20 oktyabr 2023 16:50
340

Füzuli şəhərinin erməni işğalından azad edilməsi Zəfər tariximizin şanlı səhifələrindən biridir

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 1993-cü ilin avqust ayında Füzuli rayonu işğal olundu.  30 ilə yaxın dövr ərzində ərzilərinin 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti siyasəti və dönməz iradəsi, həmçinin xalqımızın Fateh Sərkərdə ətrafında sıx birləşməsi sayəsində azad olundu. 44 günlük Vətən müharibəsi zamanı bütün dünyaya göstərilən şücaət və qəhrəmanlıq mücəssəməsi həm də yeni tarixin və reallıqların başlanğıcını qoydu. Azərbaycan işğalçı Ermənistana öz yerini göstərdi. Beynəlxalq aləm 2020-ci ildə apardığımız haqq-ədalət uğrundakı mübarizəmizin şahidlərinə çevrildi. Öz sahiblərini gözləyən torpaqlarımız, tarixi abidələrimiz, müqəddəs ocaqlarımız öz sahiblərinə qayıtdı.  Oktyabrın 17-də xalqımız Füzuli şəhərinin işğaldan azad edilməsinin üçüncü ildönümünü qeyd edir.  İşğala məruz qalan qədim yaşayış məskənlərimizdən biri də ərazilərinin xeyli hissəsi 27 il işğalçı Ermənistan silahlı birləşmələrinin və terrorçularının nəzarəti altında qalan, Azıx mağarasının yerləşdiyi Füzuli rayonudur. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri idi. Füzuli Vətən müharibəsinin ilk günündən son gününədək ərazisi uğrunda döyüşlərin gərgin aparıldığı rayonlardandır. Cəbhədən gələn qələbə müjdələri xalqımızı daha da qürurlandırır, tezliklə 30 ilin işğalına son qoyulacağına əminlik yaradırdı. Hər gün bir şəhərin, yaşayış məntəqəsinin azadlığa qovuşması ilə yadda qaldı. Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında  dayana bilməyən erməni silahlı qüvvələri hərbi texnikanı, silah-sursatı qoyub qaçdı. Torpaq, Vətən sevgisini döyuş ruhunun artmasında qabarıq şəkildə büruzə verən Azərbaycan Ordusu hər gün irəli getdi.   Tarixi Zəfərimiz bir daha sübut etdi ki, dünyanın ən güclü ordusu Azərbaycan Ordusudur. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Müzəffər Ali Baş Komandanın xilaskarlıq missiyası nəticəsində 44 gün ərzində Füzulinin şəhər mərkəzi ilə yanaşı, 53 kəndi erməni işğalından azad edildi. Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edən Füzuli əməliyyatı ilə qədim yaşayış məskənimiz işğaldan azad olundu. Azərbaycan Ordusu döyüş meydanında xalqımızın qisasını aldı və həlak olanların qanı yerdə qalmadı. Ermənistan Füzuli istiqamətində cəbhə xəttini olduqca gücləndirmişdi, bir neçə mərhələli müdafiə mövqeləri yaratmışdı. Lakin qəhrəman Azərbaycan əsgərinin gücü və əzmi qarşısında bu mövqelər tab gətirə bilmədi və elə ilk həmlədə ələ keçirildi.

Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə 2021-ci ilin oktyabr ayının 26-da açılışı baş tutan Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olundu. Bu hadisə eyni zamanda, Azərbaycan və Türkiyə qardaşlığının, həmrəyliyin nümayişi baxımdan region dövlətlərinə bir mesaj idi. İşğaldan azad edilmiş ərazilərimizə səfərlərini bu aeroport vasitəsilə reallaşdıran xarici qonaqlar  gördükləri mənzərələrdən heyrətlərini gizlətmirlər. Bir tərəfdə ermənilərin illərdir törətdikləri dağıntılar, digər tərəfdə isə Azərbaycan dövlətinin öz gücü, daxili imkanları hesabına həyata keçirdiyi bərpa-quruculuq işləri  yer alır.

2020-ci ilin noyabrınn 26-da "Füzulinin azad olunmasına görə"' medalı təsis edildi. Azərbaycan Ordusunun 25301 hərbi qulluqçusu Prezident İlham Əliyevin sərəncamları ilə bu medalla təltif edilmişdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İşğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözü gedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunub.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri