20 oktyabr 2023 18:06
820

“Böyük Qayıdış” Azərbaycanın gücünə güc qatacaq

Uca Tanrı Azərbaycan xalqına humanizm, xeyirxahlıq, yüksək intellekt, tolerantlıq, qonaqpərvərlik və s. kimi gözəl insani keyfiyyətlər bəxş etmişdir. Lakin təəssüf ki, qonşu baxımından xalqımızın bəxti o qədər də gətirməmişdir. Cənubi Qafqaza sonradan köçürülüb gətirilmiş, Azərbaycan torpaqlarında gözü olan düşmənlərimizin işğalı nəticəsində 30 ildən artıq idi ki, soydaşlarımız qaçqın, məcburi köçkün kimi öz yurd-yuvalarından didərgin düşmüşdü. Öz güclü Liderinə arxalanan Azərbaycan xalqı əmin idi ki, bir gün mütləq öz doğma yurd-yuvalarına geri dönəcək. “Nəyi necə, nə vaxt etmək lazım olduğunu...” dəqiqliklə müəyyənləşdirən Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin bir əmri ilə rəşadətli Azərbaycan Ordusu Vətən torpaqlarının azadlığı uğrunda müqəddəs savaşa atıldı. Cəsur və yenilməz Vətən oğullarının şücaəti sayəsində 44 günlük Vətən müharibəsi Azərbaycan Respublikasının parlaq Zəfəri ilə sona çatdı. 30 ildən artıq düşmən tapdağı altında inləyən torpaqlarımız işğaldan azad edildi. Xalqımızın torpaq həsrəti, yurd nisgili qurub yaratmaq həvəsi, istəyi ilə əvəzləndi. Bununla da Qarabağdan, Şərqi Zəngəzurdan olan keçmiş məcburi köçkün vətəndaşlarımızın tarixi ata-baba yurdlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına imkan yarandı.

Bu gün dövlətimizin “Böyük Qayıdış” Milli Proqramı ölkə başçımızın və Azərbaycan hökumətinin əsas prioritetlərindəndir. Proqramın uğurla icrası istiqamətində işlər sürətlə gedir. Şərqi Zəngəzurda, Qarabağda genişmiqyaslı layihələr həyata keçirilir, infrastruktur qurulur, yeni kəndlər, şəhərlər salınır. Hələ 31 iyul 2023-cü ildə Cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdi. Bu gün “Böyük Qayıdış” proqramının icrasının mərhələləri üzrə  Laçına, Ağalıya, Zabuxa və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Şərqi Zəngəzurla paralel olaraq Qarabağa qayıdış da uğurla davam edir. Azərbaycan Respublikasının bütün ərazilərində suveren hüquqlarını ilk dəfə bərpa edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hakimiyyətə gəlişinin 20-ci ilində Xankəndində üçrəngli, ay ulduzlu bayrağımızı qaldırması kimi böyük tarixi hadisə, Ulu Öndər Heydər Əliyevin İlham Əliyevə özü qədər inanmasında və xalqımızın ona böyük etimad göstərməsində heç də yanılmadığını sübut etdi.

Müzəffər Ali Baş Komandan indi də azadlığına qovuşmuş torpaqlarımızda gedən quruculuq işlərinə öndərlik edir. Ölkə başçımız möhtərəm Prezident İlham Əliyev davamlı olaraq işğaldan azad edilmiş bölgələırimizə səfərlər edir və görülən bərpa-quruculuq işləri ilə yerindəcə tanış olur. Sözsüz ki, Qarabağa qayıdış planının ən vacib istiqaməti Füzuli şəhərinə qayıdışdan keçir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin növbəti səfəri Füzuli şəhərinə reallaşdı. Dövlət başçımız Füzulinin işğaldan azad olmasının 3-cü ilində, oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə iştirak etdi və Füzuli rayonuna yeni köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə səmimi şəkildə görüşdü. Cənab İlham Əliyev işğaldan azad olunmuş rayonlarımızın, həmçinin Fizuli rayonunun dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət edən, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsinə hesablanan “Böyük Qayıdış” proqramının icrası ilə yerində tanış oldu. Dövlətimizin başçısının “Füzuli Şəhəri Günü” tədbirində iştirak etməsi Fizuli sakinləri üçün əsl bayram abu-havası yaratmışdı. Cənab Prezident Fizuli sakinləri ilə görüşəndə sevinc hisslərini bölüşərək qeyd etdi: “Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür.” Ölkə başçımız əlavə etdi ki, şəhərin azad olunmasından ötən üç il ərzində Fizuli rayonunda “Böyük Qayıdış” proqramına uyğun geniş quruculuq işləri aparılmış rayon əhalisinin geriyə ləyaqətli köçü başlamışdır. Artıq sakinlər böyük sevinc gözyaşları və səbirsizliklə öz doğma yurdlarına geri dönürlər. Füzuli şəhər günündə gənc nəslin nümayəndələrinin çoxluğunu görən prezidentimiz bildirirdi ki, füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Onlar bu torpaqlar barədə ancaq sizin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq. Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu bir çox beynəlxalq ekspertlər də təsdiq edir. Xüsusilə, bildiyiniz kimi, Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilmişdir, Ağdamda və Zəngilanda şəhərsalma layihələrimiz təqdim edilmişdir. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki doğrudan da burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib. Yəni, rahat yaşamaq üçün bütün infrastruktur, şərait var. Bütün bərpa ediləcək şəhərlərimiz, Füzuli kimi olacaq. Çünki Füzulidə birinci şəhərsalma layihəsi icra edilir. Düzdür, laçınlılar füzulililərdən bir qədər tez öz doğma yurduna qayıtmışlar. Amma Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma apardıqları üçün orada binaların bəziləri qalmışdı və biz o evləri sadəcə olaraq bərpa etdik, ən gözəl şərait yaratdıq. Deməli, Laçının əvvəlki şəhərsalma mənzərəsi yerindədir. Burada isə şəhər tamamilə yenidən qurulur.

