pladstarmına çevirməyə çalışdığı Ermənistanı yeni fəlakətlərə sürükləyir. Nə qədər ki, Azərbaycana qarşı otuz ildən artıq işğalçılıq, etnik təmizləmə siyasəti yürütmüş rəsmi İrəvana fərqli yanaşma, təzyiq və cəza əvəzinə yardım siyasəti dəyişməyəcək, Ermənistan həmişəki kimi Cənubi Qafqazda sülhə ən böyük əngəl olaraq qalacaq...

Artıq tarixə çevrilmiş Qarabağ münaqişəsinin yaranma və sonrakı inkişaf proseslərinin analizi də göstərir ki, Qərb bu məsələdə heç zaman ədalətli mövqe sərgiləməyib. Əgər yuxarıda adları çəkilən dövlətlərin və təşkilatların timsalında beynəlxalq ictimaiyyət vaxtilə qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından qeydsiz-şərtsiz çıxarılması ilə bağlı BMT-nin qətnamələrinin icrasını Ermənistandan tələb etsəydi, həmçinin bir milyona yaxın azərbaycanlını öz ev-eşiyindən didərgin salan, qətliamlar törətməklə insan haqları ilə bağlı konvensiyaların tələblərini kobud şəkildə pozan düşmənə sanksiyalar tətbiq eməklə lazımi təzyiqi göstərsəydi Qarabağ problemi çoxdan həll edilmişdi. Ancaq məhz münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri olan ermənipərəst Fransanın, ABŞ-ın və Rusiyanın fəaliyyətsizliyinin nəticəsi idi ki, Ermənistan cəzasızlıqdan daha da azğınlaşaraq status-kvonu saxlamağa, torpaqlarımızın işğalını leqallaşdırmağa çalışırdı. Vətən müharibəsi və lokal antiterror tədbirləri sayəsində öz suveren ərazilərinin bütövlüyünü təkbaşına, heç bir beynəlxalq qurumun hərbi və siyasi yardımı olmadan bərpa etməyə məcbur olan Azərbaycanın bu gün regionda yaratdığı reallıqlara münasibət də göstərir ki, Qərb hadisələrə ikili standartlarla yanaşmasından əl çəkməyib.

Maraqlıdır, qalıb təhlükəsiz yaşamalarına zəmanət verilməsinə rəğmən özləri könüllü şəkildə Ermənistana getmək variantını seçmiş Qarabağın erməniəsilli sakinləri üçün milyonlarla dollarlıq maliyyə və humanitar yardımları göndərən, ölkələrinin parlamentlərində guya Azərbaycanın “etnik təmizləmə” apardığı böhtanı ilə qətnamələr qəbul edən Qərb ölkələrinin yadına Cənubi Qafqaz, Qarabağ indimi düşüb? Bəs Qərbi Azərbaycandan soydaşlarımız vəhşicəsinə qovulanda, Xocalıda, Ağdabanda, Meşəlidə, Qaradağlıda günahsız azərbaycanlılar soyqırımlara məruz qalanda, kəndlərimiz, şəhərlərimiz yandırılanda, dini abidələrimiz təhqir ediləndə, məscidlərimizdə donuzlar saxlanılanda harada idi vicdanlarını itirib, ədaləti “öldürən” ikiüzlü “insan haqları müdafiəçiləri”? Niyə həmin ölkələrin heç biri bircə dəfə olsun belə parlamentlərində Ermənistanın işğalçılıq siyasətini müzakirəyə çıxarmamışdı? Haradaydı bu gün ermənilərə yardımlar göndərən beynəlxalq humanitar təşkilatlar? Niyə otuz ildə bircə dəfə narahat olmadılar ki, bəs bu bir milyona yaxın qaçqının və məcburi köçkünün taleyi necə oldu, harada yaşayırlar, nəsə tapıb yeyə bilirlərmi? Yenə bütün çətinliklərə rəğmən dövlətimiz öz vətəndaşlarına ləyaqətlə sahib çıxmağı, onların sosial, mənzil-məişət problemlərini ən yüksək səviyyədə həll etməyi bacardı. Üstəlik, müharibənin bitməsindən cəmi üç il keçməsinə baxmayaraq bu gün artıq keçmiş məcburi köçkün olan vətəndaşlarımız uzun illərin həsrətindən sonra yenidən bərpa edilən, sıfırdan qurulan doğma yurd-yuvalarına qayıdışın sevincini yaşamağa başlayıblar...

Azərbaycan bütün addımları beynəlxalq qanunlar çərçivəsində atıb və bu gün heç kimin bizdən hesabat istəmək haqqı yoxdur. Əgər kimsə hesabat verməlidirsə bu, erməni lobbisinin kuklalarına çevrilmiş fransız senatorlar, amerikalı konqresmenlər, alman, holland deputatlar, ədalət prinsipini unutmuş Avropa Parlamentidir. Çünki Azərbaycanın illər boyu əziyyətini çəkdiyi Qarabağ probleminin mövcudluğunda, Cənubi Qafqazda bu gün sülhün bərqərar olmamasında müdafiəsinə qalxdıqları Ermənistan qədər onlar da günahkardırlar. İşğalçı dövləti yenidən silahlandırmağa çalışan, onun baş nazirini ayaq üstə alqışlayan, öz maraqlarını regionun dinc gələcəyindən üstün tutan riyakarlar bizdən ümumiyyətlə, heç nə tələb edə bilməzlər. Onlar bu haqqı çoxdan itiriblər. Vicdanlarını, ədalət hisslərini itirdikləri kimi...

Mahir Rəsuloğlu, “İki sahil”