Doğurdan da, Azərbaycan əsgərinin qələbəsini xalqımızın torpaq sevgisi, onun əsl sakinlərinin işğaldan azad olmuş ərazilərdə qurub-yaratmaq eşqi möhkəmləndirir. Bu mənada Füzulilər doğma dədə-baba yurdlarına böyük həvəslə qayıdırlar. Artıq 800-dən çox füzulili rayonda yerləşdirilib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın sakinin yaşayacağı nəzərdə tutulub. “Böyük Qayıdış” proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq. Onların rahat yaşaması üçün ən yaxşı şərait yaradılıb. Yüksək zövqlə və müasir mühədis tələblərinə cavab verən tikililər Fizuliyə köçən sakinlərin rahat yaşaması üçün düşünülmüşdür.

Bu gün bütün işğaldan azad olan ərazilərimiz, o cümlədən Fizuli yenidən qurulur. 17 oktyabr 2023-cü ildə Cənab İlham Əliyev Fizuli şəhərinə səfəri çərçivəsində inzibati binanın, ikinci və üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, Qoçəhmədli, Cuvarlı kəndlərinin təməlini qoydu. Aylar ötdükcə burada yaşayanların sayı da təbii ki, artacaq. Artıq 800-dən çox insan Füzuli şəhərində yerləşib. İlin sonuna qədər Füzuli şəhərində təqribən 2 minə yaxın insan yaşayacaqdır. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Dövlət başçımız öz əminliyini vurğuladı ki, azad edilmiş və bərpa-quruculuq işlərinin sürətlə davam etdirildiyi bölgələrimizdə bundan daha böyük sayda insanlar məskunlaşacaq. Çünki birincisi, bizim buna gücümüz çatır, iradəmiz var, Böyük Qayıdış Proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər.

Ölkə rəhbərinin qeyd etdiyi kimi dövlətimizin əsas məqsədlərindən biri bu ərazilərdə qayıdan sakinlərin məşğulluğunun təmin olunmasıdır. Ümumilikdə götürdükdə Azərbaycan Respublikasında məşğulluq və özünüməşğulluq proqramları böyük uğurla icra edilir. Bunun üçün ciddi tədbirlər görülür. Bu proqramlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında da eyni uğurla icra ediləcək. Qarabağ iqtisadi zonasının, həmçinin Fizuli rayonunun özünəməxsus məşğulluq imkanları var. Fizulidə ənənəvi kənd təssərüfatı ilə məşğulluq ön plana çıxır. Dövlətimiz məşğul olacaq vətəndaşlara texnika ilə, mal-qara ilə, bütün lazımi vasitələri onlara təqdim etməklə yardım edəcək.

Doğurdan da, 30 ildən artıq ölkə iqtisadiyyatından ayrı düşmüş işğal edilmiş ərazilərimizin, o cümlədən Fizuli rayonunun “Böyük Qayıdış” proqramı ilə məskunlaşdırılması, təssərüfat quruculuğu ilə iqtisadi yüksəlişi iqtisadiyyatımızın, bütünlükdə isə böyük mənada Azərbaycanımızın gücünə güc qatacaq.

İstər Füzuli rayonunda, istərsə də işğaldan azad edilmiş digər ərazilərimizdə vandal ermənilər tərəfindən törədilmiş dəhşətli dağıntılar da diqqətdən kənarda qalmamalıdır. Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı kimi şəhərlərimiz və daha neçə-neçə yaşayış məntəqələrimiz vəhşi düşmən tərəfindən tamamilə dağıdılmış və yer üzündən silinmişdir. Artıq dünya ictimaiyyəti erməni vəhşiliyinin mahiyyətini görməkdədir. Azərbaycan xalqı isə qurub yaratmaq istəyi ilə alışıb yanır. İşğaldan azad edilmiş ərazilərimiz böyük tikinti meydançasını xatırladır. Şuşamız, Ağdamımız, Laçınımız bir sözlə dağıdılmış, vandal düşmən tərəfindən yer üzündən silinmiş şəhərlərimiz yenidən daha da gözəl tikilir. Bütün bunlar Azərbaycan Respublikasının öz imkanları hesabına edilir. Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq dövlət büdcəsində bu bərpa işlərinə kifayət qədər vəsait ayrılmışdır. Biz Müzəffər Ali Baş Komandanın sarsılmaz iradəsi ilə, xalqımızın şücaəti ilə Qarabağa və Şərqi Zəngəzura qayıdırıq və o diyarları cənnət məkana çevirəcəyik.

Elxan Hüseynov,
Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədri